"Növbəti müharibə Ermənistanın sonu ola bilər" - Hikmət Babaoğludan AÇIQLAMA

"Növbəti müharibə Ermənistanın sonu ola bilər" - Hikmət Babaoğludan AÇIQLAMA
28 Yan 2025 11:59

Ermənistan xəndək qazır. Bu müharibə proqnozudur? 

Mövzuya aydınlıq gətirən Milli Məclisin deputatı Hikmət Babaoğlu News365.az-a bildirir ki, Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır:

"Ermənistanın sülhdən yayınması, müxtəlif ölkələrdən silah-sursat alması və danışıqlarda beynəlxalq hüquq normalarına riayət etməməsi onu göstərir ki, Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır. Bunun əyani sübutlarından biri də odur ki, Azərbaycanla sərhədlər boyunca əvvəlcə müdafiə səngərləri, daha sonra isə atış və hücum səngərləri qazılmağa başlanılıb. Lakin məsələ təkcə Ermənistanın müharibəyə hazırlaşmasında deyil, həm də onun tək başına bu hazırlığı etməməsindədir. Ermənistanı müharibəyə hazırlayan üçüncü tərəflər var."

Deputat Ermənistanı müharibəyə təşviq edən güclərdən də danışıb:

"Bu prosesin başında Fransa və onun təşkil etdiyi müxtəlif hərbi missiyalar dayanır. İkinci güc isə erməni lobbisidir. Üçüncü tərəf isə Zəngəzur dəhlizini “qırmızı xətt” hesab edən İran kimi qonşu ölkədir. Artıq hadisələrin inkişafı elə bir mərhələyə çatıb ki, belə davam edərsə, yeni bir müharibənin baş verməsi qaçınılmaz olacaq. Ermənistanın baş naziri Nikol Paşinyanın “Güclü olub, sonra müharibə aparmalıyıq” açıqlaması da bu niyyətləri bir daha təsdiqləyir. Paşinyan hesab edir ki, Ermənistan müəyyən güc toplama mərhələsini keçib və yaxın gələcəkdə müharibəyə hazır olacaq.

Ermənistanın müharibəyə hazırlaşması və regionda sabitlikdə maraqlı olmayan xarici qüvvələrdən dəstək alması, bölgə üçün ciddi təhlükə yaradır. Lakin Ermənistan daxilində də bir çoxları yaxşı anlayır ki, növbəti müharibə Ermənistanın tamamilə çökməsinə səbəb ola bilər. Buna görə də, Ermənistan öz qərarlarını və addımlarını çox diqqətlə ölçüb-biçməlidir."

News365.az