Haqqında
yazarkən xəyalımda daim şəninə saxladığım bu aforizm canlandı; “Siz bütün küləklərin
silkələdityi, lakin sarsıda bilmədiyi dağ zirvəsinə mənsubsunuz. Bütün qəlbimlə
Sizinləyəm !
Böyük bir mütəfəkkirin
öz dostuna yazdığı məktubda yazılan sözlərlə məqaləni başlamaq təsadüfi deyil.
Qüdrətli el adamımız, Dədə kimi ucalıb,
nuraniliyi, piraniliyi ilə əhli- hal,
pürkamal ağsaqqalımız Şahmalı Qurbanov da həyatını bütün küləklərin silkələdiyi,
lakin sarsıda bilmədiyi zirvə kimi yaşayıb, dərin mənəviyyat irsi qoyub
getdiyindən onun haqqında qələmə alınan
yazılar təxəyyülün dərin və isti qatlarından qaynaqlanmalıdır. Bu mənada
yuxarıdakı deyim mənbə üçün gərəkli stimul oldu.
Biz də bütün qəlbimizlə onu səsləyirik, səsinə səs
veririk ona görə ki, qeyrəti və təəssübü nəhəng olan şəxsiyyət idi. Çox küləklərə sinə
gərdi, çox sellərin qarşısını aldı, çox dilləri qısa etdi, çox qudurğanların
kürəyini yerə qoydu, amma nə əyilmədi nə sınmadı. Həmin şux qaməti, həmin vəznəni
, həmin yerişi 1990- cı ildə indiki Bakıxanov küçəsi ilə piyada üzü “Dostluğ”a
tərəf gedərkən bir daha görmüş oldum. Sanki O, Bakı küçələri ilə yerimirdi, Bakını çiyinlərinin, əzəmətli qamətinin
üzərində harayasa aparırdı. Öyünürəm ki, böyüdüyüm mühitin ortaq bölgüləri var
bu cür dahi insanla bizim aramızda. O, qüdrətli KİŞİ idi ki…
Onun adı özünün dillərdə şirin olan səsiydi. Hər bir kəsə
göstərdiyi münasibət səmimi qəlbdən gələn prinsipallıq, tələbkarlıq, köməkdarlıq,
himayəçilik, arxasıza arxa durmaq prinsipləri üzərində cəmləşmişdi. Ona görə
sevilir, uca tutulur, əziz sayılırdı. Əslində ucalmağı da, sevilməyi də, əziz
olmağı da onun xasiyyətinin hər kəslə ürəkdən maraqlanması, gülümsər olması,
başqalarını yaxşı dinləyə bilməsi kimi özünəməxsus təbiətindən rişələnirdi.
Onun böyük adam olmağı kiçik adamlarla rəftarında zahir olur və dəyərləndilirdi. Şahmalı Qurbanovun adı hər kəsin dilində onun
öz şirin səsiydi deməkdə məqsədim onu qeyd etməkdir ki, bilənlər bilir, bilməyən
oxucularım da tanısın. Onun adı çəkilən yerdə hər şey, bütün məsələlər həqiqət
və dürüstlük çərçivəsində görülməli, həll olunmalı idi.
Ömrünün
bütün çağlarında özünə güvənib elə qüvvətli və şərəfli şəxsiyyət kimi nüfuz
qazanmışdı, varlığı xalqın da özgüvənliyini artırırdı. Xasiyyətində məhşur adam
olmaq, görkəmli adam olmaq istəyi ilə
bağlı bir tərz hiss olunmasa da, onun xislətini hər şeyi layiqnicə qiymətləndirmək
kimi mənəvi dəyərlər formalaşdırmışdı deyə, elə bu xislətlə də insanlığın ən
uca zirvəsində həm məhşur, həm də görkəmli adam olmaqla hörmət və izzət
kürsüsünə yüksəldi.
Bütün ətrafı, el içərisində çoxları ona Dədə
deyərək müraciət edirdilər. Dədəlik sadəcə söz deyil, iş deyil, proqram da
deyil. Dədəlik fövqəlşüur bir konsepsiyadır. O işıqlı, ziyalı, simaları hikmətlə
dolu olan ruh insanlarına aid rütbədir. Dədəlik məfhumun mahiyyəti çağdaş
dünyamızda az qala daşlaşmış həqiqətə çevrilməkdədir. O yol köhnə zamanlarda yaşamış övliya vəznəli,
ləngər yerişli, azman ərənlərin yoludur. İndi həmin yollara yağış yağan zaman dağılan
asfaltlar döşənibdir! Qurbanov Şahmalı güclülərdən güc almadı, güclülər içərisində
gücləndi. Yaşadığı, işlədiyi, olduğu hər yerdə həyat fəlsəfəsi Kişilik olan
özünəməxsus obraz yaratdı. Ömrü boyu insanların daxili aləmində var olan
heyvani hissləri ədalətin qarşısında mühakimə etdi. Dağ vüqarlı görünən
varlığında Dədəlik siması yaratdı, bütün ömrünü də bu simanı qorumağın
hakimliyinə bəxş etdi. Dədəlik özgüvəndən başlayar, özgüvən də insanın öz içindən
gələn və öz içində qazandığın ən uca tonda eşidilən ündür. Özünə başqalarına yarımaq
üçün formalaşır mənəvi dəyərlərin bütün halları və şəkilçiləri.
