Etibarnamə ilə avtomobil alanlara XƏBƏRDARLIQ

Etibarnamə ilə avtomobil alanlara XƏBƏRDARLIQ
11:35

“Avtomobili etibarnamə ilə alıb-satmaq bizdə bir adət halını alıb. Bu da onunla bağlıdır ki, avtomobilin addan-ada keçirilməsində müəyyən xərclər var. Bəzi adamlar bu xərclərdən qurtulmaq üçün etibarnamə ilə alqı-satqıya üstünlük verirlər”.

Bunu nağdsız alqı-satqınların üstünlükləri barədə Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənov deyib.

O bildirib ki, avtomobilin nağdsız alış-verişini həyata keçirməyin bir sıra üstünlüyü var:

“Ən əsası xoşagəlməz hallardan sığortalanırsan. Gəlin bir anlıq düşünək: kim ev və yaxud digər daşınmaz əmlakını etibarnamə ilə alıb-satır? Zənnimcə heç kim. Ona görə də avtomobillər də birbaşa addan-ada keçirilməli və nağdsız ödənişlə satılmalıdır.

Avtomobilin qiymətinin tam məbləği alqı-satqı müqaviləsində göstərilməli və həmin məbləğ rəsmi olaraq, qeydiyyat şöbəsinin daxilində yerləşən bank vasitəsilə satıcıya ödənilməlidir. Bu zaman alan tərəf natorial qaydada bütün prosesi rəsmiləşdirməli və verdiyi pulu olduğu kimi göstərməlidir. Belə olan təqdirdə alan tərəf bir sıra xoşagəlməz hadisələrdən sığortalanmış olur.

Misal üçün etibarnamə ilə avtomobil satan şəxs qəfil dünyasını dəyişə bilər. O zaman onun varisləri avtomobil alan adama qarşı iddia qaldıra bilər ki, avtomobili geri qaytarsın. Yaxud həyat yoldaşı iddia qaldıra bilər ki, birgə əmlakın satılmasında onun razılığı alınmayıb”.

Müsahibimiz onu da qeyd edib ki, etibarnamə əsasında alınan avtomobillərdə ikinci dəfə qeydiyyat zamanı müəyyən çətinliklər meydana çıxır:

“Çünki alıcı artıq avtomobilin pulunu ödəyib, ancaq sənədləri rəsmi şəkildə öz adına olmur. Ona görə də avtomobil alqı-satqısının ən düzgün və təhlükəsiz yolu mülkiyyətçinin özü ilə birgə qeydiyyat şöbəsinə gedib, ödənişi bank vasitəsilə aparmaqdır. Bu halda yalnız dövlət rüsumları və bank xidmət haqları ödənilir və əlavə qanunsuz xərclərdən və xoşagəlməz hallardan qorunmaq olur”.


Sizin reklam burada
Sizin reklam burada