Qədir Mikayılov rüşvət iddiasına CAVAB VERDİ

Qədir Mikayılov rüşvət iddiasına CAVAB VERDİ
21 Sen 2024 11:50

Sumqayıtda məktəb rəhbərliyinin rüşvət alması ilə bağlı iddialara aydınlıq gətirilib.

News365.az xəbər verir ki, Sumqayıt24-ə açıqlama verən 21 saylı məktəbin direktoru Qədir Mikayılov bildirib ki, adıçəkilən təhsil müəssisəsi təmirə bağlandığı üçün şagirdlər müvəqqəti digər məktəblərə köçürülüb.

Onun sözlərinə görə, anlaşılmaz vəziyyət 5 D sinif şagirdlərinin valideynləri ilə yaşanıb. Belə ki, imtahanlarda yaxşı nəticə göstərən uşaqlar prioritet siniflərdə təhsil almaq şansı əldə ediblər. Zəif nəticə göstərən şagirdlərin valideynləri isə sinfin bölünməməsi ilə razılaşmayıblar. Məktəb direktoru iddia edir ki, bunun qarşılığında valideynlər ona pul təklif ediblər:

“Şagirdləri elektron qaydada imtahan etdik. Nəticə ürəkaçan olmadı.  Mənə 12 valideyn yaxınlaşıb dedi ki, biz istəmirik ki, 5-ci sinif bölünsün əvvəlki qayda ilə davam etməyin tərəfdarıyıq. Dedim ki, 26 uşağın valideyni ərizə yazsın ki, biz prioritet siniflərdə oxumaq istəmirik.

Valideynlərdən biri ötən gün mənə yaxınlaşıb dedi ki, 11 nəfər razılaşmışıq. Mən ona yenidən bildirdim ki, təkcə sizin sözünüz keçərli deyil bütün valideynlərin imzası olmalıdır. Daha sonra məni razı salmaq üçün öz aralarında pul yığıblar. Onlar mənim otağıma gəlib pul təklif edəndə mən onları otaqdan qovdum və yenidən bildirdim ki, digər valideynlərin imzası olmasa, mən qərarımı dəyişməyəcəm. Dedim ki, sözünüz bir olsun, ürəyiniz necə istəyirsə edək”.

Məktəb direktoru iddiaların tamamilə əsasız olduğunu bildirib. Pulun özü tərəfindən deyil, valideyn komitəsinin sədri tərəfindən yığılması məsələsinə də aydınlıq gətirib:

“İddialar əsasızdır. Pul tələb olunmayıb. Hansısa valideyn öz təşəbbüsü ilə digər valideynlərdən yığıb. Bunu valideyn komitəsinin sədri etməyib. Demişəm ki, kim yığıbsa bütün valideynlərə həmin məbləğ geri qaytarılsın. Mən, yaxud da hansısa bir müəllim heç kəsi çağırıb deməmişik ki, kimdənsə pul yığın”.

Bundan başqa direktor pul aldıqdan sonra uşaqların yenidən öz siniflərinə qaytarılması ilə bağlı  iddialara da toxunub.

“İki şəhid anası yaxınlaşıb xahiş etdi ki, nəvələrini həmin qruplara keçirək. Mən də dedim: Sizə canım qurban, harada istəyirsinizsə orada da oxusunlar”.

Məsələ ilə bağlı Sumqayıt24-ə Abşeron-Xızı Regional Təhsil İdarəsindən verilən açıqlamada bildirilib ki, sözügedən məsələ qurum tərəfindən nəzarətə götürülüb, araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada