Macarıstanın Baş naziri Viktor Orban Rusiya–Ukrayna müharibəsinin ilk illərindən fərqli mövqe sərgiləyərək vasitəçi rolunu öz üzərinə götürməyə çalışıb.
Politoloq Anar İsayev News365.az-a açıqlamasında bildirib ki, Orban həm Rusiya, həm də Ukrayna ilə danışıqlara cəhd edib və Avropa İttifaqı dövlətlərindən fərqli olaraq, Moskvanın maraqlarına yaxın bəyanatlar səsləndirib:
“Orbanın çıxışlarında hər dəfə Ukraynanın Rusiyaya qarşı müqavimət göstərə bilməyəcəyi vurğulanır. O, hətta Avropa İttifaqı ölkələrinin də zamanla zəifləyəcəyini proqnozlaşdırır. Bu isə Kremlin mövqeyinə yaxın yanaşma təsiri bağışlayır”.
Politoloqun sözlərinə görə, ABŞ bu münaqişənin dayandırılmasında əsas vasitəçi rolunu öz üzərinə götürüb. Lakin Orban dəfələrlə bildirib ki, Avropanın təhlükəsizliyi Amerikanın deyil, məhz Avropa dövlətlərinin təmin etməli olduğu məsələdir:
“Bu yanaşma Donald Trampın da vaxtilə səsləndirdiyi fikirlərlə üst-üstə düşür. Yəni, ABŞ Avropanın təhlükəsizliyini təmin etməyəcək, Avropa özü bu məsuliyyəti daşımalıdır. Mövcud şəraitdə isə hər hansı sazişin imzalanması və ya müharibənin dayandırılması real görünmür”.