Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında qalıb

Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında qalıb
20:20

Vətəndaşların bir qisminin yüklə dolu maşınları fevralın 13-dən etibarən Ələt qəsəbəsindəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb.

News365.az xəbər verir ki, vətəndaşın iddialarına görə, yeni yaranan VIP xidmətə görə gəmiyə minə bilmirlər.

Onların sözlərinə görə, gəmiyə minik üçün 1 200 dollar ödəyənlər VIP xidmətdən yararlanırlar:

"Belə olan halda xidmətdən yararlanmaq istəməyənlərin gəmiyə minməsi ləngiyir. Fevralın 13-dən burada gözləyirik. Məhsulun çatdırılma vaxtıdır, lakin biz hələ yola düşə bilməmişik".

Məsələ ilə bağlı  "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" MMC-dən verilən məlumata görə, limana daxil olan hər bir nəqliyyat vasitəsinə giriş zamanı nömrə təqdim olunur və gəmiyə yüklənmə prosesi şəffaf şəkildə növbəlilik prinsipi əsasında həyata keçirilir:

"Bəzi hallarda küləkli və qeyri-sabit hava şəraiti səbəbindən gəmilərin limana yan alması mümkün olmur ki, bu da gözləmə müddətinin artmasına səbəb ola bilər. Bu hallar təhlükəsizlik tələbləri ilə bağlıdır.

Qanunvericiliyə uyğun olaraq tez xarab olan və dövlət əhəmiyyətli yükləri daşıyan nəqliyyat vasitələrinin sürətli və ödənişsiz keçidi təmin edilir. Eyni zamanda, təcili layihə yükləri üzrə müəyyən edilmiş əlavə ödəniş mexanizmi əsasında prioritet keçid mümkündür. Həm ödənişli, həm də ödənişsiz əsaslarla tətbiq edilən sürətli keçidlərin ümumi həcmi hər bir gəmi üzrə yüklənən nəqliyyat vasitələrinin 20%-dən çox ola bilməz və hava şəraiti də nəzərə alınmaqla 72 saat ərzində icra edilir.

Qeyd edilən halla bağlı şikayətçi daşıyıcı ilə əlaqə saxlanılıb, mövcud prosedurlar və tətbiq olunan qaydalar barədə ətraflı məlumat bir daha təqdim edilib", - deyə açıqlamada bildirilir.


Sizin reklam burada
Sizin reklam burada