Müsahibimiz TEXIO Academy-nin təlimlər üzrə koordinator və proqram rəhbəri, CYBERSIGN-də kibertəhlükəsizlik üzrə mütəxəssis Nərgiz Əliyevadır.
- Öncə “kiber”
terminindən başlayaq. “Kiber” deyəndə əslində nə nəzərdə tutulur? Cəmiyyət bu
anlayışı çox vaxt “hakerlər” və “parollar”la əlaqələndirir. Amma sizcə kibertəhlükəsizlik
yalnız texnologiya məsələsidir, yoxsa bu, bir düşüncə mədəniyyətidir?
-Əslində “kiber”
dedikdə göz önünə yalnız monitor arxasında oturan hakerlər və mürəkkəb parollar
gəlməməlidir. Kiber məkan həm texnologiyadan, həm də o texnologiyanı idarə edən
insanın düşüncə tərzindən ibarətdir. Kibertəhlükəsizlik sadəcə kompüterləri
qorumaq üçün yazılan qaydalardan ibarət deyil, eyni zamanda insanın rəqəmsal
mühitdə necə davrandığını göstərən bir mədəniyyətdir. Güclü parol yaratmaq
texniki bir addımdır, lakin həmin parolu heç kimlə paylaşmamaq, tanımadığımız
linklərə tələsmədən yanaşmaq artıq düşüncə vərdişidir. Bu vərdiş diqqəti, məsuliyyət
hissini və öz məlumatına sahib çıxmağı tələb edir. Rəqəmsal dövrdə təhlükə
ekrandan kənara çıxmır, əksinə, hər gün həyatımızın daha da dərin qatlarına
daxil olur. Buna görə kibertəhlükəsizlik yalnız proqramçı və ya sistem
inzibatçısının işi deyil, hər bir istifadəçinin rəqəmsal davranış mədəniyyətidir.
Beləliklə, kibertəhlükəsizlik texnologiya bilikləri qədər insan şüurundan, diqqətindən
və doğru qərar vermək bacarığından başlayır. Rəqəmsal təhlükəsizliyi qorumaq, əslində
özümüzü qorumaqdır.
- Azərbaycanda gənclər arasında bu sahəyə maraq
artır. Amma hələ də haqqında söz açdığımız bu maraqlı sahə az tanınır. Sizcə, gəncləri
kibertəhlükəsizlik sahəsinə cəlb edən əsas motivasiya nədir-gəlir imkanı,
maraqlı iş mühiti, yoxsa sosial məsuliyyət hissi?
- Əlbəttə, Azərbaycanda
son illər gənclər arasında kibertəhlükəsizlik sahəsinə marağın artması təsadüfi
deyil. Bu sahə həm gəlir imkanları, həm də özünütəsdiq üçün geniş meydan
yaradır. Lakin motivasiya təkcə maaş məsələsi deyil. Gəncləri cəlb edən əsas səbəb
təhlükələri “kəşf etmək”, sistemlərin necə işlədiyini anlamaq və onları qorumaq
bacarığıdır. Bu proses gənclər üçün həm intellektual çağırış, həm də özünü peşəkar
şəkildə göstərmək üçün real imkan yaradır. Kibertəhlükəsizlik dinamik, daim
yenilənən, monotonluqdan uzaq bir mühit təklif edir. Bu sahədə hər gün yeni
problem, yeni hücum və yeni həll yolu var. Məhz bu sürət və canlılıq gəncləri cəlb
edir. Digər tərəfdən, bu sahənin sosial məsuliyyət tərəfi də danılmazdır. Kiber
mühitdəki hər uğurlu müdafiə addımı insanların məlumatlarını, şirkətlərin
sistemlərini və ölkənin informasiya təhlükəsizliyini qorumağa xidmət edir. Yəni
kibertəhlükəsizlik şəxsi karyera seçimi olmaqla yanaşı, eyni zamanda cəmiyyətə
real töhfə vermək imkanıdır. Beləliklə, gəncləri bu sahəyə gətirən motivasiya
çoxşaxəlidir: yüksək gəlir perspektivi, dinamik və yaradıcı iş mühiti, və ən əsası,
rəqəmsal cəmiyyəti qorumaq kimi mənalı bir missiyanın parçası olmaq istəyi.
-“Məni
niyə “hack” etsinlər ki?” -bu cümləni çox eşidirik. Adi bir sosial media
istifadəçisi belə hansı hallarda kiberhücumun hədəfinə çevrilə bilər və bundan
qorunmaq üçün ən sadə addım nədir?
