Kremlin bəyanatları, o cümlədən Rusiya rəhbəri Vladimir Putinin fikirləri Rusiyanın Ukraynada artıq işğal olunmuş Krım və dörd regiondan əlavə daha geniş ərazi ambisiyalarını ortaya qoyur.
Bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) yeni hesabatında məlumat verilib. Hesabatda deyilir ki, Putin dünən Luqansk, Donetsk, Zaporojya, Xerson vilayətlərinin işğal olunmuş hissələrinin inkişafı ilə bağlı iclas keçirib və o, Ukrayna ərazisini tez-tez "Donbass və Novorossiya" adlandırıb.
Üstəlik, analitiklərin də qeyd etdiyi kimi, Kremlin sözçüsü Dmitri Peskov Odessa meri Gennadi Truxanovun şəhərin rus şəhəri olmadığı və özünəməxsus tarixinin olması ilə bağlı bəyanatına cavab olaraq bildirib ki, Odessanın tarixi Rusiya ilə “qırılmaz şəkildə bağlıdır”.
Putinin əsas danışıqlar aparan şəxsi Vladimir Medinski ruslar arasında geniş yayılmış yanlış təsəvvürə bir fikri də əlavə edib. O deyib ki, ruslar və ukraynalılar “tarixi vətəni” olan “bir xalqdır”. Medinski “Dnepr, Novorossiya və Krımı qədim rus torpaqları” kimi görür.
ISW-nin də qeyd etdiyi kimi, Putin, Peskov və Medinskinin bəyanatları yalnız Kremlin yüksək rütbəli rəsmilərinin Rusiyanın ərazi ambisiyalarının miqyasını göstərən son bəyanatlarıdır.
Analitiklər onu da xatırladıblar ki, iyunun 20-də Putin Rusiya və Ukrayna xalqlarını “bir xalq” hesab etdiyini və Ukraynanın Rusiyaya məxsus olduğunu demişdi.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural