“İpək Yol”u Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi çərkəz araşdırmaları ilə əlaqədar tədbirləri davam etdirir. 2025-ci il iyulun 30-da bu silsilədən növbəti onlayn konfrans baş tutub. “Çərkəzlərin haqq davası və tarixi ədalət arayışı” adlı toplantıya ABŞ, İsrail, Polşa və Türkiyədən çərkəz icmasının tanınmış xadimləri, QHT sədrləri qatılıb.
Konfransda Çar Rusiyası, SSRİ və ondan
sonrakı dövrdə çərkəz xalqına qarşı məqsədyönlü kütləvi qətllər və
deportasiyalar diqqət mərkəzində olub.
Çərkəz irsi üzrə tədqiqatçı-jurnalist,
“Kavkazskiy uzel” layihəsinin rəhbəri Beslan Kmuzov bildirib ki, çərkəzlərin
soyqırımına məruz qalması BMT səviyyəsində tanınmalıdır.
Türkiyədə çərkəz icmasının nümayəndəsi
Selcuk Ulutaş qeyd edib ki, çərkəz xalqının qanını axıtmış rus generallarına çərkəzlərin
sıx yaşadığı Şimali Qafqaz regionlarında Rusiya hakimiyyəti tərəfindən heykəllər,
abidələr ucaldılıb, bu, çərkəzlərin milli qüruruna toxunur. O, bildirib ki, Azərbaycan
xalqı da soyqırımılarına uğrayıb, ona görə də Azərbaycanda çərkəzlərin problemləri
çox yaxşı başa düşülür. S.Ulutaş Azərbaycanın əzilən, müstəmləkə zülmünə məruz
qalan xalqların səsinin çarçısı olduğunu bildirib, bu mənada tarixi ədalət
arayışında olan çərkəzlər üçün Azərbaycanın böyük ümid yeri olduğunu qeyd edib.
Birləşmiş Çərkəz Şurasının üzvü Rüstəm
Xujayev deyib ki, çərkəzlər daim dinc həyat arzusu ilə yaşayıb, məcburi sürgün
və deportasiyadan sonra sığındıqları yerlərdə - Amerika, İordaniya, İsrail,
Əfqanıstan, Türkiyə və digər ölkələrdəki həyat yolları da bunu sübut edib.
R.Xujayev vurğulayıb ki, çərkəzlər doğma yurdlarına qayıtmaq həsrəti ilə
yaşayır, tarixi ədalətin bərqərar olacağına inanırlar. O, bildirib ki, çərkəzlərə
qarşı soyqırımıları dünya birliyi tanımalıdır. Birləşmiş Çərkəz Şurasının üzvü
Rusiya hakimiyyətini çərkəz icmasının fəallarına qarşı təqiblərə, təhqirlərə
son qoymağa çağırıb.
Çərkəz Siyasi Mərkəzinin NyuYork bölməsinin
rəhbəri Marianna Şeru çərkəzlərin didərgin salınmasına baxmayaraq, milli
yaddaşını, mədəniyyətini, kimliyini itirmədiyini bildirib. M.Şeru Qafqazın dəyişən
siyasi mənzərəsini diqqətlə izlədiklərini, Azərbaycanın zəfər təcrübəsi ilə fəxr
etdikərini qeyd edib. O, Azərbaycan ictimaiyyətindən və dövlətindən çərkəzlərin
problemlərinin dilə gətirilməsi üçün kömək istəyib.
Tarixçi-alim Ramin Əlizadə Azərbaycan və çərkəz
xalqlarının tarixi faciələrinin və talelərinin oxşarlığını diqqətə çatdırıb. O,
deyib ki, rus işğalı təkcə torpaqlara qarşı deyil, eyni zamanda toponimlərə
qarşı da soyqırımı edib. Məsələn, “Şase” indi “Soçi” olub. R.Əlizadə çərkəzlərin
başına gətirilmiş tarixi faciələrin üzə çıxarılması üçün arxivlərdə iş
aparılmasının vacibliyini diqqətə çatdırıb.
İsraildən qafqazşünas, tarixçi-alim və
jurnalist, Çərkəz Şurasının sədrinin müşaviri Avraam Şumleviç Rusiyanın
qeyri-ruslara qarşı irqçi siyasətinin dayandırılmasını tələb edib.
“İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar
İctimai Birliyinin sədri Aida Eyvazova Göytürk bildirib ki, çərkəzlərə qarşı
qeyri-humanist rəftar Azərbaycan ictimaiyyətini də sarsıdır, Azərbaycan QHT-ləri
ilə çərkəz QHT-ləri arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar
vardır. O, rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə fəaliyyətinindən bəhs
edib. “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədr müavini
Ülkər Eyvazova isə bildirib ki, öz mədəniyyətini ruhunda, qanında daşıyan, dilini
qoruyan xalqlar ölmürlər, o, çərkəz xalqının bütün məşəqqətlərə baxmayaraq,
mübarizə əzmini yüksək qiymətləndirib.
“Çərkəzlərin Milli Hərəkatı”nın Avropa üzrə nümayəndəsi
İbrahim Yaqanov bildirib ki, Qarabağ at cinsi ilə kabardin cinsi bir-biri ilə
sıx əlaqəli olub, o, bu cinslər arasında əlaqələrin canlandırılmasını təklif
edib. İ.Yaqanov çərkəzlərin azərbaycanlılarla birgə gələcəkdə at yarışları təşkil
etməsinə də inandığını ifadə edib.
Yekunda konfrans iştirakçıları QHT-lər
arasında əməkdaşlığın davam etdirilməsini təqdir ediblər, “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar
İctimai Birliyinə bu fəaliyyətə görə minnətdarlıq ediblər.AA