-“Məni niyə “hack”
etsinlər ki?” cümləsi sanki insanın özünü kənarda, təhlükədən uzaqda hiss etməsinin
ifadəsidir. Halbuki kiberhücumlar yalnız böyük şirkətlərə və ya tanınmış şəxslərə
yönəlmir. Sadə bir sosial media istifadəçisi də çox rahat şəkildə hədəfə çevrilə
bilər. Çünki kiberhücumun məqsədi bəzən konkret bir insan yox, məlumatın özü
olur. Məlumat isə hər kəsdə var. Telefon nömrəsi, e-poçt ünvanı, sosial şəbəkədə
paylaşılan şəkillər, alış-veriş tarixçəsi və ya bank tətbiqinə giriş – bütün
bunlar dəyərlidir. Kibercinayətkar üçün fərq etmir, həmin məlumat sizə “dəyərsiz”
görünsə belə, o, ya satıla bilər, ya şantajda istifadə oluna bilər, ya da sadəcə
başqa hücumlar üçün “keçid qapısı” rolunu oynaya bilər.
Adi bir sosial
istifadəçi şübhəli linklərə tələsik klik etdikdə, sosial şəbəkədə tanımadığı
hesablarla əlaqə qurduqda, bütün hesablarında eyni paroldan istifadə etdikdə və
tətbiqləri rəsmi olmayan mənbələrdən yüklədikdə riskə düşür. Bütün bunların
qarşısını almaq üçün ən sadə və təsirli addım güclü və unikal parollardan
istifadə etməkdir, yəni hər hesab üçün ayrı parol və mümkün olduqda iki mərhələli
doğrulama. Bu, sanki qapınıza əlavə kilid vurmaq kimidir.
Qeyd etmək
lazımdır ki, kibertəhlükəsizlik bəzən böyük sistemlərdən deyil, çox kiçik vərdişdən
başlayır. Rəqəmsal məkan elə bir yerdir ki, “məni niyə “hack” etsinlər?” sualı
artıq öz aktuallığını çoxdan itirib. Öz məlumatına sahib çıxmaq hamının şəxsi məsuliyyətidir.
- Bəzən
düşünürlər ki, kibertəhlükəsizlik yalnız “texniki” şəxslər üçündür. Sizcə bu
sahədə uğurlu olmaq üçün hansı insani və peşəkar bacarıqlar vacibdir? Yəni
“kodu yox, insanı oxumağı” bacaran biri də bu sahədə ola bilərmi?
-Kibertəhlükəsizlik
deyəndə çoxlarının gözündə dərhal monitor arxasında kod yazan mütəxəssis
canlanır. Elə bil bu sahə ancaq “texniki zehin” tələb edir. Amma reallıq fərqlidir.
Kibertəhlükəsizlik təkcə sistemləri yox, həmin sistemlərin arxasında dayanan
insan davranışlarını da anlamağı tələb edir. Rəqəmsal təhlükələr çox vaxt kod sətirlərindən
deyil, insanların zəif anlarından başlayır. Şübhəli linkə tıklama, tanımadığın
birinə məlumat vermə, “tez cavab vermək üçün” düşünmədən addım atma – bunlar
insani reaksiyalardır. Ona görə də bu sahədə uğurlu olmaq üçün bəzən kod biliklərindən
də çox müşahidə, analiz və psixoloji yanaşma lazımdır. Bu sahədə uğur qazanmaq
üçün diqqətli olmaq, detalları görmək, analitik düşünmək, səbəb-nəticə əlaqəsini
tez qurmaq, insan davranışını anlamaq və komanda ilə aydın ünsiyyət qurmaq
vacibdir. Bir sözlə, kibertəhlükəsizlik yalnız “maus və klaviatura” işi deyil.
Burada insan faktoru açardır. Çünki hücum edən də, hücuma məruz qalan da, təhlükəsizliyi
qoruyan da insandır. “Kodu yox, insanı oxumağı” bacaran biri də bu sahədə çox dəyərli
ola bilər. Çünki kibertəhlükəsizlik həm texnologiyanın, həm də insan
psixologiyasının kəsişməsində formalaşan bir sahədir. Rəqəmsal aləmdə təhlükəsizliyi
təmin edən yalnız proqramlar deyil, düşünən, dərk edən və məsuliyyətli davranan
insandır.
-
Maraqlıdır, bəs niyə bütün dünyada
kibertəhlükəsizliyə maraq artır?
