“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” sosial layihəsi həyata keçirilib.
“Azərsun Holdinq”in 15 ildən artıqdır ki, davam etdirdiyi “Qan ver,
yaşat” sosial layihə çərçivəsində növbəti qanvermə aksiyası baş tutub.
Könüllülük prinsipi əsasında təşkil olunan bu layihənin məqsədi talassemiya və
digər hematoloji xəstəliklərdən əziyyət çəkən azyaşlı uşaqlara həyat vermək,
onların müalicəsinə dəstək olmaqdır. Layihə həmçinin cəmiyyət arasında donorluq
mədəniyyətinin formalaşmasına, insanlarda sosial məsuliyyət hissinin
artırılmasına xidmət edir.
Qanvermə aksiyasında “Azərsun Holdinq”in rəhbərliyi və əməkdaşları
iştirak ediblər.
Qeyd edək ki, toplanan qan nümunələri müvafiq laborator analizlərdən
keçdikdən sonra Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankına təhvil verilir. Layihə
çərçivəsində ötən illər ərzində Mərkəzi Qan Bankına ümumilikdə 1000 litrdən
artıq qan təhvil verilib ki, bu da yüzlərlə insanın həyatının xilas edilməsinə
töhfə olub.