“Gənclərimiz davamlı olaraq Qərbi Azərbaycan tarixini öyrənməlidirlər”.
Bu sözləri “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyinin sədri Nurəddin Mehdiyev sentyabrın 29 - da Bakı Dövlət Universitetində yeni çapdan çıxan “Ermənistanın toponimik cinayətləri” adlı kitabın təqdimat mərasimində deyib. O əlavə edib ki, təqdim olunan kitab yaranan yeni reallıq şəraitində tarixi yaddaşımızın bərpasına xidmət edir.
“Ermənistanın
toponimik cinayətləri” adlı kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim
Mustafa çıxışında bildirmişdir ki, kitab tarixi Qərbi Azərbaycan ərazisində
meydana çıxan Ermənistan Respublikasında aborigen azərbaycanlıların fiziki və
maddi-mədəni izlərinin silinməsi istiqamətində həyata keçirilən sistemli siyasətin
mahiyyətini və nəticəsini aşkarlamağa xidmət edir.
“Ermənistanın
toponimik cinayətləri” adlı kitabın elmi məsləhətçisi akademik Yaqub Mahmudov,
rəyçiləri filologiya elmləri doktoru, professor
İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov,
elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Elmar Məhərrəmovdur.
Təqdimatda
mövzu elmi ictimaiyyətin nümayəndələri və gənc alimlərinin, magistr və doktorantların,
tələbə - gənclərin, QHT- lərin iştirakı ilə müzakirə olunmuşdur.
Kitab
kitabxanalara, təhsil müəssisələrinə təqdim olunacaq, elektron kitabxana
resurslarında yerləşdiriləcək.
Qeyd
edək ki, Nazim Mustafanın “Ermənistanın toponimik cinayətləri” adlı kitabı “Qarabağ”
İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyi tərəfindən həyata
keçirilən eyni adlı layihə çərçivəsində "Füyuzat" nəşriyyatında işıq
üzü görüb.
Təqdim olunan layihənin donoru
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.