- Dünya getdikcə
daha çox rəqəmsallaşır. Məlumat artıq ən dəyərli resurslardan biridir. Həyatımızın
çox hissəsi internet üzərindən baş verir: alış-veriş, ünsiyyət, bank əməliyyatları,
hətta dövlət xidmətləri belə. Rəqəmsal sahə böyüdükcə onu qorumaq ehtiyacı da
artır. Kibertəhlükəsizliyə marağın əsas səbəbi məhz budur. Məlumat nə qədər
çoxdursa, onu ələ keçirmək istəyənlər də o qədər çox olur. Cinayətkarlıq artıq
küçələrdən ekrana keçib. Hücumlar görünməzdir, səssiz gedir, bəzən insan nə baş
verdiyini çox gec anlayır. Dövlətlər üçün bu, milli təhlükəsizlik məsələsinə
çevrilib. Şirkətlər üçün nüfuz və maliyyə riski deməkdir. Sadə insanlar üçün isə
şəxsi məlumat, şəxsi həyat və maliyyə təhlükəsizliyi. Yeni dövrdə güc yalnız
silah və iqtisadiyyatla ölçülmür. İnformasiyanı qorumaq və idarə etmək də
gücdür. Bu səbəbdən kibertəhlükəsizlik yalnız bir sahə deyil. Bu, müasir
dünyanın özünü qoruma mexanizmidir. Rəqəmsal inkişaf nə qədər sürətlənirsə, onu
qorumağa olan ehtiyac da bir o qədər artır.
- Rəqəmsal
izlər məsələsi-çoxumuzun görmədiyi, amma iz qoyduğu bir sahədir. Gənclər sosial
mediada paylaşdıqları foto, lokasiya və məlumatlarla bəzən fərqinə varmadan özlərini
necə riskə atırlar?
Rəqəmsal dünya
görünməz olsa da, orada atdığımız hər addım iz buraxır. Sosial mediada
paylaşılan hər foto, yazılan hər status, hətta “günortadan sonra kafedəyəm”
kimi sadə bir lokasiya paylaşımı belə fərdi məlumatın bir hissəsidir. Gənclər bəzən
bunun nə qədər dəyərli və eyni zamanda nə qədər təhlükəli ola biləcəyini
anlamırlar. Sosial mediada öz həyatını sərbəst və açıq şəkildə göstərmək bir
növ özünü ifadə etməkdir. Lakin paylaşım nə qədər açıqdırsa, risk də o qədər
artır. Məsələn, daimi olaraq lokasiya paylaşmaq ətrafdakı insanlara sizin
harada olduğunuzu və nə zaman evdə olmadığınızı bildirir. Yaxud da, şəkillərdə
arxa fondakı detallar mənzil, maşın nömrəsi və ya iş yeriniz haqqında ipucu verə
bilər. Bundan başqa, profilə baxan hər kəs görünür düşüncəsi yanlışdır. Həmin məlumatlar
tanımadığınız şəxslər tərəfindən toplanıb başqa məqsədlər üçün istifadə oluna
bilər.
Rəqəmsal izlər
real həyatda ayaq izləri kimidir. Onlara baxaraq sizin hansı yolla getdiyinizi,
harada olduğunuzu və hara getmək istədiyinizi təxmin etmək olur. Kiberhücumlar
çox vaxt məhz belə “sadə” məlumatlardan başlayır. Bu riskdən qorunmağın ən sadə yolu paylaşımı
düşünərək etməkdir. Özünüzə sual verin: “Bu məlumatı hər kəsin bilməsini istəyirəmmi?”
Əgər cavab “yox”dursa, paylaşım gözləyə bilər. Rəqəmsal məkan sərbəstlik üçün
yaradılıb, amma sərbəstlik məsuliyyət tələb edir. Öz izinin sahibi olmaq, öz təhlükəsizliyinin
də sahibidir.
- Belə
deyə bilərikmi ki, kiber sahə təkcə “IT insanları” üçün deyil?
PR,
hüquq, təhsil və ya marketinq sahəsində olan biri bu dünyaya necə daxil ola bilər?
Bu sahənin çoxşaxəli tərəfləri hansılardır?
- Kiber sahə çox
vaxt yalnız proqramçılar və sistem inzibatçıları ilə əlaqələndirilir. Sanki bu
aləmə girmək üçün mütləq kod yazmağı bilmək lazımdır. Amma kibertəhlükəsizlik əslində
geniş bir ekosistemdir və burada hər kəs üçün yer var. Çünki kiber məkan yalnız
texniki qurğular deyil, insan, informasiya, kommunikasiya və idarəetmə ilə
bağlı bir bütöv dünyadır. Məsələn, PR sahəsində olan biri kiber insidentlərdən
sonra düzgün kommunikasiya strategiyası qurmaqda vacib rol oynaya bilər. Hüquq
üzrə çalışan biri şəxsi məlumatların qorunması, rəqəmsal hüquqlar və kibercinayətlərin
hüquqi tənzimlənməsi sayəsində bu sahənin mühüm bəndinə çevrilə bilər. Təhsil
işçiləri kiber maarifləndirmə proqramları hazırlayaraq cəmiyyətdə rəqəmsal mədəniyyətin
formalaşdırılmasına töhfə verə bilər. Marketinq mütəxəssisi isə rəqəmsal
platformalarda təhlükəli davranış modellərini analiz edib insan faktorunun idarə
olunmasına dəstək verə bilər.
