Qarlı havaya görə 1 gündə 500-ə yaxın sığorta hadisəsi qeydə alınıb

Qarlı havaya görə 1 gündə 500-ə yaxın sığorta hadisəsi qeydə alınıb
20:40

Məlum olduğu kimi, 20 yanvar 2026-cı il tarixdə ölkə ərazisində qarlı-şaxtalı hava şəraiti müşahidə olunub və qeyd olunan tarixdə paytaxt Bakı da daxil olmaqla respublikanın bir çox bölgəsində müxtəlif səpkili sığorta hadisələri qeydə alınıb.

News365.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyası məlumat yayıb. 

Bildirilib ki, 20 yanvar 2026-cı il tarixdə baş vermiş sığorta hadisələri ilə bağlı 7 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 484 sığortalı müraciəti daxil olub. 

Bu müraciətlərin 403-ü “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 76-sı “Kasko” sığorta növü, 4-ü “Daşınmaz əmlakın icbari sığortası” növü, 1-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.

Məlumatlara görə, qiymətləndirilmiş 366 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 254 min 435 manat həcmində müəyyənləşdirilib. Qalan 118 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir.

Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 400 min manat yaxın olacağı ehtimal edilir.

Qeyd edək ki, sığorta şirkətlərinə daxil olmuş həmin müraciətlər üzrə hadisələrin 67 %-i paytaxt Bakıda, 33 %-i isə respublikanın digər bölgələrində qeydə alınıb.


Sizin reklam burada
Sizin reklam burada