NATO qoşunlarının Ukraynaya gəlişi müharibəni genişləndirə bilər

NATO qoşunlarının Ukraynaya gəlişi müharibəni genişləndirə bilər
12:38

"Rusiya Ukrayna ərazisində NATO qüvvələrinin yerləşdirilməsini qəti şəkildə qəbul etmir. Xüsusilə Böyük Britaniya, Fransa, Almaniya kimi ölkələrin qoşunlarının hər hansı ad altında Ukraynada yerləşdirilməsi Moskva tərəfindən qəbuledilməz hesab olunur."

Bu fikirləri politoloq Oqtay Qasımov News365.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Avropada bu məsələ ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur.


Avropa İttifaqı daxilində bəzi ölkələr, o cümlədən Macarıstan bu təşəbbüslərə ehtiyatla yanaşır. Bununla yanaşı, Ukraynaya real dəstək vermək istəyən dövlətlər fərqli format üzərində razılaşmağa çalışırlar.

Politoloq qeyd edib ki, Böyük Britaniya, Fransa, Niderland, Polşa və digər ölkələr qoşun göndərməyin ciddi problemlər yaratmayacağını düşünürlər və bu ölkələrin cəmiyyətləri də müəyyən mənada buna hazırdır. Avropa liderlərinin Rusiya təhlükəsi ilə bağlı səsləndirdiyi açıqlamalar da məhz ictimai rəyə mesaj vermək məqsədi daşıyır ki, vaxtında addımlar atılmasa, gələcəkdə Rusiya təhlükəsi bu ölkələr üçün də təhdid yarada bilər.

Oqtay Qasımovun sözlərinə görə, bu ssenarinin reallaşması üçün ilk növbədə ABŞ-ın razılığı vacibdir. Eyni zamanda, tərəflər arasında, yəni Ukrayna ilə Rusiya arasında müəyyən razılaşmanın imzalanması zəruridir. Əks halda, xarici qoşunların Ukraynaya yerləşdirilməsi Rusiya tərəfindən müharibənin miqyasının genişləndirilməsi kimi qiymətləndiriləcək.

Politoloq əlavə edib ki, Rusiya tərəfi ABŞ-ı prosesdən kənar saxlamağa çalışsa da, Vaşinqtonun bu məsələdə əsas hədəf kimi qalması ehtimalı yüksəkdir.


Sizin reklam burada
Sizin reklam burada