“Qanazlığının qarşısının alınmasında düzgün və balanslı qidalanma çox önəmlidir”.
News365.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Xalidə Hacıyeva deyib.
Onun sözlərinə görə, dəmir baxımından zəngin olan təbii məhsullar, xüsusilə mal əti, qaraciyər, yumurta sarısı, qara qarağat, ispanaq, yaşıl yarpaqlı tərəvəzlər, alma, nar, quru meyvələr (xüsusilə qaysı, əncir, kişmiş) və tam taxıllar uşaqların rasionuna daxil edilməlidir:
“Həmçinin, bu qidalarla yanaşı, dəmirin orqanizm tərəfindən daha yaxşı mənimsənməsi üçün C vitamini ilə zəngin portağal, limon, kivi kimi meyvələr də gündəlik menyuda yer almalıdır”.
X.Hacıyeva qeyd edib ki, bəzi qidalar isə dəmirin sorulmasını azalda bilər:
“Məsələn, qara çay, qazlı içkilər, südlü və çox kalsiumlu məhsullar dəmirin mənimsənilməsini zəiflədir. Buna görə də, dəmir tərkibli yeməklərlə birlikdə bu qidaların istifadəsinə diqqət yetirilməlidir. Unutmaq olmaz ki, hər bir uşaq fərdidir və qanazlığına səbəb olan amillər müxtəlif ola bilər. Ona görə də, mütləq şəkildə həkimə müraciət olunmalı, analiz nəticələrinə uyğun fərdi yanaşma seçilməlidir. Profilaktik tədbir kimi isə düzgün qidalanma və vaxtında tibbi nəzarət əsas rol oynayır”.