Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin gələcək taleyi və mümkün sülh danışıqları ilə bağlı müzakirələr davam edir.
Mövzu ilə bağlı News365.az-a danışan hərbi ekspert İlham İsmayıl bildirib ki, müxtəlif ölkələrdə keçirilməsi nəzərdə tutulan görüşlər hələlik müharibənin tezliklə başa çatacağı anlamına gəlmir.

“Putinin əsas məqsədi Donbasın nəzarətdə olmayan hissələrini də ələ keçirməkdir. O, bu hədəfdən geri çəkilməyəcək. Ona görə də yaxın dövrdə hər hansı görüşün keçirilməsi sülh və ya atəşkəsin əldə olunacağı anlamına gəlmir”, – deyə ekspert qeyd edib.
İlham İsmayılın sözlərinə görə, Rusiyada müharibənin uzanması fonunda daxili narazılıqlar artır:
“Getdikcə etirazlar çoxalır. Hətta hakim komanda daxilində də narazılıqların olduğu barədə məlumatlar yayılır. Canlı qüvvə itkiləri böyükdür və yeni səfərbərlik ehtiyacı yarana bilər. Bu isə cəmiyyətdə ciddi etirazlara səbəb olacaq”.
Ekspert bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski müxtəlif platformalarda danışıqlar təşəbbüsü ilə çıxış etsə də, bu təkliflər indiyədək nəticə verməyib:
“Zelenski həm beynəlxalq tədbirlər çərçivəsində, həm də birbaşa görüşlərlə bağlı təkliflər irəli sürüb. Lakin Putin bu təşəbbüslərə müsbət yanaşmayıb. Bu da göstərir ki, Rusiya hələlik müharibəni dayandırmaq niyyətində deyil”.
İlham İsmayıl hesab edir ki, Ukraynanın hərbi potensialı son illərdə əhəmiyyətli dərəcədə artıb:
“Artıq bir çox ekspertlər etiraf edir ki, Ukrayna pilotsuz uçuş aparatlarının istehsalı və təkmilləşdirilməsi sahəsində Rusiyanın səviyyəsinə çatıb. Bu amil döyüş meydanında qüvvələr balansına təsir göstərir”.
Hərbi ekspert sonda vurğulayıb ki, yaxın vaxtlarda hər hansı ölkədə keçiriləcək görüşlər müharibənin sona çatacağı anlamına gəlmir:
“Hazırkı şəraitdə nə atəşkəs, nə də sülh sazişi ilə bağlı nikbin proqnoz vermək mümkündür. Tərəflər arasında fikir ayrılıqları hələ də kifayət qədər dərindir”.