Bir neçə gündür sosial şəbəkələrdə Gürcüstanda qətl törətməkdə təqsirləndirilən bir şəxsin yaxınlarının öldürülənin ailəsindən diz çökərək üzr istəməsini əks etdirən görüntülər yayılıb. Görüntülər sözügedən hadisənin hansı şəraitdə və necə baş verməsinə dair suallar doğurub.
News365.az xəbər verir ki, hadisə ölkənin Kazbeqi rayonunda qeydə alınıb.
Bildirilib ki, qətli törətməkdə şübhəli bilinən və öldürülən şəxs qonşu olublar. Pasxa zamanı bayram süfrəsi arxasında tərəflər arasında dava düşüb. Bu zaman 33 yaşlı Paata Kuşaşvili qonşusu 47 yaşlı Qiya Xaikaşviliyə bıçaqla 10-dan çox zərbə endirib və hadisə yerindən qaçıb. Xəstəxanaya çatdırılan Xaikaşvilinin isə həyatını xilas etmək mümkün olmayıb.
Ölkə mediası yazır ki, qonşular arasında davaya səbəb “verilmiş vədin yerinə yetirilməməsi” olub. Kuşaşvili isə insidentdən iki gün sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Bunun ardınca, təqsirləndirilən şəxsin ailəsindən təqribən 20 nəfər Xaikaşvilinin dəfn mərasimi zamanı onun evinə gələrək üzr istəmək məqsədilə diz çöküblər. Bir müddət sonra hər iki ailənin üzvləri bir-birilərinin əlini sıxaraq barışıq nümayiş etdiriblər.
Qeyd olunub ki, Kazbeqidə icmalar arasında həmrəylik çox güclüdür. Bu təcrübə tərəflərin barışmağına və qan davasının qarşısının alınmasına imkan verir.