ABŞ Prezidenti Donald Trampın nümayəndə heyəti ilə Rusiya Prezidenti Vladimir Putin arasında Kremldə keçirilən görüş diqqətçəkən məqamlarla yadda qalıb.
News365.az-ın məlumatına görə, yanvarın 23-nə keçən gecə baş tutan və təxminən dörd saat davam edən qapalı danışıqlarda ABŞ nümayəndə heyətinin üzvləri – Cared Kuşner və Ağ Evin müşaviri Coş Qruenbaumun üzərində daşıdığı aksesuarlar maraq doğurub.
“Rossiya 1” telekanalının jurnalisti Pavel Zarubinin yaydığı kadrlarda amerikalı rəsmilərin biləklərində taxdıqları qeyri-adi cihazlar diqqətdən qaçmayıb və müzakirələrə səbəb olub.
Bildirilib ki, həmin qurğular stress səviyyəsini, ürək ritmini və yuxu mərhələlərini izləyən müasir “smart” texnologiyalardır. Bu isə ABŞ nümayəndələrinin gərgin və mühüm danışıqlar zamanı öz fiziki və emosional durumlarını nəzarətdə saxladıqlarını göstərir.
Bununla yanaşı, Cared Kuşnerin biləyində uğur simvolu sayılan qırmızı sapın da kameralara düşdüyü qeyd olunub. Jurnalistin sözlərinə görə, müzakirə edilən məsələlərin ciddi olmasına baxmayaraq, amerikalı nümayəndələr sakit və rahat təsir bağışlayıb, hətta gülümsəyərək zarafat ediblər.
Qeyd edək ki, görüş zamanı Ukrayna böhranının həlli ilə bağlı “Alyaska formulu”, eləcə də Rusiyaya məxsus dondurulmuş aktivlərin bir hissəsinin Trampın təşəbbüsü olan “Sülh Şurası”na yönləndirilməsi kimi mühüm strateji mövzular müzakirə edilib.