Prezident İlham Əliyev: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur”
Azərbaycan xalqının milli kimliyini, mədəni
varlığını və tarixi yaddaşını yaşadan əsas amillərdən biri ana dilidir. Ana
dili təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın ruhunun, düşüncə tərzinin,
ədəbi və mənəvi dünyasının daşıyıcısıdır. Bu baxımdan, ana dilinin qorunması,
inkişaf etdirilməsi və dövlət dili səviyyəsinə yüksəldilməsi hər bir xalq üçün
strateji və taleyüklü məsələdir. Azərbaycanın müasir tarixində bu istiqamətdə
ən mühüm və qətiyyətli addımların müəllifi isə Ulu Öndər Heydər Əliyev olmuşdur.
SSRİ dövründə rus dilinin dominantlığı
şəraitində ittifaq respublikalarının yerli dilləri sıxışdırılır, dövlət
idarəçiliyində və ictimai həyatda rus dili üstün mövqe tuturdu. Belə bir
şəraitdə Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsi
son dərəcə mürəkkəb və həssas məsələ idi. Ulu Öndər Heydər Əliyev bu məsələdə
daim prinsipial və cəsarətli mövqe nümayiş etdirmiş, xalqın milli-mənəvi
dəyərlərinin qorunmasına çalışmışdır.
1970-ci illərdə Azərbaycan SSR-də rəhbər
vəzifəyə gəldikdən sonra Heydər Əliyev ana dilinin nüfuzunun artırılması
istiqamətində bir sıra mühüm təşəbbüslərlə çıxış etdi. O, təhsil
müəssisələrində Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetirdi, dövlət
idarəçiliyində, mətbuatda və ictimai həyatda bu dilin daha geniş istifadə
olunmasına şərait yaratdı. Ulu Öndərin ana dilinə olan xüsusi münasibətinin
bariz nümunəsi 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR-in Konstitusiyasıdır.
O dövrdə Sovet İttifaqında belə bir təşəbbüs çox nadir və cəsarətli addım hesab
olunurdu. Çünki mərkəzi hakimiyyət rus dilini ümumi ünsiyyət vasitəsi kimi
tanıyır, yerli dillərin hüquqlarını məhdudlaşdırmağa çalışırdı.
Lakin Heydər Əliyevin prinsipiallığı
nəticəsində 1978-ci il Konstitusiyasının 73-cü maddəsində “Azərbaycan SSR-in
dövlət dili Azərbaycan dilidir” müddəası yer aldı. Bu, təkcə hüquqi sənəd
deyildi, həm də milli şüurun formalaşması, milli özünüdərk prosesinin
sürətlənməsi baxımından böyük tarixi hadisə idi. Ulu Öndər həmin dövrdə açıq
şəkildə bildirirdi ki, hər bir vətəndaşın ana dilində təhsil almaq hüququ təmin
olunmalıdır. O, SSRİ Konstitusiyası barədə danışarkən də bu məsələyə xüsusi
önəm verərək demişdi: “Bu Konstitusiya vətəndaşlara təhsil hüququ verir. Bu
hüquq isə ana dilində oxumaq imkanı ilə təmin olunmalıdır.”
Azərbaycan müstəqillik qazandıqdan sonra
Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. O,
milli dövlət quruculuğu prosesində dil siyasətini prioritet istiqamətlərdən
biri elan etdi. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycan Respublikasının
Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu.
Konstitusiyanın 21-ci maddəsində açıq şəkildə qeyd olunur ki, “Azərbaycan
Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan dövləti Azərbaycan
dilinin inkişafını təmin edir.”
