Niyə Fransa Ermənistanı xəritədən sildi? – Politoloq

Niyə Fransa Ermənistanı xəritədən sildi? – Politoloq
27 Mar 2025 16:27

Xəbər verdiyimiz kimi, Fransanın ARTEfr telekanalında yayımlanan “28 dəqiqə” adlı verilişdə Türkiyədə baş verən hadisələrlə bağlı siyasi təhlil zamanı paylaşılan xəritədə Ermənistan ərazisi silinib.

Belə ki, göstərilən xəritədə Azərbaycan və Türkiyə arasında birbaşa sərhəd olduğu, onların arasında Ermənistan adlı dövlətin olmadığı əks olunub.

Məsələ ilə bağlı politoloq Elşən Manafov bu xəritənin nəyin xəbərçisi olduğunu şərh edib.

Politoloq bildirib ki, Fransanın ARTEfr telekanalında “28 dəqiqə” verilişində Türkiyədəki hadisələrlə bağlı yayımlanan süjetdə Ermənistan Respublikasının ərazisinin Azərbaycanın tərkib hissəsi kimi göstərilməsi verilişin aparıcısı Elizabet Kim tərəfindən yol verilmiş xəta kimi izah edilib.

“Bu hadisə Ermənistanda və Fransadakı erməni diaspor təşkilatlarında böyük ajiotaj və narahatlıq doğurub. Bununla bağlı kanalın təkzib verməsi, aparıcının isə üzr istəməsi tələb olunub. Kanal rəhbərliyinə Fransada nəşr olunan “Hayastan” həftəlik portalının etiraz məktubunda qeyd edilib ki, ermənilərin soyqırıma məruz qalmalarının 110-cu ildönümündə kanalın pantürkist arzularından çıxış edərək mövzunun işıqlandırılması zamanı belə bir xətaya yol verməsi Azərbaycanın Fransadakı təşkilatlarının apardığı təbliğat işinin göstəricisidir.

Kanal rəhbərliyi, eləcə də aparıcı Elizabet Kim yaşananlarla bağlı təkzib verib və üzr istəyib.

Əlbəttə, prezident Makronun rəhbərlik etdiyi Fransanın Ermənistana münasibətdə belə bir mövqe sərgiləməsi Fransa-Ermənistan münasibətlərinin hazırkı durumu, Fransanın Cənubi Qafqazdakı geosiyasi maraqları, eləcə də Parisin rəsmi Bakıya münasibəti baxımından mümkün görünmür. Fransa Ermənistanın silahlandırılmasında tərəfdaş dövlət olaraq bölgədə sülh və sabitliyin təmin olunmasına yönələn siyasətə alternativ mövqe sərgiləyir. Məqsəd isə Cənubi Qafqazın geosiyasi durumunun dəyişdirilməsi, regionda Rusiya və Türkiyənin təsirinin zəiflədilməsindən ibarətdir.

Bu mənada, Fransanın Avropa Birliyinin Ermənistandakı “binokl diplomatiyası”nı dəstəkləməsi onun regionla bağlı geosiyasi maraqlarından irəli gəlir.

Rəsmi Paris həmişə Fransadakı erməni diasporasının bu ölkədə keçirilən seçkilərdə müxtəlif siyasi qüvvələrə dəstəyinə həssas yanaşıb. Erməni əsilli Fransa vətəndaşlarının seçkilərdə dəstəyinin qazanılması bu ölkənin siyasi elitasını düşündürən əsas məsələlərdən biri olub.

Bütün bu kontekstdə sözügedən telekanalda baş vermiş insidentin rəsmi Parisin sifarişi ilə baş verməsi inandırıcı deyil və əlbəttə, Fransanın yeni dünya nizamı ilə bağlı baxışlarını heç bir vəchlə ehtiva etmir”.



Sizin reklam burada
Sizin reklam burada