İnsasnın haqqında deyilən söz, yazılan mətn
insanın yaranması məqamından və məkanından başlayır. Şahmalı Qurbanov hələ
cavan çağlarında ikən şəxsiyyət dəyərlərinə öz mənəvi saflığı ilə uzun müddətli
yatırımlar qoydu. Ömrü boyu dünyadan getdikdən sonra da onun şəninə dillərdə
yaşayacaq olan şərəfli mövzular da məhz həmin
mənəvi- psixoloji dəyərləri ehtiva edən “yatırımların” hesabına
yaranmışdır. Qüdrətli insanlar yardıcılıqları ilə bərabər, eyni gücdə yıxıcı
qüvvəsinə də malik olurlar. Baxır hansını harada, nə zaman istifadə etməsinə,
bu hal isə onun kişilik, ərənlik və böyüklük meyarlarının miqyası daxilində baş
verir. Şahmalı Qurbanovun öz elinin, obasının
dəyərli insanlarının işinə yarayan təsir kütləsinə bərabər şəkildə ermənini
sıxma və yıxma gücü də qüvvətli idi. Bu iki nöqtə arsındakı məsafənin bütün
aynalarında onun kişilik qüdrəti görünür. Kişilik isə qana yazılmış və heç
zaman pozulmayan qeyrət, ləyaqət, sədaqət və iffət simvollarının cəmləşdiyi bir mücridir ki,
bundan da doğan konsepsiyadan Dədələlik səviyyəsi kök alır.
Foronluq
eşqinə düşər çoxları,
Söz demək
zaman vədəyə düşər.
Qaydadır
aqilin ağıllı hökmü,
Nadanın
dilində hədiyə düşər.
Süfrəndə
nan olmaz, axıtmasan tər,
Tər düşən
torpaqdan ləl -gövhər bitər.
Qüdrətli
olnda yedəklənər nər,
Kişinin
alçağı yedəyə düşər.
Ay Əli,
özünü eyləmə ləlik,
Gədə
harda olsa, eylər gədəlik.
Eldə
ağsaqqallıq, eldə Dədəlik,
Öydə Dədələşən Dədəyə düşər.
Dədələşmək
insanın ruh halıdır, öz gücünə arxalanmanın təzahürüdür. Dədəliyə yönəlmiş ruh
halı insanı ucalıq məqamına çatdıran sirli bir uçaq yolunun təyyarəsi kimi
çatar mənzilinə. Bu məqamın adamları düşüncə və amalları ilə dayanıqlı vəziyyətdə
qalırlar həmin ruh halında. Şahmalı Qurbanovun kişiliyi hər qapını açdı, amma öz
xarakteri ilə saxladı o qaıları açıq.
Çün ki, onun öz xalqı üçün açdığı qapıları bağlamaq istəyən o qədər güclər
var idi ki, hamsı sarsılıb sıradan
çıxdılar olun prinsial və güclü xarakterinin qarşısında. Öydə Dədələşib, eldə Dədələşən qüdrətli kişilərədən biri, kişilik
yolunu açıb- ağardan azman
ağasaqqallarımızdan
biri Şahmalı Qurbanovun haqda bu yazıya başlayarkən həyəcansız başlaya bilmədim.
Mövzu və ithafın qayəsi elə bir qüdrətli şəxsiyyətin adına bağlıdır ki, hiss həyəcansız ötüşmək olmur.
Bu yazını
yazdıqca mövzu niyə ağir gəldi mənə? Ağır dağların qarı da ağır olur, ona görə.
Bir yazıyla Qurbanov kimi şəxsiyyətin çəkisinin dəryadan bir damla qədərini
sonlandırmaq mümkün deyil, amma necə və hansı yöndən başlayasan ki, tarix,
zaman və insan qarşısında amnistə düşə
biləsən!? Sonunda saf ürəkdən gələn ehtiram səslərinin ahənginə uyaraq, sanki röya
aləminə varid olmaqla, varlıqları ilə müqəddəsləşmiş mötəbər və möhtərəm kişilərin
yaratdıqları ömür mücriləri içərisidə
qiyməti ölçülə bilməyəcək qədər baha olan ləli görüb onun ətrafa bərq vuran
şüasının işığı ilə çıxdım bu yazı üçün qələm götürmək yoluna.
Bütün
mahallarımızda, ellərimizdə mötəbər insanlar olub. El -obanın böyük- kiçiyi bu
cür insanlara xüsusi diqqət və münasibət göstəriblər. Elə Azərbaycanın qüdrəti
də bu cür kişilərin çiyninə yüklənib tarixin bütün dönəmlərində. Fəqət Göyçə
mahalında, Nərimanlı- Hüseyquluağalı kəndində də əzəmətli insanların dünyaya gəlib
yaşaması, həyatda bir örnək qoyaraq elin lehinə gördükləri işlər və izlər ilə
xatırlanması özü bir ibrət mənbəyi kimi tanıdılıb hər zaman bizlərə.
Şahmalı
Qurbanov kimi insanların dünyaya gəlib bu cür formalaşması və olduğu hər yerdə
dəyanət və qeyrət nümunlərini şəxsiyyətində parlaqlaşdırması təsadüfi hal ola
bilməz. Bu cür insanlarımızın həyata gəlməsi və bərəkətli ömür yaşamasını zaman
və məkan anlayışlarının vəhdətindən törənən təbiət hadisəsi kimi qiymətləndirmək
lazımdır. Böyüklər zamanla məkanın qarşılıqlı əlaqəsinin qurduğu hökmlərlə
dünyaya gəlir, vüqarlanır. Zaman anlayışı öz yerində, fəqət məkanın nə kimi təsiri
olmasını anlamaq üçün dünyaya gəldiyin mühitdə havanın, suyun, torpağın və onun
yetirdiklərinin təsirini nəzərdən yayındırmaq lazım deyil əlbəttə. Məkan insanın düşüncəsində
metaforik və metafizik əlamətləri formalaşdıran əsas amildir. Zamanın hökmü və
məkanın təbiəti qarşılıqlı surətdə bir- birini tamamlamasının təsirindən qüdrətli
şəxsiyyətlərin həyat məziyyəti formalaşır. Məkanın zənginlik ölçüləri zaman
keçdikcə insanın iliyinə, qanına işləyərək onu püxtələşdirir və əsil insan kimi
nümunəvi xislətini artırır.
Şahmalı
Qurbanovun dünyaya göz açdığı məkanın da zəngin təbiətinin bütün əlamətləri
zaman- zaman onun ideya və məfkurəsində dahilik əlamətləri formalaşdırmış, heç vaxt elin, xalqın yaddaşından çıxamayacaq
dərin xatirələrlə və ehtiramlarla ürəklərdə daim yaşamasının təməli qoyulmuşdur.
