Premyer Liqada 15-ci tur geridə qaldı. Öyrəndik ki...

Premyer Liqada 15-ci tur geridə qaldı. Öyrəndik ki...
02 Dek 2024 19:59

İdman eksperti Kənan Məstəliyev futbol üzrə Azərbaycan PL-nin ötən turunu təhlil edib. 

News365.az sözügedən analizi təqdim edir:

- "Turan Tovuz"un bu heyəti ən yaxşı halda 3-4-cü pillələr uğrunda mübarizə aparmağa yarayır. O da yavaş-yavaş sual altına düşə bilər. Kurban Berdıyevin nəticə futbolu da xilas eləmir və komanda turnir cədvəlində möhkəmlənmək üçün güclənməlidi. Ehtiyat skamyanın qısalığı ciddi problemdi.


- "Kəpəz" sonuncu pilləni tərk etdi, yerini "Səbail"ə verdi. Azər Bağırov yenə də işini ortaya qoya bildi. Onun rəhbərliyi altında komanda xarüqələr yaratmasa da, hədəfə doğru irəliləyir. Ölkədə heç kimə lazım olmayan Bayıl təmsilçisi isə bir az da belə davam etsə, I Liqaya bileti hazırdı. 


- "Zirə" yaxşı qələbə qazanaraq uğursuz gedişatı dayandırdı. "Qartallar" həm özlərinin əldə etdikləri epizodlardan, həm də rəqibin hədiyyələrindən maksimum yararlanmağı bacardı ki, bu da görməyə öyrəşdiyimiz üslubdu. Bu 3 xal Rəşad Sadıqovun yetirmələri üçün yaxşı bir stimul oldu.


- Məğlubiyyətə baxmayaraq "Sumqayıt" da pis təsir bağışlamadı. Müdafiə xəttini inanılmaz səhvləri Vaqif Cavadovu pis vəziyyətdə qoydu. Gənc mütəxəssis yaxşı futbol oynatsa da, futbolçuların fərdi keyfiyyətinin aşağı olması onun planlarını pozur.


- "Sabah" Berezutskinin rəhbərliyi altında ilk cəhddəcə qələbəsini bayram etdi. Rusiyalı çalışdırıcı kapitan Camalovu ehtiyata göndərmək, sarğını Şafrankoya vermək, Xaybullayevi sol cinah müdafiəçisi kimi oynatmaq, Mikelsi yarımmüdafiəyə çəkmək, Sekidikanı başqa cinahda sınamaq və komandanı fərqli sistemlə oynatmaqla mövqe və niyyətini ortaya qoydu. Yaxşı başlanğıcdı, amma onun işinə qiymət vermək üçün hələ tezdi. Qışdan sonra bu mövzuya bir də qayıtmaq olar.


- "Neftçi"nin nisbətən toparlansa da, "Qarabağ" kimi rəqiblərlə maksimum 25-30 dəqiqə dözəcək gücdə olduğunu gördük. Heyətdə problemlər var, qalan futbolçular da lazımi səviyyədə oynamırlar. Bu da ona gətirib çıxarır ki, liderin az qala ikinci heyətiylə də bacarmamaq artıq adət halını alıb. Nə Samir dəyişə bilir durumu, nə də ondan əvvəlkilər. Hə, bir də o Yurini göndərmək lazımdı. Belə qeyri-sabit futbolçu ilə uzağa getmək olmaz.


- "Qarabağ" yenə ən üst pillədədi.


Youtube kanalımız