Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrinin yaradılmasının 34-cü ildönümündə çıxış edərək son illərdə orduda böyük sərmayələr qoyulduğunu və xidmətçilərin maaş sistemində dəyişikliklər edildiyini bildirib. O, qeyd edib ki, könüllü sertifikasiya proqramı sayəsində hərbçilərin maaşları kəskin artıb və bu proqram nəticəsində əsgərlərin maaşları əvvəlkindən 30%, 50%, 100% və daha çox artırıla bilir. Bu çərçivədə çox sayda sıravi əsgərin maaşının 700 000 dram civarında olduğunu, zabitlərin isə bu məbləğdən də yüksək – 1 000 000, 1 500 000 və hətta 2 000 000 dramdan çox aldıqlarını nümunə göstərib.
Paşinyanın qeyd etdiyi artım Könüllü sertifikasiya proqramından keçənlərə şamil edilir. Bu proqrama görə Ermənistan ordusunda xidmət edən əsgər və zabitlərin bacarıqları ölçülür və onların peşəkarlığını artırmaq məqsədilə sertifikat verilir. Bu sertifikat həm şəxsin hazırlıq səviyyəsini təsdiqləyir, həm də maaş artımı və ya daha yüksək vəzifələrə yüksəlmək üçün əsas olur. Proqram könüllü olduğundan hər kəs iştirak etmək məcburiyyətində deyil, amma iştirak edənlər əhəmiyyətli üstünlüklər əldə edə bilir. Yəni əslində, Ermənistan ordusunda hər kəs qeyd edilən məbləğdə maaş almır.
Paşinyanın bu təşəbbüsünün başlıca məqsədləri isə bunlardır:
Birincisi, Könüllü sertifikasiya proqramının əsas məqsədi yalnız hərbi qulluqçuların bilik və bacarıqlarını artırmaq deyil, həm də Ermənistan ordusunda struktur dəyişikliklərinə və “təmizliyə” şərait yaratmaqdır. Bu proqram könüllü olsa da, praktik nəticəsi odur ki, bilik və peşəkarlıqla seçilənlər ön plana çıxır, karyera imkanları onlara verilir. Beləliklə, Paşinyan ordunun peşəkarlıq səviyyəsini yüksəldə biləcək. Yəni Paşinyan ordunu kütləvi, amma sırf saya əsaslanan modeldən çıxararaq, az saylı, lakin peşəkarlıq səviyyəsi yüksək bir ordu yaratmaq niyyətindədir.
İkincisi, Könüllü sertifikasiya proqramının ikinci məqsədi Ermənistan ordusunda “beşinci kolon”a aid şəxsləri tədricən sıradan çıxarmaqdır. Proqram ABŞ və NATO standartları əsasında hazırlanıb, bu isə Rusiyanın hərbi təhsil sistemində yetişmiş və oraya adaptasiya olmuş şəxslərin proqramdan keçməsini çətinləşdirir. Beləliklə, bu kateqoriyadan olan zabitlər və əsgərlər karyera imkanlarından məhrum qalır, ön plana çıxanlar isə proqramı uğurla tamamlayır. Paşinyan üçün bu, orduda tam nəzarət və loyal kadrların formalaşdırılması üçün strateji bir vasitə rolunu oynayır.
Bütün bunlardan başqa, mənə görə, Paşinyanın açıqlamaları Ermənistanın hərbi‑siyasi doktrinasında köklü ideoloji dəyişimin açıq bəyanatıdır. O, faktiki olaraq “yeni Ermənistan” anlayışına uyğun yeni ordu modeli qurduğunu gizlətmir. Bu modelin əsas mahiyyəti ondan ibarətdir ki, Ermənistan ordusu artıq xarici avantüralara, işğalçı siyasətə və müttəfiqlərin geosiyasi maraqlarına xidmət etməyəcək, yalnız beynəlxalq səviyyədə tanınmış ərazinin müdafiəsi ilə məhdudlaşacaq.
Paşinyanın silah tədarükü ilə bağlı verdiyi izah xüsusilə diqqətçəkəndir. O, açıq şəkildə etiraf edir ki, 2018–2022-ci illərdə Ermənistanın silah ala bilməməsinin əsas səbəbi həmin silahların Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində istifadə olunacağına dair şübhələr və bu silahların KTMT xətti ilə üçüncü tərəflərə ötürülməsi riski idi. Bu arqument faktiki olaraq etirafdır ki, əvvəlki dövrdə Ermənistan ordusu işğalçı funksiyanı daşıyırdı və bu, Qərb üçün qəbuledilməz idi. Paşinyan isə bu yükdən qurtulmaq istəyir.
KTMT ilə bağlı hissə ideoloji dönüşün kulminasiya nöqtəsidir. 2022-ci ilin sentyabrından sonra təşkilatın Ermənistan qarşısında öhdəlikləri yerinə yetirmədiyini vurğulamaqla Paşinyan təkcə narazılıq bildirmir, eyni zamanda cəmiyyətə və beynəlxalq auditoriyaya mesaj verir: Ermənistanın təhlükəsizlik konsepsiyası artıq bu blok üzərində qurulmayacaq.
Praqa razılaşması və KTMT üzvlüyünün faktiki dondurulması onun sözlərində “ölümcül təhlükədən çıxış yolu” kimi təqdim olunur. Bu isə əslində KTMT-dən çıxışın əsaslandırılmasıdır.
Bütün bunların fonunda Paşinyanın qurmaq istədiyi ordu modeli aydın görünür: sayca kiçik, peşəkar, yüksək maaşlı, Qərb standartlarına uyğun, siyasi cəhətdən loyal və yalnız dövlətin beynəlxalq tanınmış sərhədlərini qorumağa fokuslanan bir ordu. Bu, həm Ermənistanın əvvəlki işğalçı hərbi doktrinası ilə vidalaşması, həm də Moskva mərkəzli təhlükəsizlik sistemindən tədricən uzaqlaşması deməkdir.
Turan Rzayev, politoloq