Onun keçmişinin və gələcəyinin duruluq müstəvisində formalaşması, düşüncəsinə bədii
təsirlər qoyan sosial- ədalətin, həm də insan haqqının qorunmasını, fikir bütövlüyünü,
cəmiyyət və insan münasibətlərinin doğru yolla tənzimlənməsində əsas rol oynamışdır.
Şahmalı
Qurbanovu Dədə deyə çağırırdılar. Əlbəttə ki, Dədəlik adamın ruhunda və düşüncəsində
olan təkcə bir dəyər deyil. Dədəlik insan xislətində olan idarəçilik, himayəçilk,
mərhəmətin ədalət dayağı ilə saxlanılan meyarı, mərdliyi özünə bağlayan alı
insan fəaliyyətidir. Mərdlik isə ruhun bədən
üzərində hakimliyini təmin edir. Mərd kişilərin nəfsanı hisslərdən uzaq olması,
məzlumun yanında olması el içərisində daim onları rəhmətlə andırıb. Şahmalı
Qurbanovun haqqında bu ifadələri işlətdikcə zamanın axarında gizlənmiş bir çox
gerçəkliklərin idrak daxilində baş qaldırdığının şahidi olursan. Sanki bütün sözlər
ardıcıllıqla durub məqamını gözləyir ki, bu təsvirin daha parlaq görünməsi üçün
mətnə daxil olsun. Mərd kişilər qan sovuşdurub, qan yatırıb, eyibləri örtüb,
bağışlayıb, tərbiyə edib, çörək verib, sahib çıxıb. Bu siqlət içərisində
ucalaşmaq həm talenin həm zamanın, həm məkanın, həm də genin, qanın ortaya
qoyduğu harmonik təsirlərin uzlaşmasından yaranar.
Dədəlik-
atalıq etməyin böyük işarəsidir.Şahmalı Qurbanov kimi insanların atalığı, təkcə
öz doğma övladlarının yox, hamının, elin, mahalın, üstünə əl açıb gələnin atası
olmaqdır. Elin, mahalın hər bir üzvünün haqqını tapdayanların qarşısına qəhrəman
kimi çıxıb onları yerinə otuzdurmaq - Dədəlikdir. Qadınlara ağır zəhmi ilə təsir
edib, xanımlıq simasının müqəddəsliyinə keşik çəkməkdədir- Dədəlik.
El- obanın, arvad uşağın, qız- gəlinin namus-
ləyaqətini özününkü bilməkdədəir- Dədəlik.
Ruzi
qazanmağı yolunu göstərməkdə, miskinə, fəqirə, sailə sahib çıxmaqdadır- Dədəlik!
Azaman
kişilərin irtibatını qurub onların da imkanlarını elin xeyirinə yönəltməyi
bacarmaqdadır - Dədəlik.
Şahmalı Qurbanov Dədəliyin bütün dəyərləri ilə
parlaqlaşdırdı həyatını, adı sayılan
adlar içərisində öndə idi. Ömrü boyu yüksək vəzifələrdə işlədi. İşdən evə gələndə
təkcə öz balalarının yox, eyni zamanda qonşunun uşaqlarının da başına sığal çəkirdi. O, bu sığalı ilə ədəb dərsi keçdiyinin fərqində ola- ola, həm də hamıya onu işarə
verirdi ki, hər zaman arxanızadayam, yükünüzü çəkməyə hazıram!
Nərimanlıda Şahmalı Qurbanov 1960-dan 15 il
kolxoz sədri işləyib. Kolxozçularla o qədər mehriban və səmimi olub ki, yeddidən
yetmiş yeddiyə qədər yaşda hamı onun yolunu saxlayıb, bir sözünün qarşısına
ikinci söz deməyib.
Ermənistanın harasında qastrol səfərində olan
artistlər, aktyorlar, şairlər olurdusa, habelə o zamanın tanınmış mədəniyyət,
elm, siyasi və ictimai xadimləri hamısı mütləq Şahmalı Qurbanovun dəvəti ilə Nərimanlıya
gəlib, konsertlər verib, çıxışlar edərdilər. Kənd camaatı ilə təmasda olub,
maraqlı söhbətlər ediblər. Belə halların mədəniyyət sektorunun kənddə inkişafı
üçün böyük təkanverici amil olduğunu O, gözəl bilirdi. Həm də gələn qonaqların
hesabına kəndimizin adı, adət-ənənəsi, qonaqpərvərliyi hər yerdə söylənilirdi. Rəhmətlik Nərimanlı kəndində mədəniyyətin
inkişafı üçün çox böyük zəhmətlər qoydu.
1972 ci ildə Aşıq Ələsgərin yubileyinə Bakıdan
Göyçəyə çoxlu sayda ziyalılar gəlmişdilər. Həmin yubileyin Göyçədə keçirilməsinin
rəhbəri Rayon İcraiyyə Komitəsinin sədri- Şahmalı Qurbanova Dədə deyə müraciət
edən, kiçik qardaşı Zərbalı Qurbanov idi.
Əslində bu cür möhtəşəm qlobal işlərin icra olunması Şahmalı Qurbanovun
mənəvi rəhbərliyi, dədəliyi, ağsaqqallığı himayəsində baş verirdi. O böyüklükdə
tədbirə Bakıdan müsafir olaraq qatılmış o vaxtlar Yazıçılar Birliyinin sədri-Mirzə
İbrahimov başda olmaqla bütün yazıçıları və şairləri Nərimanlıya gətirmiş,
xüsusi diqqət- qayğı ilə evində qonaq etmiş,yüksək səviyyəli münasibət göstərdikdən
sonra, Göyçənin təbiəti qoynunda,
bulaqlar başında səyahətinə mehman etmişdir.
