Quranda fəlsəfəyə təşviq- Tural İrfan yazır

Quranda fəlsəfəyə təşviq- Tural İrfan yazır
09:34
Bir çox surə və ayələrdə insanlara təfəkkür etmək yaxud düşünmək əmr olunur. İp ucları, nümunələr verilir ki, ağıllarını işlətsinlər, oxuyub, baxıb, araşdırıb Quran təbiri ilə desək, Allaha tam yəqinliklə, yəni şübhə etmədən inansınlar. Ona görə bir çox yerdə kəlamın sonunda "heç düşünmürsünüzmü?", "ağlınızı işlətmirsinizmi?", "təfəkkür etmirsinizmi?" deyə diqqət çəkilir.
"Ğaşiyə" surəsində deyilir: "Dəvəyə baxırlarmı necə yaradılıb? Göyə baxmırlarmı necə ucaldılıb? Dağlara baxmırlarmı necə sancılıb? Yerə baxmırlarmı necə döşənib?.."
Bunlar hamısı elmin dərinliyinə, zoologiya, anatomiya, biologiya, fizika, coğrafiya, geologiya, astronomiyaya təşviqdir. Çünki insan bu elmləri öyrənməklə Yaradanı tam kamil şəkildə tanıya, anlaya, dərk edə bilər. Kainat özü Allahın ən kamil əsəridir. Allah əslində bu əsəri oxumağı əmr edir bəşəriyyətə. Quran bir proqramdır. Bu proqram vasitəsi ilə istiqamət mesajı verilir insanlığa...
Hətta İbrahim peyğəmbərin timsalında Allah təala ağıl və elm sahiblərini fəlsəfəyə, hikmətə təşviq edir. "Ənam" surəsi 76-79-cu ayələrdə deyilir:
"Beləcə, yəqinliklə iman gətirənlərdən olması üçün İbrahimə göylərin və yerin səltənətini (əzəmətini) göstərdik.
Gecənin qaranlığı onu bürüdüyü zaman o, bir ulduz gördü və dedi: “Bu mənim Rəbbimdir!” Ancaq (ulduz) batdığı zaman: “Mən batanları sevmirəm”. – dedi.
Ay doğarkən onu görən zaman belə dedi: “Bu mənim Rəbbimdir!” O batdığı zaman isə: “Şübhəsiz, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, zəlalətə düşən qövmdən olardım”, - dedi.
Günəşi doğarkən görən zaman isə: “Bu mənim Rəbbimdir. Bu daha böyükdür”, - dedi. Ancaq o da batdığı zaman belə dedi: “Ey qövmüm, mən həqiqətən, sizin (Allaha) şərik qoşduğunuz şeylərdən uzağam.
Mən hənif olaraq üzümü göyləri və yeri yaradan Allaha çevirdim. Mən Allaha şərik qoşanlardan deyiləm!”
Allah istəsəydi İbrahimin qəlbinə birbaşa kamil iman bəxş edərdi. Ancaq o, istədi ki, İbrahim özü düşünsün, dərk etsin, araşdırsın, tanısın və yəqinliyi daha qəti olsun.
Ay və Günəş barədə düşünür, onları tanrı sanır, lakin batdığını görür, təfəkkür edir, fəlsəfə yürüdür və Yaradanın qeyb olmamalı olduğu nəticəsinə gəlir. Onların xaliq deyil, məxluq olduğunu dərk edir və deməli həmin varlıqların bir yaradanı olduğunu anlayır...
Bax, bunun adı fəlsəfədir.
Quran İbrahimin peyğəmbərlikdən əvvəl filosof olduğunu qeyd edir. Peyğəmbərlik filosofluqdan daha üstün olduğu üçün sonrakı mərhələdə artıq həqiqətlər ona düşüncəsi vasitəsi ilə deyil, vəhy yolu ilə agah olmağa başlayır...
Tural İrfan, MCP sədrinin müavini, politoloq