Prezident hansı hədəfləri açıqladı?- TƏHLİL

Prezident hansı hədəfləri açıqladı?- TƏHLİL
07 Yan 2026 09:17
Məlum müsahibə zamanı Prezident İlham Əliyevə media nümayəndələri tərəfindən ünvanlanan 20-dən çox sualın sayca çoxluğu və mövzu dairəsinin genişliyi müsahibədə oxşar iqtisadi sahələrə bir neçə dəfə müxtəlif baxış bucaqlarından qayıtmağı zəruri etmişdir. Bir çox suallar da məzmun etibarilə bir-birinə yaxın olduğundan eyni mövzulara yeni rakursdan yanaşmalar təqdim olundu. Məhz bu səbəbdən verilən cavablar mövzuların dərinləşdirilməsi məntiqi ilə qurulmuşdu və hər cavab əvvəlki fikri tamamlayan halqa rolunu oynayırdı. Buna görə də müsahibədən 50-dən çox, bəlkə də 100-ə yaxın tezis alınar.
Lakin müsahibənin ümumi məzmununu cəmiyyət üçün daha sistemli göstərmək məqsədilə verilən fikirləri əsas iqtisadi istiqamətlər üzrə ardıcıl düzmək olar. Odur ki, hesab edirəm ki, aşağıdakı qruplaşdırma müsahibənin iqtisadi yönünü daha dəqiq və daah anlaşılan formada görünən edər.
Birincisi, Azərbaycan sülh şəraitinə keçidin iqtisadi bəhrəsini artıq ilk aylardan hiss etməyə başlayıb. Müharibədən sonra sabitlik investisiya üçün əsas şərtə çevrilmiş, iqtisadi proqramların daha inamlı icrasına yol açmışdır. Prezident xüsusilə vurğuladı ki, güclü dövlət anlayışı indi təhlükəsizliklə yanaşı səmərəli idarəçiliklə ölçülür və bu tezis gələcək iqtisadi modelin fəlsəfəsini formalaşdırır.
İkincisi, ABŞ ilə münasibətlərin yeni mərhələsi ölkəyə real iqtisadiyyat üzərində qurulan geniş imkanlar gətirir. 907-ci düzəlişin aradan qaldırılması ticarət və nəqliyyat əlaqələrinin qarşısındakı simvolik səddi götürmüş, strateji işçi qrupunun yaradılması isə qarşılıqlı sərmayə və ticarətin institusional çərçivəsini möhkəmləndirmişdir.
Üçüncüsü, Çinlə imzalanmış hərtərəfli strateji tərəfdaşlıq Azərbaycanın qeyri-neft sektorunun şaxələnməsinə ciddi təkan verir. Tranzit, Orta Dəhliz, Günəş və külək stansiyalarının tikintisi, elektrik nəqliyyat vasitələrinin yığılması və gələcpəkdə lokallaşdırmanın artırılması yeni sənaye zəncirinin əsas halqaları kimi təqdim olundu.
Dördüncüsü, bərpaolunan enerji Azərbaycanın gələcək istehlak və ixrac balansında aparıcı dayaqlardan biri olacaq. Prezidentin səsləndirdiyi 2030-cu ilə qədər 6000 meqavat, 2032-ci ilə qədər 8000 meqavat yaşıl güc hədəfi qaz istehlakına qənaət, əlavə qazın ixracı və data mərkəzlərinin enerji təminatı baxımından strateji əhəmiyyət daşıyır.
Beşincisi, regional nəqliyyat infrastrukturunun genişləndirilməsi həm mobillik, həm də tranzit gəlirləri üçün yeni mənbə yaradır. Limanlar, dəmir yolları, metro stansiyaları və mikromobillik həlləri vaxt itkisini azaldacaq və ticarətin coğrafiyasını böyüdəcək.
Altıncısı, sosial siyasətin iqtisadi islahatlarla tarazlaşdırılması əsas şərt kimi ortaya qoyuldu. Minimum əməkhaqqının ilkin baza üzərində davamlı artması, özünüməşğulluq proqramlarının 100 mindən çox insanı əhatə etməsi əmək bazarında daha sağlam struktur yaradır.
Yeddincisi, müdafiə sənayesinə özəl sektorun cəlb edilməsi dövlətin maliyyə yükünü azaltmaqla bərabər ixrac üçün alternativ valyuta mənbəyi formalaşdırır. 15 şirkətə lisenziya, 1 milyard manatlıq sərmayənin yarısının özəl sektor tərəfindən qoyulması bu sahənin iqtisadi məntiqlə inkişaf etdiyini göstərir.
Səkkizincisi, Qarabağ və Şərqi Zəngəzurun ölkənin iqtisadi zəncirinə tam inteqrasiyası enerji, su və yol layihələri üzərində qurulur. Dairəvi enerji sisteminin yaradılması, yeni kanallar və tunellər insanların orada yaşayıb işləməsini real edir.
Doqquzuncusu, gələcək borclanma siyasətində praqmatik çərçivə saxlanılır. Xarici borcun ÜDM-in təxminən 6 faizi səviyyəsində olması və ehtiyatların onu 16-17 dəfə üstələməsi maliyyə dayanıqlılığının əsas göstəricisi kimi qeyd olundu.
Onuncusu, qeyri-neft sektorunun artım potensialı ayrıca proqram tələb edir. Neft hasilatının təbii azalması fonunda müxtrəlif mexanizmlər hesabına daha yüksək dinamikanın mümkünlüyü mesajı verildi.
Beləliklə, cənab Prezidentin müsahibəsinin iqtisadi yönündə Azərbaycan etibarlı körpü roliunu daha da möhkəmləndirməsi durur. Bu körpü ölkənin sabit inkişafını, sərmayə cəlbini və sosial rifahı vahid məntiqdə birləşdirməyi hədəfləyir və yeni gözləntilərin yol xəritəsini cızır. Bu xəritənin memarı isə əlbəttə ki, güclü iradəyə malik olan Azərbaycan dövlətidir.
Eldəniz Əmirov, iqtisadçı

Sizin reklam burada
Sizin reklam burada