Səməd Vurğunun İstisu Sanatoriyasında Aşıq Şəmşirlə
tarixi görüşündə Şahmalı Qurbanov izzət və hörmətlə iştirak edib, onların
qulluğunda layiqincə durmaqla həm öz adını, həm el adını layiqli zəkalarda hörmətəlayiq
şəkildə qalmasına səbəbkarlıq etmişdir. İstisu təbiətinin valehedici əsrarəngiz
gözəllikləri şübhəsiz ki, Səməd Vurğun kimi adamı ilhamlandırmaya bilməzdi.
Aşıq Şəmşirlə görüşdə olan isti münasibətdən ilhamlanan xalq şairi bir varaq istəyir ki, məlum şeiri
yazsın. Amma varaq tapılmır. Şahmalı Qurbanovun siqaret blokunun kağızı bu arada
şairin karına gəlir və həmin şeirin də elə ilkin variantı siqaret blokunun
kağızına yazılıb, sonra dillərdə əzbərə çevrilir.
Bakıdan
müğənnilər, artistlər gəlib İrəvanda, yaxud başqa yerlərdə konsert proqramları
ilə iştirak etdikdə, Yoldaş Qurbanov mütləq bütün qastrol heyətini Nərimanlıya
gətirər, öz kəndində də onların konsertini təşkil edərdi. Bu həm kənd həyatında
mədəniyyət və incəsənətin inkişafına təsir qoyardı, həm də ən nüfuzlu
insanların Nərimanlı kəndinə -məhz Qurbanov Şahmalının kəndinə gəlib orada
konsrt verməsi, onun evində qonaq olması, Göyçə qonaqpərvərliyinin , dadı
dodaqlardan getməyən Göyçə süfrəsinin, onun urvasının, ləzzətinin bu cür məhşur
şəxslərə, tanınmış xadimlərə təqdim olunması mahiyyətcə nüfuzlu qonaqlara
layiqli xidmət anlamına gəlməsi ilə bərabər kəndimizin nüfuzunun daha da
artmasına xidmət edirdi. Necə ola bilərdi ki, Qərbi Azərbaycana gələn istənilən
bir dövlət, mədədniyyət, incəsənət, ədəbiyyat xadimi Şahmalı Qurbanovun evinə gəlib onun qonağı olmasın? Bu mümkün
deyildi!
Artistlər
klubda konsert verirdilər, oradan çıxandan sonra hamısı Qurbanovun evinə
gedirdi, heyvanlar kəsilirdi, süfrələr düzəlirdi. Ən nəcib və nəfis şəkildə
onlara qonaqpərvərlik göstərilirdi. Məhz Qurbanovun süfrəsində idi bu izzət
hörmət, qonağa doğma və səmimi münasibət. O zamanlar dünya şöhrətli müğənnlilərdən
Zeynəb Xanlarova, Flora Kərimova da Şahmalı Qurbanovun elində, kəndində, evində
təam etmiş mötəbər insanlardan idilər.
“Qaynana” dramını canlandırdan böyük qastrol heyəti
klubda tamaşanı təqdim etdikdən sonra onlar da Şahmalı Qurbanovun dəvətilə evinə
təşrif buyurublar. Qızı Şəmsiyyə müəllimə qeyd edir ki, həmin dramda Afət
rolunu oynayan aktrisadan soruşdum ki, niyə qaynanana elə zülm verirdin? O da
gülə-gülə deyirdi ki, yaxşı edirdim, elə qaynanaya elə də lazımdır! Əlbəttə o zamanlar xatirə kimi
yaddaşlarımızda bu cür canlanmasına rəğmən bu işlərin içərisində olan dəyərlər əslində
elin, camaatın və Şəxsiyyətin mötəbərliyi ilə bağlı olan məsələlər idi.
Qərbi Azərbaycana ilk kino gələn kimi əvvəlcə
Nərimanlıya gəlməli idi, camaat baxıb qurtarandan sonra, kinoçu Qurbanovun evinə
dəvət olunar, geniş eyvanın baş tərəfindən ağ pərdə asılar, həmin kino yenidən
canlandırılar, onun əhli- əyalı həmin kinoya baxardı. İndiki zamanda belə şeylər
adi görünür, o zamanlar həm cürət, həm sarsılmaz hörmət, həm də cəsarət lazım
idi bunları etmək üçün. Çün ki, vəzifəli adamların hər hərəkətinə göz
qoyurdular. İllah da ki, ermənilərin paxıllığı içərisində. Sadə bir şeyi
böyüdüb Moskvaya xəbər verirdilər ki, Kommunust Partiyasının prinsiplərinə zidd
olan hərəkətlər olunur. Yoldaş Qurbanova partiya- martiya yox idi, partiyaçı
idi amma el- oba, camaat üçün nə faydalı idisə onun müstəqil şəkildə öz qəbul
etdiyi həyat qanunları ilə yerinə yetirilirdi.
Rayonda raykomluqda işləyəndə iş otağı birnci
mərtəbədə, içəri girəndə sağ tərəf küncdə idi. Həmin vaxt Yenqoyan şərəfsiz də
raykomun birinci katibi işləyridi. İşə gələndə
də, gedəndə də əvvəlcə öytənirmiş görsün Şahmalı Qurbanov koridorda deyil ki!?
İt kimi qorxusundan onun gözünə görünmürdü. Yoldaş Qurbanov onu görən kimi söyürdü ki;-
rüşvətxor köpəyoğlu, yaramırsan bu işə, səni kim gətirib, bura qoyub? Sovetin
dövründə raykom katibinə, özü də hayların hakimiyyəti içərisində belə bir
münasibət sərgiləmək nə olduğunu yəqin siz daha yaxşı dəyərləndirə bilərsiniz.Ağlagəlməz
idi.
