Putin NATO-nun nəbzini yoxladı - ANALİZ

Putin NATO-nun nəbzini yoxladı - ANALİZ
14:50

Sentyabrın 10-da Rusiya ordusunun Ukraynaya hücumu fonunda Polşa hava məkanına onlarla pilotsuz uçuş aparatı daxil olub. Polşa Müdaxilə Nazirliyi azı 19 obyektin ölkə ərazisinə daxil olduğunu, onların bir hissəsinin vurulduğunu açıqlayıb. Rəsmi məlumata görə, yeddi dron və bir raket qalıqları aşkarlanıb.

Polşa hökuməti NATO-nun 4-cü maddəsini işə salaraq müttəfiqlərlə təcili məsləhətləşmələrə başlayıb. Baş nazir Donald Tusk hadisəni “ciddi təxribat” adlandırıb və ölkəsinin silahlı münaqişəyə çox yaxın vəziyyətə düşdüyünü bildirib.

NATO ərazisində müttəfiq ölkələr ilk dəfə düşmən dronlarını birbaşa hədəf alaraq məhv edib. Əməliyyata Polşanın F-16 qırıcıları, Niderlandın F-35 təyyarələri, İtaliyanın AWACS təyyarələri və Almaniyanın “Patriot” hava hücumundan müdafiə sistemləri cəlb olunub.

Böyük Britaniyanın baş naziri Kir Starmer hadisəni “Rusiyanın məsuliyyətsiz addımı” adlandırıb, Fransa prezidenti Emmanuel Makron isə “tamamilə qəbuledilməz” kimi qiymətləndirib. Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaya Kallas “dronların Avropa hava məkanına girişi qəsdən idi” deyərək Moskvanı ittiham edib. ABŞ və NATO rəhbərliyi Polşaya həmrəylik nümayiş etdirib, vəziyyətin nəzarətdə olduğunu vurğulayıb.

Müşahidəçilərə görə, Rusiyanın bu addımı təsadüfi deyil. Kreml NATO-nun nə qədər çevik reaksiya verəcəyini və hansı həddə qədər hərəkətə keçəcəyini sınayır. Çünki indiyədək Rusiya dron və raketlərinin sərhəd ölkələrin hava məkanına düşməsi halları olsa da, bu miqyasda və məqsədli şəkildə olmamışdı.

Beləliklə, Moskva həm NATO daxilində siyasi parçalanmanı yoxlayır, həm də alyansın kollektiv müdafiə prinsiplərinin praktik tətbiqini sınayır.  Polşa hökumətinin NATO-nun 4-cü maddəsini işə salaraq təcili məsləhətləşmələr tələb etməsi göstərir ki, məsələ “adi sərhəd insidenti” kimi qiymətləndirilməyib. Moskva bununla “təxribatlara hazır olun” siqnalı verir.

İşğal ehtimalı varmı?

Hazırda Rusiyanın Polşaya qarşı genişmiqyaslı işğal planı real görünmür, resurslar əsasən Ukraynada cəmlənib. Amma uzunmüddətli perspektivdə, xüsusilə də Ukraynada müharibə dondurularsa, Kreml Baltik regionunda təzyiqi artırmaq potensialına sahibdir. Bu baxımdan Polşanın strateji “Suvalki dəhlizi” NATO üçün ən həssas nöqtə hesab edilir.

Beləliklə, Kreml Polşa üzərindən NATO-nun nəbzini yoxladı. Alyansın vahid reaksiyası göstərdi ki, sınaq uğursuz nəticələnib. Amma Moskvanın bu addımı qarşıdakı dövrdə Avropada hərbi-siyasi gərginliyi daha da artıracaq. NATO ilə Rusiya arasında sərhədlərin “daha çox yoxlanacağı” qaçılmazdır.


Sizin reklam burada
Sizin reklam burada