"Nazirliyin açıqlamaları təhsildəki real problemləri ört-basdır edir" - Elşən Qafarov

"Nazirliyin açıqlamaları təhsildəki real problemləri ört-basdır edir" - Elşən Qafarov
09:35

“Elm və təhsil naziri Emin Əmrullayevin son açıqlamaları Azərbaycan təhsilində problemləri gizlətmək, ört-basdır etmək üçün növbəti manevri idi.”

 

Bu sözləri təhsil mütəxəssisi Elşən Qafarov E.Əmrullayevin müəllimlərin iş saatı ilə bağlı rezonans doğuran təklifinə münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, müəllimlərin iş saatına keçid hələlik fikirdir: “Bunun nə maliyyə, nə də hüquqi əsasları var. Məsələ Nazirlər Kabinetində müzakirə olunmalıdır, qərar verilməlidir. Təhsil Nazirliyinin səlahiyyətində deyil ki,  bütün sistemdə iş rejimini dəyişsin. Biz hələ bilmirik iki ildən sonra nazir olaraq fəaliyyətini davam etdirəcək ya yox. Ölkə prezidenti bununla bağlı sərəncam verəcəkmi... Buna görə, Emin Əmrullayevin bu fikri ciddi bir fikir deyil, sadəcə, cəmiyyətdə ciddi rezonans doğurub. Bu, hazırda təhsil sistemində olan o böyük  problemlərdən cəmiyyətin, mətbuatın diqqətini yayındırmaq məqsədi güdürdü”.

 

Müəllimlərin daha çox təhsil və məktəblərdə olan real problemlərə köklənməyinin mühüm olduğunu qeyd edən E. Qafarov ştat vahidi sisteminə keçidin vacib olduğunu bildirib: “Azərbaycan müəllimi ştat vahidi sisteminə keçməlidir. Bu, müəllimin iş yerinə bağlılığı ilə bağlıdır. Düşünürəm ki, bizdə də gec-tez buna keçilməlidir. Hətta bu məsələdə gecikirik. Müəllimin ştat vahidinə keçməsi nə deməkdir? Bu o deməkdir ki, müəllim məktəbi öz iş yeri kimi görəcək, sadəcə, dərsini keçib getməyəcək. Yəni o, məktəbin daimi əməkdaşı kimi fəaliyyət göstərəcək. Amma proses tənzimlənməlidir. İllərlə oturuşmuş sistem var. Azərbaycan müəllimi bu gün əmək haqqından daha çox  repetitorluqla məşğul olur və bütün dolanışığını  repetitorluqla təmin edir. Xaricdə tətbiq edilən bu sistemin  Azərbaycanda icrasına ilk olaraq lisey, gimnaziyalardan başlamaq olardı”.

 

Ekspert təhsilin bütün pillələrində problemin olduğunu vurğulayıb: “Bütün problemlər gündən-günə böyüyüb, dərinləşir. Nə qədər ölkə təhsilini təhsildən anlayışı olmayanlar idarə edəcəklər, təhsil adamları təhsil sistemindən uzaqlaşdırılacaq, təhsilə layihə, biznes gözüylə baxılacaq hansısa bir inkişafdan danışmaq absurddur. Nazir bildirir ki, tam ştatlı müəllimlər guya sertifikasiyadan azad olunacaqlar. Bu qanunvericiliyə ziddir. Elm və təhsil nazirinin səlahiyyəti yoxdur ki, ölkə prezidentinin verdiyi sərəncamın əksinə danışsın”./// pravda.az


Sizin reklam burada
Sizin reklam burada