Bir
zamanlar bölgədə ciddi maşın qıtlığı olub, hələ sovetlər birliyində kənd təsərrüfatı
maşınları istehsalı, mexanizasiya sahəsi geniş inkişaf etməmişdi, maşın
tapılmırdı. Heç yerdə yük maşınları olmayanda Şahmalı Qurbanov mərkəzi aparatın
qarşısında məsələ qaldıraraq kəndə iki ədəd setka, bir ədəd də Qaz 51 maşını gətizdirib, kənd təsərrüfatının
inkişafı üçün böyük təkan yaratmışdır. Bu da camaatın dolanşığı üçün hava- su
kimi lazımlı addımlar idi. Həmin maşınları da ən çox ehtiyacı olan tayfalara
verib ki, maşını sizə verirərəm, qazancınızla tayfanızın adamlarına köməklik
göstərin. Yeri gəlmişkən Qaz 51 gələndə Humay yengəm qohumsanaraq gedib Mərzəgül xalanın üstünə ki, bizim külfət
böyükdür,Qurbanov maşının birini Əmirmurad dayıma versin, bizə də köməyi dəysin.
Axşamüstü Şahmalı Qurbanovla Mərzəgül xala evin yan tərəfində stol qoyub,
oturub söhbət edirlərmiş. Mətləbi bilən Qurbanov deyib ki, Humay, sən ki, mənim
üstümə gəlibsən, o maşını verdim Sizə. Niyə? Çün ki, o bilirdi ki, onun üstünə
gələn bu xanım, müharibədə atasıni itirib, qəlbi sınıxdı, onu boş qaytarmaq olmaz! Nəcibliyin
və mərdliyin Dədəlik Şəxsiyyətində olan dəsti idi bu jest.
Firəngiz xala da 300 manat pul götürüb gedib təmənna
edib ki, maşının birini də onlara versin. Maşını verib və deyib ki, o pulu
aparıb özünüz üçün xərcləyərsiniz.
Onun qazandığı hörmətin, sözünün ötkəmliyinin,
prinsipallığının hamısı kəndinin elinin mahalının və xalqının karı üçün xərclənirdi.
Rayonda
qaz idarəsinin rəisi işlədiyi zaman ermənilər əsasən öz adamlarını yerləşdirmək
istəyirdi o sahəyə. Çün ki, gəlirli və asan sahə idi. Şahmalı Qurbanov şəxsi
hörmətilə qazandığı ötkəmliyini bu sahədə də müsəlmanların xeyrinə çevirdi. Həm
qıraq kəndlərdə, həm də Nərimanlıda Qaz idarəsinə saysız hesabsız adamlar işə
götürdü, erməniyə imkan verdmədi bu sahəni ələ keçirsin. Elə kəndimizdən on iki
nəfərə, hərəsinə bir maşın verməklə qaz idarəsində işə götürdü ki, bu da
camaatın maddi vəziyyətinin yaxşılaşmasına nə qədər fayda verdi.
Qaraqoyunluda
kolxoz sədri işləyəndə Xəzəl arvadın
öyündə kirədə qalırmış. Birdən- birə kənd əhalisinin iş və maddi imkanlarının
yaxşılaşmasına çox böyük dəstək oldu. Eyni zamanda kitabxanaların və mədəniyyət
evlərinin qurulmasına şəxsən təşəbbüsü ilə rəhbərlik etdi ki, bu da Dədəliyin və
uzaqgörənliyin nümunələrindəndir. İclasda gülən qadınlara təpinərmiş, ona görə
də bütün qadınlar harada olursa, olsun Qurbanovun yanında mütləq yaşmaq
tutarmış.
O, əkin-tütün sahələrində işləyən xanımların
yoxlanışına heç vaxt tək getməzmiş. Uzaqdan görəndə ki, qadın əyilib ştil əkir,
onun gəlməsindən xəbəri yoxdur, bu və ya digər şəkildə ucadan səslənirmiş ki,
onun səsini eşitsinlər, qamətlərini düzəltsinlər. İstəməzdi ki, heç kəs onun
qarşısında əyilsin. Həm bir kişi kimi xanımlara dəyər vermək nöqteyi nəzərədən.
Eyni zamanda kişilərə gəldikdə isə əyilməyi şəxsiyyət olaraq sevmirdi deyə əyilən
adamları da xoşlamırdı. İnsan düz və dürüst yaşamalıdır prinsipi onun həyat
sloqanı olmuşdur.
Daşkəndli Aşıq Hacı Bayramovun sənətinə çox
hörmətlə yanaşırmış. Bir gün kimsə də zarafatyana Aşıq Hacıya deyir ki, aprelin
birində Qaraqoyunluda konsertin var, afişə vurublar. Aşıq Hacı da aşıqlıq libasını
geyinib, bərli- bəzəkli gəlir Qaraqoyunluya konsert verməyə, baxır görür ki, nə
konsert var, nə də klubda adam. Şahmalı Qurbanov eşidir ki, Aşıq Hacı kənddədir,
çağırır yanına soruşur, nə yaxşı gəlmisən? Aşıq Hacı da qayidir ki, mənə demişdilər
bu gün burada konsertin var, afişə vurublar, mən də gəlmişəm. Soruşur bəs nə ilə
gəlmisən? Deyir özüm gəlmişəm, qayıtmağa da bir maşın yoxdur, avtobus da indi
daha işləmir, gecdir. Şahmalı Qurbanov bir az təbəssüm edir ki, bu gün aprelin
biridir, aldatma günüdür, səni aldadıblar! Kənddə bir qəşəng at var imiş,
tapşırır ki, o atı gətirin idarənin qabağına. Atı gətirirlər, Aşıq Hacıya deyir
ki, bu atı verirəm Sənə min get, qoy görsünlər ki, Aşığı aladatmaq olmaz! Elə o
atı da orada bağışlayır Aşıq Hacıya.
Əslində bu hərəkəti ilə dərin ibrət və öyüd
verir bir sıra insanlara. Həm də Şahmalı Qurbanovun adı olan yerdən heç kim əliboş
qayıda bilməz prinsipi durur məsələnin başında.
Aşıq Mahmud söyləyirmiş ki, Ağbulaqdan Nərimanlıya
gəlmişdik Aşıq İmranla. Qar- boran yolları bağladı, geri qayıda bilmədik. Neçə
gün Şahmalı Qurbanov bizi evində qonaq saxladı.
