1 avqustun Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi, dilimizə verilən yüksək dəyərin bariz nümunəsidir
Azərbaycan dili – tariximizin,
mədəniyyətimizin, milli şüurumuzun əsası və xalqımızın mənəvi varlığının
ayrılmaz hissəsidir. Minilliklər boyu formalaşaraq bu günə qədər gələn ana
dilimiz təkcə ünsiyyət vasitəsi deyil, həm də milli kimliyimizin,
müstəqilliyimizin və dövlətçiliyimizin rəmzidir. Bu səbəbdən, onun qorunması və
inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə
çevrilmişdir. 20-ci əsrin sonları və 21-ci əsrin əvvəlləri Azərbaycan üçün həm
siyasi, həm də mədəni baxımdan mühüm mərhələlərdən biri idi. SSRİ-nin
süqutundan sonra ölkəmiz öz müstəqilliyini bərpa etdi və bununla paralel olaraq
milli-mənəvi dəyərlərin, o cümlədən dövlət dilinin qorunması məsələsi daha da
aktuallaşdı. Məhz bu mərhələdə Azərbaycan dilinin dövlət statusunun
möhkəmləndirilməsi və ümummilli səviyyədə dəyərləndirilməsi zərurəti ortaya
çıxdı.
Ulu Öndər
Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan
dili gününün təsis edilməsi haqqında” Fərmanı bu istiqamətdə mühüm tarixi
hadisə oldu. Fərmana əsasən, hər il 1 avqust ölkəmizdə Azərbaycan əlifbası və
Azərbaycan dili günü kimi qeyd olunur. Bu qərar təkcə bir tarix təyini deyil,
həm də ana dilimizin ictimai-siyasi və mənəvi həyatımızdakı yerinin rəsmi
şəkildə tanınması idi. Həmçinin bu tarixi qərar milli-mənəvi dəyərlərimizin
qorunması və yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan
dili xalqımızın kimliyinin, milli ruhunun və tarixi yaddaşının daşıyıcısıdır.
Qloballaşma dövründə dilimizin saflığının qorunması, inkişaf etdirilməsi və
gələcək nəsillərə ötürülməsi məsələsində Ulu Öndərin gördüyü işlər və
göstərdiyi prinsipial mövqe xalqımız üçün əvəzolunmaz töhfələrdən biridir.
Heydər Əliyev Azərbaycan dilinin dövlət dili statusunda möhkəmlənməsinə, onun
tədrisinin genişlənməsinə və beynəlxalq aləmdə tanıdılmasına daim xüsusi diqqət
göstərmişdir. Bu istiqamətdə atılan hər bir addım dilimizin qüdrətini və
xalqımızın milli mənsubiyyətini daha da möhkəmləndirmişdir. Ümummilli lider
Heydər Əliyev demişdir: “Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm.
Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə
bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı
da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb”.
Ulu Öndər Heydər Əliyev dil məsələsinə hər
zaman xüsusi həssaslıqla yanaşmış, onu milli dövlət quruculuğunun əsas
sütunlarından biri hesab etmişdir. 1995-ci ildə Azərbaycan Respublikasının
Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı
müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana
dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən
sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın
21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili
olması öz əksini tapmışdır. Bundan əlavə, latın qrafikalı Azərbaycan əlifbasına
keçid də məhz Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir. Bu keçid milli
mədəniyyətimizin müasir dövrdə beynəlxalq inteqrasiya prosesinə
uyğunlaşdırılmasına şərait yaratdı.
Qloballaşmanın
sürətlə artdığı müasir dünyada bir çox kiçik xalqların və dillərin
assimilyasiyaya uğraması reallıqdır. Bu baxımdan Azərbaycan dilinin qorunması
və inkişafı yalnız dövlətin deyil, hər bir vətəndaşın mənəvi borcudur.
Azərbaycan dilinin tədrisinin genişləndirilməsi, onun elmi, texniki və rəqəmsal
sahələrdə istifadəsinin təmin olunması, ədəbi dil normalarının qorunması bu
sahədə əsas hədəflərdən biridir. Hazırda Azərbaycan dili təkcə ölkə daxilində
deyil, eyni zamanda xaricdə yaşayan soydaşlarımız üçün də ana dili funksiyasını
daşıyır. Diaspor təşkilatları, mədəniyyət mərkəzləri və təhsil ocaqları
vasitəsilə Azərbaycan dili təbliğ olunur və gələcək nəsillərə ötürülür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Ulu Öndərin bu sahədəki
siyasətini uğurla davam etdirir. Prezident İlham Əliyev Azərbaycan dili
haqqında demişdir: “Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Zənginliyi
nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri
vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin
dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə
bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən
edir. Ümummillli Lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması
üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil
mövqeyini vurğulayırdı. Ümummmili Liderin təşəbbüsü ilə hər il Azərbaycanda
avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur”. Ölkə
başçısının Azərbaycan dili ilə bağlı imzaladığı sərəncamlar və sonrakı illərdə
reallaşdırılan layihələr ana dilimizin gələcək nəsillərə təmiz, zəngin və
müasir tələblərə cavab verən şəkildə çatdırılmasına xidmət edir. Xüsusən müasir
dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il
9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın
güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından
mühüm tarixi hadisədir. Bundan əlavə, Azərbaycan Milli Elmlər Akademiyası, Elm
və Təhsil Nazirliyi, Medianın İnkişafı Agentliyi və digər qurumlar tərəfindən
dilin inkişafına dair müxtəlif elmi-praktik tədbirlər həyata keçirilir, ədəbi
dilin norma və qaydaları təbliğ olunur.
1 avqustun
Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi, dilimizə
verilən yüksək dəyərin bariz nümunəsidir. Bu gün, eyni zamanda, hər bir
azərbaycanlının ana dilinə olan sevgisinin, hörmətinin və məsuliyyətinin
təcəssümüdür. Dilimizi yaşatmaq, onu inkişaf etdirmək və gələcək nəsillərə saf
şəkildə ötürmək həm vətəndaşlıq borcumuz, həm də milli kimliyimizi qorumağın ən
vacib yollarından biridir.
Ulu Öndər
Heydər Əliyevin dövlət dili uğrunda apardığı mübarizə milli ideologiyanın əsas
dayaqlarından birinə çevrilmişdir. Onun ana dilinə olan sevgisi, bu dilin
hüquqlarının qorunması və inkişafı istiqamətində atdığı cəsarətli addımlar
sayəsində bu gün Azərbaycan dili müstəqil dövlətimizin rəsmi dili olmaqla
yanaşı, həm də xalqımızın milli kimliyinin rəmzinə çevrilmişdir. Bu mübarizə
Ulu Öndərin tarixi irsinin ən şərəfli səhifələrindən biri olaraq daim yaşayacaq
və gələcək nəsillər üçün örnək olacaqdır.
Zenfira
Nurullayeva
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
xor ixtisası üzrə müəllimi,
Azərbaycan Respublikasının Əməkdar müəllimi