Kiber sahənin
çoxşaxəli tərəfləri texniki analiz və müdafiədən hüquqi və etik çərçivələrə,
insan davranışı və sosial mühəndislikdən maarifləndirmə və təlimə, eləcə də
risklərin idarə olunması və strategiyaya qədər uzanır. Yəni kibertəhlükəsizlik
yalnız kod sətirlərindən ibarət deyil. Burada insan mərkəzdədir. İnsanı
anlamaq, məlumatın dəyərini bilmək və təhlükəsiz davranış mədəniyyətini yaymaq
da bu sahənin ayrılmaz hissəsidir. Bu dünyaya daxil olmaq üçün əsas olan yalnız
maraq və öyrənməyə açıq olmaqdır. Kimliyiniz, ixtisasınız və ya əvvəlki iş təcrübənizdən
asılı olmayaraq, kiber sahədə sizin bacarığınıza uyğun bir mövqeyə yer var.
-
Kibertəhlükəsizlik üzrə mütəxəssis olmağı arzulayan gənclərə ən səmimi
mesajınız nə olar? Bu yolda yeni başlayan biri üçün haradan başlamaq, hansı səhvləri
etməmək və ən əsası motivasiyanı necə qorumaq lazımdır?
-Məcazi mənada
desək, kibertəhlükəsizlik sahəsini seçmək bir az zirvəyə qalxmağa bənzəyir. Yol
bəzən mürəkkəb görünə bilər, bəzən də “haradan başlamaq?” sualı yorucu ola bilər.
Amma bu sahənin ən gözəl tərəfi odur ki, burada hər addım sənə yeni bir
bacarıq, yeni bir baxış və yeni bir düşüncə hədiyyə edir. Bu sahəyə başlamaq
istəyən gənclərə demək istəyirəm ki, heç kim bu sahəyə mütəxəssis kimi
başlamır. Hamı sıfırdan başlayır. Əsas olan səbr və intizamlılıqdır. Başlamaq
üçün əsas kompüter və şəbəkə anlayışlarını öyrənmək, Linux sistemlərinə
alışmaq, sadə təhlükə ssenarilərini anlamaq və təhlükəsiz laboratoriyalarda təcrübə
toplamaq kifayətdir. Bütün bunlar sonradan böyük biliklərin bünövrəsini təşkil
edir. Ən çox edilən səhv isə tələsik nəticə gözləməkdir. Kibertəhlükəsizlik elə
sahədir ki, “tez öyrənim, sabah mütəxəssis olum” yanaşması işləmir. Burada
düşünmək, analiz etmək və daim özünü yeniləmək əsasdır. Əgər bu gün nəyisə
anlamadınsa, bu, sabah anlamayacağın demək deyil. Sadəcə üzərində dayanmaq
lazımdır. Motivasiyanı qorumağın yolu isə çox sadədir: öz inkişafını hiss
etdikcə motivasiya artır. Hər həll etdiyin tapşırıq, hər başa düşdüyün yeni
termin sənə kiçik qələbə kimi geri qayıdır. O qələbələr toplanır, zamanla özgüvənə
çevrilir. Biz TEXIO Academy-də bunun şahidi oluruq ki, istək olduqdan sonra
yaşından və ixtisasından asılı olmayaraq hər bir şəxs kibertəhlükəsizlik sahəsini
öyrənə bilər.
Bir də qeyd etmək
istəyirəm ki, gənclər bu məqamı unutmamalıdırlar: kibertəhlükəsizlik sadəcə peşə
deyil. Bu, düşüncə tərzidir. Necə ki, yaxşı həkim insanı, yaxşı hüquqşünas
qanunu anlayır, yaxşı kiber mütəxəssis də həm sistemi, həm insan davranışını
anlayır. Bu yolda ən vacib olan isə özünə verdiyin sözlərə sadiq qalmaq, öz
tempində öyrənmək, başqası ilə özünü müqayisə etməmək və hər gün bir addım atmaqdır.
Kiçik addım belə, durmaqdan yaxşıdır. Baxmayaraq ki, bu yol uzundur, amma o
yolun hər addımı dəyərli olacaq. Buna inanaraq davam etmək lazımdır.