Fermaya adam göndərib deyirdi ki,
filan qara inəyin südünü sağsınlar, göndərsinlər aşıqlar içsin. Deməli, burada
qonaqpərvərliyin səviyyəsi öz yerində. Amma rəhbərlik etdiyin təşkilatda
insanlar bir yana, mal- heyvanın da bu cür dəqiqliklə yadda saxlanılması, onların
rəngi, saxlandlğı yerin yaddaşa bu dəqiqliklə verilməsi o deməkdir ki, bu adam
hər şeyə fikir verən əsil inzibatçı, rəhbər imiş. Hətta tibbi nöqteyi- nəzərdən
qara inəyin südünün isti- isti aşıqlar tərəfindən içilməsində olan faydanı da
bilirmiş ki, səsin qorunmasını, sinənin açılıb, yumşalmasını təmin edən gözəl
bir şəfa vasitəsidir. Həm də qara inəyin südünü isti- isti içərkən adamın
soyuqdəyməsini də çıxarır. Xalq təbabətində bu cür müalicə üsullarından istifadə
edirlərmiş. Sözümün canı odur ki, bu adam çox qüdrətli bir xasiyyətə malik olan
insanılıq firtətində ən-incə, zərif, nəcib əalmətləri cəmləyən dahi bir şəxsiyyət
olub.
Şahmalı
Qurbanov Moskvada Ali Partiya Məktəbi bitirən ilk rayon ziyalılarımızdandır. Həmçinin
Bakı Partiya Məktəbini də bitirmişdir. Ali təhsilini İrəvanda Zoootexnik institutunu bitirməklə
tamamlamışdır.
O, çox prinsipal, dönməz və iradəli. həm də
zirək və bilikli adam idi. Harada olurdusa, olsun böyründə- başında tanınmış
adamlar gəzirdi. Şahmalı Qurbanovun dediyi hər yerdə olmalı, sözü heç vaxt yerə
düşməməli idi. Onun yanı başında gəzən insanlaraın çoxuna dayaq oldu. Sonralar
həmin insanlar yüksək vəzifələrdə işlədilər. Ermənistanda Kommunist Nəşriyyatının
sədri Misa Nəbiyevi prinsipə oraya təyin etdirdi, ermənini qoymadı. Musa Nəbiyev
də daim onun yanında diqqət və ehtiramla yolunu gözləyirdi.
Zodda əvvəlcə
kolxoz , sonra isə sovxoz sədri işlədiyi dövrdə xüsusi idarəçilik qabiliyyəti
ilə həm kənd camaatının dərin hörmətini qazanıb, həm də Zodun təsərrüfatını
yüksək səviyyəyə qaldırıb. Açığı Zodda işləmək üçün fərqli idarəçilk üslubu tələb
olunurdu. Bu Şahmalı Qurbanov üçün o qədər də çətin deyildi.
Bir gün günorta idarəyə gələn zaman zodlulular
Nəsirin tikindən görürlər ki, Qurbanovun maşını gəlir. Sisternaların üstündə
boş- bekar oturublarmış. Maşını görən kimi hamısı dağılığşır ki, gəlib onları
boş- bekar görməsin. Həmin vaxt biçin vaxtı imiş. Hənifə bulağının yanında biçənəklər
eləcə də qalıbmış, biçən yox imiş. Həmin adamları Qurbanov çağırtdırır yanına
ki, Hənifə bulağının üstünü biçmək lazımdır. Yığılışın, kərəntilərinizi gətirin
hamımız bir yerdə biçinə gedək. Bir heyvan kəsib kabab edərik, araq, su da gətizdirəcəm,
həm də qəşəng yeyib- içərik. Hamı yığılır, gedib Hənifə bulağının yanını bir
aylıq yeri 5-6 günə biçib qurtarırlar. Hər gün də yemək- içməyi yerində. Sonra
camaat məətəl qalır ki, bu iş əmələ gələsi iş deyildi. Nətəri oldu ki, bir həftəyə
bu boyda yeri biçib qurtardıq?
1980 -ci ildə biçin vaxtı günlərinin birində
raykomun sədri(Nurcanyan bişərəf) erməni UAZ-la gəlir elə həmin Hənifə
bulağının yanına. O vaxtlar elə idi raykom katibləri biçin vaxtı kəndləri gəzib,
baxardılar iş necə gedir. Kəndin sədrləri də katibin qabağına qaçan kim, özünü
itirən kim, qorxuya düşən kim, nəsə əlqərəz gəlib Zoda da çıxır. Maşınını
saxlayıb, aşağıdan durub baxır ki, guya Qurbanov gəlib bunu qarşılayaycaq.
Qurbanov heç bunu vecinə də almır. Bir qədər gözləyəndən sonra raykomun şoferi
Valod şərəfsiz gəlib deyir ki, bəs yoldaş Qurbanov raykomun katibi gəlib gözləyir, Sizinlə görüşmək
istəyir. Qurbanov heç fikir də vermir durur biçinçilərin yanında aşağı da
düşmür. Katib gözləyir- gözləyir sonra da kor- peşman, suyu süzülmüş qaylıdıb
gedir. Hərçənd həmin vaxtlar heç bir sədrin işi deyildi ki, katib gələndə onun
qabağına xüsusi təmtəraqla çıxmasın. Yaxud onu təntənəli qarşılamasın. Şahmalı
Qurbanov isə Dədəlik simasını hər yerdə, hər zaman qorumaqla öz qüruru ilə heç
kimi vecinə alamadan yüksək vəzifələrdə işləyirdi, heç kim də ona gözün üstə
qaşın var deyə bilməzdi.
