Cənubi Qafqazda geosiyasi rəqabətin dərinləşdiyi bir dövrdə Ermənistan üzərində Rusiya-Qərb qarşıdurması daha açıq şəkildə hiss olunmağa başlayıb. Xüsusilə Ermənistanda qarşıdan gələn siyasi proseslər fonunda Moskvanın sərt mesajları diqqət çəkir.
Əhməd Şahidov News365.az-a açıqlamasında bildirib ki, Ermənistan uzun illərdir Rusiyanın ciddi təsiri altında olan ölkələrdən biri hesab olunur.

Politoloqun sözlərinə görə, Ermənistanın xarici siyasəti, enerji təhlükəsizliyi və müdafiə sistemi uzun müddət Moskvanın nəzarətində olub. O qeyd edib ki, Nikol Pashinyan hakimiyyətə gəldikdən sonra ölkənin Rusiyadan asılılığını azaltmağa və Qərblə münasibətləri gücləndirməyə çalışır.
Əhməd Şahidov bildirib ki, buna baxmayaraq, Ermənistanda hələ də Rusiyaya yaxın siyasi qüvvələr və təhlükəsizlik baxımından ciddi asılılıq qalmaqdadır. Onun fikrincə, seçkilər yaxınlaşdıqca Moskva daha sərt və açıq ritorikaya keçir.
Politoloq qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlamaları birbaşa Ermənistanın daxili siyasətinə mesaj kimi qiymətləndirilə bilər.
Ekspert hesab edir ki, Kreml həm Nikol Paşinyan hakimiyyətinə təzyiq göstərməyə, həm də erməni cəmiyyətinə xəbərdarlıq mesajı verməyə çalışır. Onun sözlərinə görə, Rusiya Ermənistana Ukrayna ssenarisini xatırladaraq yeni müharibə riskini gündəmə gətirir.
Əhməd Şahidov bildirib ki, bu mesajlar eyni zamanda Ermənistandakı müxalif qüvvələr üçün də siyasi dəstək xarakteri daşıyır. Politoloqun fikrincə, Moskva Qərbə də açıq mesaj verir ki, Ermənistanı öz təsir dairəsindən çıxarmağa imkan verməyəcək.
O əlavə edib ki, regionda gərginliyin artması fonunda Ermənistanda müxtəlif təxribat və daxili qarşıdurma ssenariləri də istisna edilmir.