Ulu Öndərin təşəbbüsü ilə dövlət dili
sahəsində normativ-hüquqi baza gücləndirildi. 2001-ci il 18 iyun tarixində
“Dövlət dili haqqında” Qanun qəbul edildi və bu sənəd Azərbaycan dilinin hüquqi
statusunu daha da möhkəmləndirdi. Həmçinin, Ulu Öndərin Sərəncamı ilə 1 avqust
– Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan olundu. Bu, milli dəyərlərə
verilən önəmin növbəti təsdiqi idi. Heydər Əliyev gənclərin və ziyalıların
milli dəyərlər uğrunda səfərbər olunmasına böyük önəm verirdi. O, dəfələrlə
vurğulayırdı ki, xalqın gələcəyi gənclərin milli-mənəvi dəyərlərə, o cümlədən
ana dilinə bağlılığından asılıdır. Ulu Öndər bildirirdi: “Müxtəlif dillərə
mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər
bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu
dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin
milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan
dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu
dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili
etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini
mütləq hakim dil etməliyik”. Bu sözlər təkcə bir siyasi liderin deyil, həm də
xalqının tarixinə və taleyinə dərindən bələd olan bir müdrik şəxsiyyətin
düşüncələrinin ifadəsidir.
Ulu Öndər
Heydər Əliyevin ana dilimizə göstərdiyi qayğı, onun dövlətçilik siyasətinin
əsas dayaqlarından biri olmuşdur. Bu siyasi irs bu gün Prezident İlham Əliyev
tərəfindən dönmədən davam etdirilir. Dövlət başçısı Azərbaycan dilinin
qorunması, təbliği və zənginləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul
etmiş, ardıcıl tədbirlər həyata keçirmişdir.
Prezident
İlham Əliyev dəfələrlə ana dilinin milli kimliyimizin təməli olduğunu
vurğulayaraq bildirir ki: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici
kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi
qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin
etməliyik”. Bu prinsipə uyğun olaraq, Prezidentin imzaladığı sərəncam və
fərmanlar nəticəsində Azərbaycan dili ilə bağlı hüquqi baza daha da
gücləndirilmiş, dilin düzgün istifadəsi və normativliyinin təmin olunması
istiqamətində tədbirlər genişləndirilmişdir. 2018-ci ildə Prezident İlham
Əliyev tərəfindən imzalanmış “Azərbaycan dilinin saflığının qorunması və dövlət
dil siyasətinin daha da təkmilləşdirilməsi haqqında” Sərəncam bu sahədə yeni
mərhələnin əsasını qoymuşdur. Həmçinin dilin tədrisi sahəsində də ciddi
islahatlar aparılır. Təhsil müəssisələrində Azərbaycan dili dərslərinin
keyfiyyəti artırılmış, dilin düzgün və mənalı istifadəsinə yönəlik yeni
proqramlar hazırlanmışdır. Medianın, reklamların və rəsmi sənədlərin dilinin
normativ şəkildə işlədilməsi üçün müvafiq nəzarət mexanizmləri
gücləndirilmişdir.
Prezident
İlham Əliyev həm də Azərbaycan dilinin beynəlxalq səviyyədə tanıdılması, dünya
azərbaycanlılarının milli-mənəvi dəyərlər, xüsusilə dil birliyi ətrafında
birləşdirilməsi istiqamətində uğurlu addımlar atmışdır. Heydər Əliyev Fondunun
bu istiqamətdəki fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Fondun prezidenti,
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
ölkə daxilində və xaricdə keçirilən mədəni tədbirlərdə Azərbaycan dili və
mədəniyyəti əsas mövzulardan biri kimi çıxış edir. Beləliklə, Ümummilli Lider
Heydər Əliyevin Azərbaycan dili ilə bağlı formalaşdırdığı dövlət siyasəti bu
gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ana dilimiz həm
ölkə daxilində, həm də beynəlxalq arenada milli kimliyimizi ifadə edən əsas
dəyər kimi qorunur və inkişaf etdirilir. Bu ardıcıl və milli təməlli siyasət
sayəsində Azərbaycan dili bu gün güclü və müstəqil dövlətin rəsmi dili kimi öz
tarixi missiyasını davam etdirir.
Nəbi Ağayev
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya
İnstitutunun
PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə
müdiri