Elə Zodda işlədiyi dövrdə Ağkilsədə nəvəsinin
toyu imiş. O, Amasiya rayon öz fəaliyyət ansanblını Basarkeçərə qastrola dəvət
edir. Gəlib rayonda sonra da Nərimanlıda konsert verəndən sonra bütün dəstəni aparır Ağkilsəyə nəvəsinin
toyuna. Hərgah o zaman vəzifəli adamların dəbdəbəli məclislərinə Moskvadan mənfi
reaksiya verirdilər. Amma Qurbanov bu işi arzusu olaraq elə şəkildə başa gətirdi
ki, heç kim bilmədi. Nəhayət nəvəsinin toyunu da ürəyi istədiyi kimi elədi. Həmin
heyət bir avtobus, üstəgəl iyirmi nəfər də əlavə minik maşınında gəlmişdilər. Hələ
yolda gələndə Kəvərdə maşını saxlatdırıb yüz araq, yüz dənə də su götürüb ki, mənim
evimə qonaq gəlirsiniz. Evdəki dəm- dəstgahdan sonra ansanbl qastrollarını
yerinə yetirib. Çox razı getmişdilər.
Qurbanov1975 ci ildə rayonda balıq idarəsinin
direktoru işləyirdi. Hər gün evə gələndə axşam məhəllənin uşaqlarını çağırırdı
ki, gəlin maşının yük yerindən balıq götürün aparın evinizə. Bəlkə də yalnız
bir ən kasıb ailənin xatiri üçün edirdi bu yaxşılığı. Çün ki, Qurbanov boyda
kişi maşınında balıq gəzdirəsi deyildi. Kasıb bir adama da ayrıca pay göndərsəydi,
bəlkə də bu onun heysiyyatına təsir qoyardı deyə hamının uşaqlarını çağırıb
onlara da balıq verirdi ki, bilinməsin ən çox kimə görə bu addımı atır. Uşaqlar
da dadanmışdılar, “gündəlik qazanclarından” qalmamaq üçün onun işdən gələn
vaxtı yolun üstündəcə durub gözləyirdilər. Uşaqlar balıq paylarını alıb sevincək
evlərinə gedəcəkdilər. Kim bilir Şahmalı Qurbanov hansı kasıb ailənin xatiri
üçün hər gün öz maşınında balıq daşıyırdi ki, onun da qazanı qaynasın. Burada
bir nəciblik var-Dədəliyin işarələrindən biri.
Elə 1975- ci ildə də onu büro çağırıb
Sarıyaqub kəndinə sədr təyin etdilər. Çün ki, kolxozun 4 tayası tamamilə
yanmışdı. Kolxoz bata bilərdi! Ölçdülər-biçdilər ki, kolxozun dağılmasının
qarşısını yalnız Qurbanov Şahmalı ala bilər, odur ki, bu təyinatın əmrini
verdilər. Tayalar yanıb camaatın bir illik ruzi problemi yaranıb. Bölgüdə bir
şey yox, fermanı yemləməyə heç nə yox, neçə yüz baş iribuynuzlu , nüçə min baş
xırdabuynuzlu heyvanın saxlanması təhlükədə. Bu qədər ekstremal vəziyyətdə sədr
təyin olunan Qurbanov 3 aya kolxozun işini tamamilə bərpa etdi. Dostlarından
müxtəlif yerlərdən və rayonlaradan dəymiş zərərin yerini borcla doldurub, cari
ildə həmin borcu da qaytardı. Həmin ildə Sarıyaqub kolxozunun sırası “Bolluq
uğrunda” qəzetində axırıncı idi. Üç
aydan sonra Şahmalı Qurbanov Sarıyaqub kolxozunu rayon reytinqində 3-cü yerə çıxardı.
Bu yazdıqlarım hekayə deyil. O vaxtlar bəlkə də həlli mümkün olmayan məsələlər
idi ki, qüdrətli şəxsiyyəti ilə Şahmalı Qurbanov bu məsələləri həll edirdi. Bu
cür işləri aparmaq üçün yüksək ifarəçiliklə bərabər, şəxsi nüfuz da lazım idi.
Hər ikisi Şahmalı Qurbanov şəxsiyyətində kamil şəkildə olduğundan onun bu
xüsusiyyətləri hər yerdə gördüyü və görəcəyi işə yol açırdı.
Sarıyaqubda işləyəndə icraçı Nəcəf kişi gəlib deyir ki, yoldaş Qurbanov Sergey
uçaskovu kəndə gəlib. Qurbanov öyrənib ki, iki qardaş bir biri ilə dalaşıb,
biri də gedib şikayət edib. O, çağırıb
uçaskovunu içizdirib qəşəng hallı vəziyyətdə yola salıb ki, şikayət filan
yoxdur, get bir də bu kəndə gəlmə! İki qardaşı da çağırıb, şikayət edəni danlayıb
ki, niyə şikayət etmisən?! Qurbanov belə işlərdən çox mütəəsir olurdu. Təəssüb
o qədər böyük idi ki, belə halları qarşılaya bilmirdi. Çün ki, iki müsəlman
qardaşın arasına erməni milis girib onların işini həll etmək əvəzinə ikisini də
sıxıb, incidib pul almağı məsələsi var idi. Bu da milli tərəfdən, dini tərəfədən,
hissi tərəfdən qəbul oluna biməzdi yoldaş Qurbanov tərəfindən. Bu cür işlər
ayib saıldığından Qurbanov dözümlülük göstərə bilməzdi.
Sabah camaatı da yığıb, hamısına ciddi şəkildə
tapşırıb ki, nə probleminiz varsa, burda özümüz həll edək. Ayıbımızı erməniyə
bildirməyək. Və xüsusən də onu tapşırıb ki, kənddən kim bir daha şikayətə getsə,qayıdıb
bu kəndə gəlməsin. Camaata ciddi deyib
ki, bir də milisiyəyə getmək yoxdur! Kənddə gözəl ab-hava mehribanlıq
yaratmışdır.
Şahmalı Qurbanov süfrəsi dosta açıq bir insan
idi. Daim süfrəsinin arxasında sınanmış etibarlı dostları, ləngərli kişilər
olub. Mikayıl Bayramov, Yunis Rzayevlə, İbrahim İsmayılovla, Mikayıl Qurbanovla
çox səmimi etibarlı münasibətlər çərçivəsində davamlı dostluq işlədiblər. Abbas
Mazanovala yaxın dostluğu kirvəliyə
çevrilib, özü də nümunəvi kirvəlik. Onların və dostlarının evlərində də Şahmalı
Qurbanova Dədə deyiblər. Çün ki, bu onun qazandığı haqqı idi. Bir düşməni bağışlamaq
bir dostu bağışlamaqdan daha asandır. Bəzən dost sayılanaların xətası da çıxsa
Qurbanov onun üzüntüsünü kimsəyə bildirmədən məğruruluğu içərisində bu xətanı
yox edirdi.
