Özbəkistan ixracda hazır məhsulların payını əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir, Azərbaycan isə qeyri-xammal sektorunun gücləndirilməsi və iqtisadiyyatın diversifikasiyası istiqamətində ardıcıl siyasət aparır. Bu, iki ölkə arasında sənaye kooperasiyasının genişləndirilməsini və birgə istehsal müəssisələrinin yaradılmasını xüsusi aktuallığa çevirir.
Bunu açıqlamasında Özbəkistanın Xarici Siyasət Araşdırmaları Mərkəzinin əməkdaşı, siyasi şərhçi Haşımova Şahodat bildirib.
Onun sözlərinə görə, sənaye əməkdaşlığının dərinləşdirilməsi hər iki ölkənin xarici bazarlarda mövqeyinin möhkəmləndirilməsinə xidmət edir:
“Birgə kommersiya onlayn platformasının yaradılması sahibkarlar arasında birbaşa əlaqələrin qurulmasına, tərəfdaş axtarışına və yeni layihələrin formalaşmasına imkan verəcək. Bu, iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayacaq”.
Siyasi şərhçi qeyd edib ki, enerji sahəsi Azərbaycan–Özbəkistan əməkdaşlığının əsas istiqamətlərindən biri olaraq qalır:
“İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi, birgə araşdırmalar, şirkətlərin bir-birinin layihələrində iştirakı və bərpaolunan enerji sahəsində tərəfdaşlıq artıq reallığa çevrilir. Azərbaycan, Mərkəzi Asiya və Avropa arasında formalaşan enerji dəhlizi uzunmüddətli tərəfdaşlıq üçün yeni imkanlar açır”.
Haşımova Şahodat həmçinin Qarabağda yaranmış yeni reallığın regionun iqtisadi mənzərəsini dəyişdiyini vurğulayıb:
“Qarabağ artıq münaqişə məkanından inkişaf və quruculuq zonası kimi formalaşıb. Prezident İlham Əliyevin şəxsi diqqəti və səyləri nəticəsində bölgə Cənubi Qafqazın ən dinamik inkişaf edən yerinə çevrilib. Burada həyata keçirilən layihələr təkcə mənzil tikintisi deyil, həm də istehsal və iqtisadi infrastrukturun yaradılmasını əhatə edir”.
Şərhçi bildirib ki, Özbəkistanda çoxsaylı şirkətlər Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələrində iştirakda maraqlıdır:
“Tam aydındır ki, Qarabağ Cənubi Qafqazın mərkəzində çiçəklənən və strateji mövqeyə malik bir regiona çevrilir. Bu ərazi qonşu ölkələri vahid iqtisadi kompleksdə birləşdirmək potensialına sahibdir”.
Onun sözlərinə görə, Qarabağda əldə edilən ən böyük nəticə sabit, proqnozlaşdırılan mühitin formalaşması və qeyri-müəyyənliyin tam aradan qalxmasıdır:
“Bu səbəbdən Qarabağ və onun bazarı Özbəkistan üçün uzunmüddətli perspektivdə cəlbedici iqtisadi əməkdaşlıq məkanı sayılır”.