Regionda baş verən proseslər fonunda Gürcüstanla quru sərhədlərin açılıb-açılmayacağı mövzusu yenidən gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Xüsusilə, karantin rejiminin müddətinin uzadılması və ölkə daxilində aparılan əməliyyatlar fonunda ictimaiyyət qarşıdakı ildə sərhədlərin taleyinin necə olacağını maraqla gözləyir.
Mövzu ilə bağlı siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, hazırki vəziyyətdə sərhədlərin açılması real görünmür.
Onun sözlərinə görə, Azərbaycanda karantin rejimi yanvarın 1-nə qədər uzadılıb və bu, quru sərhədlərin yaxın zamanda açılmayacağı ehtimalını gücləndirir:
“Karantin rejiminin uzadılması o deməkdir ki, quru sərhədlərin açılması hazırda gündəmdə deyil. Düşünürəm ki, ilin sonunda məsələyə daha çox aydınlıq gələcək. Amma indiki şəraitdə sərhədlərin açılması mümkünsüz görünür.”
Siyasi şərhçi əlavə edib ki, ehtimallara görə karantin rejiminin müddəti aprelin 1-nə kimi yenidən uzadıla bilər:
“Bununla bağlı xəbərlərə rast gəlinir. Ölkə daxilində agentura şəbəkəsinə aid bəzi şəxslərin həbsləri həyata keçirilir və bu prosesin davam edəcəyi bildirilir. Bu isə hökumətə sərhədlərin açılmasını bir müddət də ertələməsi üçün əsas verir.”
Cavanşir Abbaslının fikrincə, hətta gələn ilin ilk yarısında belə quru sərhədlərin açılması ehtimalı çox aşağıdır. Bununla belə, o, məsələnin əhəmiyyətini vurğulayıb:
“Quru sərhədlərin açılması çox mühümdür. İnsanlarda artıq immunitet formalaşıb və sərhədlərin bağlı qalmasına müəyyən qədər öyrəşiblər. Amma istənilən halda bir ölkənin quru sərhədlərinin uzun müddət bağlı qalması yaxşı hal deyil. Xüsusilə də qonşu Gürcüstanla sərhədlərin bağlı qalması sadə vətəndaşların cibinə birbaşa təsir edir.” /// KONKRET.az