Hər yeyib içəndə ilk sağlığı özü deyərmiş,
açılış sözü də aşağıdakı misralarla olarmış.
Bilsəm ki, dostun yolunda bitibdi tikan,
Tutaram dəstindən gül əvəzində.
Bu mənaya
vurğunluq və ifadə sisteminə bu iki misranın qəbul olunmasın insan mənəviyyatının
bütün əlamətlərini aydınlaşdırır. Köhnə kişilərin sözü ilə özü bir idi.
Sağlığını gözəl, ibrətamiz və ibarəli sözlərlə bitirərkən isə bu iki misranı
söyləyərmiş.
Qoy ölsün bu sağlıqdan ilham almayan.
Qəlbini sədəfli saz kimi tutub çalmayan.
Göründüyü
kimi həyatı, ideyası, məsləki bu cür qranitdən möhkəm düşüncələrdən qurulmuş
böyük şəxsiyyət Şahmalı Qurbanovun hər ifadəsində xüsusi hikmət nümunələri
vardır.
1979 cu ildə aqropromun müdiri işləyirdi. Ermənilərin
yüz vəzifəlisi azərbaycanlıları nə qədər sıxışdırıb incidirdisə, Şahmalı
Qurbanov təkbaşına onların hamısından çox ermənilərə göz açamağa qoymurdu. Bu
sadəcə dillə asan deyilən söz deyil. Məkrli düşmən erməni mühasirəsində təkbaşına
onlarla kəllə- kəlləyə gəlib, döyüş aparıb, qalib olmaq məsələsidir bu.
Şahmalı Qurbanov ailə başçısı kimi xanımının və zürriyyətinin hər bir halı ilə
vüqarlı Dədəsi idi. Onun qədər ailə canlı insanlar deyə bilmərəm nə qədərdir.
Amma onun ailə və məişət məsələlərində də qüdrəti dilin ifadə edə bilməyəcəyi qədər
böyükdür. Həyat yoldaşı Mərzəgül xanım bütün varlığı ilə xanımlıq nümunəsi idi.
Həm üzünün nuru, zahiri gözəlliyi, xoşsifət, sadə, qohumcanlı olmağı, hamının
anası kimi tanınmağı, möhtəşəm və müqəddəs sima kimi dəyərləndirilirdi. Həm də
elmli şirin söhbət bir adam idi. Şahmalı müəllimlə dərin sevgi- rəğbət, gözəl
ailə məhəbbəti müstəvisində layiqli övladlar anası kimi də hamının sevdiy bir şəxsiyyət
idi. Qurbanovun həyat yoldaşı ilə heç vaxt sözü çəp gəlməyib, xanımını çox ürəkdən
sevirmiş, hərgah azacıq xatirinə dəymiş olanda isə ehyamlı təbəssümlə;
Olmasam əgər,
kim nazın çəkər,
ay qadası!
mahnısını
ahəstə zümzümə etməklə öz həyat yoldaşını sevələyərək, qəlbini dərhal alırmış.
Ailə münasibətləri içərisində mehribançılığın sivil şəkldə qorunmasına xidmət
edəb belə səmimiyyət təbii ki, övladların da təbiətinə təsirsiz ötüşmürdü.
Gəlinlərini
qızları qədər sevər, daha çox onların könlünü oxşayardı. Hər hansı bir əşyaya gəlinlər
əl atıb götürmək istəsə çöldə -bayırda, həyət bacada hər hansı təsərrüfat işi
görmək lazım gəlsə, dərhal oğullarına səslənərmiş
ki, siz götürün, bu işi siz görün niyə gəlinlər əziyyət çəksinlər axı!?.
1977- ci
ildə Sübhan müəllim İrəvanda tələbə olanda dərsdən qayıdanda görür ki, evin
qarşısında təzə maşın dayanıb, yağın içərisində. Baxıb təəccüb edir. İçəri girəndə
atası Şahmalı müəllimi evdə görür və O, maşının açarını uzadır Çübhan müəllimə
otur, sür gedək kəndə. Hamı onu tanıyırdı deyə maşının üzərində nömrə olub-
olmamasının xüsusi əhmiyyəti yox idi. Heç oğlunun da sürücülük vəsiqəsi yox
imiş. Gərək bu dünyada elə ad qoyasan ki, adın gələndə hər yerdə hər kəs saysın,
izzət- hörmət göstərsin.
Ucaboylu
şux qamətli olduğundan hər yerdə seçilirdi. 1976 cı ildə oğlu Rizavanı qəbula Bakı
şəhərinə gətirəndə İnturistin 18- ci mərtəbəsində qalırlarmış. Bir qədər bulvarda
gəzişmək üçün aşağı düşür, dəniz kənarında gəzişirmiş. Birdən volqa maşını
dayanır, bir nəfər gəlib arxadan Qurbanovu qucaqlayaraq bağrına basır ki,
maşınla keçirdim, uzaqdan yerişindən hiss etdim sən olacaqsan. Bu o vaxtlar
yüksək vəzifədə işləyən dostu Yunis Rzayev imiş. “Vəfalı dost yad olmaz, görməsə
yüz il səni.” Bundan sonra bütün dostlar xəbər tutur, Şahmalı Qurbanovun şərəfinə
Dədəyə layiq olan məclis qurulur, respublikanın bir neçə nüfuzlu şəxsi yığılır.
Orada da mühüm milli məsələlərin müzakirəsini aparırılar.
Olduğu hər
yer adına, el –obasına, millətinə ucalıq gətirən hər şeyin edilməsinə xidmət edən
bir məkana çevrilirdi.
Abbas Bağırov, Tibb üzrə fəlsəfə doktoru