Ölüyə ağı deməyin faydası varmı? - Tural İrfan yazır
Cəmiyyət
03 Fev 2025 10:08
Bəzi yerlərdə belə ənənə formalaşıb ki, hansı ölünü yaxınları vay - şivən və yüksək səsli ahu - fəğanla ağladılarsa demək onu urvatla yola saldılar. Yox, əgər zəif və sönük ağladılarsa demək ölülərini urvatsız elədilər. Hətta çox vaxtı ağı deyən mərsiyəçi də gətirirlər 100 manat verib. Eynən toydakı "tamada", masabəyi sayaq.
Ölüyə hörmət sanki onu daha çox ağlamaqla olurmuş. Hətta Quran oxumaq üçün qadın molladan əlavə olaraq kənddə, rayonda məşhur olan ağıçılar da var. Onlar gəlib cürbəcür üsullarla camaatı ağladır. Demək hamı təbii yox, süni şəkildə ağlayır. Necə ki, biri var gülməli bir hadisə ilə rastlaşıb gülmək, bir də var lətifə danışıb gülmək. Bu da ona bənzəyir.
Amma bunlar tamamilə yanlışdır və xurafatın bir parçasıdır. Ölüyə hörmət və urvat belə olmur. Arvadlar bir də görürsən yasdan çıxandan sonra aralarında müzakirə və qiybət edirlər. Gördünmü qızını, heç gözündən yaş çıxmadı? O biri qızı da yarımçıq qalxdı ağlaşman. Hələ əmisi arvadını demirsən, heç vecinə də deyildi... Amma sağ olsun qonşu filankəs, özünü öldürürdü ağlamaqdan...
Bir dəfə ağlaşmalarda aktivlik göstərən bir qarıdan soruşdum ki, bəzən heç tanımadığınız ölünü necə belə ürəkdən ağlaya bilirsiniz? Dedi, a bala hərəmiz öz ölümümüzü yadımıza salıb ağlayırıq... Bə nağayrax? Sonra da şunqurux qoşullar ki, filankəs ağlamadı...
Dil deyən bəzi arvadlar var. Bu şəxslər bəzi sözlər qoşaraq ağlaşmada başqalarını ağladaraq, özləri isə çox ağlamırlar. Dilsiz ağlayanlar həmişə belələrindən giley edirlər ki, evi yıxılmış özü yalandan artistik edirdi, amma bizi iki saat qırdı ağlamaqdan. Sonra da arvadlar bir həftə baş ağrısından başı sarıqlı gəzir...
Təbii olaraq yaxınını itirən şəxsin kövrəlməsi, ağlaması adi haldır və din də bunu qadağan etmir. Peyğəmbər də ağlayıb. Yoxsa xüsusi və süni bir ağlaşma məclisi təşkil edib bunu da ölüyə hörmət, urvat hesab etmək kökündən batildir.
Ölü əgər sağlığında yaxşı adam olubsa ona ağlasan da ağlamasan da öz qiymətini alacaq. Yox gərə pis adam olubsa onun üçün istəyir aylarla ağla, heç bir faydası yoxdur.