“Rosatom” 2026-cı ildə Qırğızıstanda 100 MVt gücündə külək elektrik stansiyasının tikintisinə start verməyi planlaşdırır.
News365.az xəbər verir ki, bu barədə şirkətin Bərpa Olunan Enerji üzrə baş direktoru Qriqori Nazarov TASS-a açıqlamasında məlumat verib.
Nazarov bildirib ki, noyabr ayında stansiyanın şəbəkəyə qoşulma şərtləri alınıb və bu, layihələndirmə işlərinə başlamağa imkan yaradıb. O əlavə edib ki, hazırda obyekt üçün ümumi plan, yer və birləşmə planları müəyyənləşdirilib. “Biz konkret texniki parametrləri əldə etmişik və indi stansiyanın təfərrüatlı layihələndirmə işlərinə başlayırıq”, – deyə Nazarov vurğulayıb.
Yeni stansiya Qırğızıstanın bərpa olunan enerji mənbələrinin inkişafına töhfə verəcək və ölkənin enerji təhlükəsizliyini artıracaq.