Milli komandamızdakı intizamsızlıq haradan qaynaqlanır?

Milli komandamızdakı intizamsızlıq haradan qaynaqlanır?
06 Sen 2024 19:12

Ramil Şeydayevin penaltini vurmaq üçün topu Emindən alması bir sıra boşluqları üzə çıxartdı. 

News365.az xəbər verir ki, bu sözləri idman eksperti Kənan Məstəliyev bildirib. O hesab edir ki, bu Ramil Şeydayevin istəkli olmasından xəbər versə də, milli komandadakı boşluqların da göstəricisidir. 

"Ramilin istəkli və özünəinamlı olması bir futbolçu üçün yaxşı xüsusiyyətdi, amma bunun nəticələrini də düşünmək lazımdı. Biz həftə səkkiz, mən doqquz penal qazanmırıq. Üstəlik, elə bir komanda da deyilik ki, heyətimiz dünya ulduzları ilə dolu olsun, penal qaçırılsa da, oyunda onu başqa qollarla unutdura bilək. Biz penal qazanmışıqsa, nə olursa-olsun, ondan yararlanmalıyıq. Başqa yolumuz yoxdu. Ona görə də işi bilənə tapşırmaq lazımdı. Bilən isə Emin Mahmudovdu, dəfələrlə də bunu sübut edib. 

O ayrı məsələdi ki, Eminin qolunda kapitan sarğısı olsa da, meydanda sözü keçmir. Şeydayev eyni epizodda topu məsələn, Maksim Medvedevin, yaxud Rəşad Sadıqovun əlindən ala bilərdimi? Mümkün deyildi, heç ağlına belə gətirməzdi. Deməli, Mahmudovda da günah var. 

Baş məşqçi Fernandu Santuşun oyundan sonra penalti ilə bağlı suala "Mən oyundan qabaq da, penalti olanda da, Emin Mahmudov deyirdim" cavabını verməsi isə digər bir mətləbi ortaya çıxarır. Deməli, komanda daxilində problem var, futbolçular həm bir-birinə, həm də baş məşqçiyə hörmət eləmir. Belə olan halda Santuşun nüfuzuna elə ilk gündən zərbə dəymiş olur.

Ola bilər ki, bu intizamsızlıq hamıya yox, tək Ramilə aiddi, adam özfəaliyyətlə məşğul olub. Bunun isə cəzası olmalıdı. Əvvəla, Santuş mütləq hansısa inzibati qərar qəbul etməli, komandaya da, ictimaiyyətə də yığmanın əsl rəhbərinin məhz özü olduğunu göstərməlidi. AFFA da Şeydayevin ölkəmizə calayanlar və arxasında dayananlara boyun əyməməli və portuqaliyalı mütəxəssisə dəstək olmalıdı. Təbii ki, o nəsə qərar qəbul etsə. Məsələn, Slovakiya ilə matçda oyuna ehtiyat oyunçular skamyasından başlatmaq qərarı. Onsuz da meydanda qaçmaqdan başqa xeyri olmayan bu adamın yoxluğundan çox da əziyyət çəkməyəcəyik. Əvəzində komandada intizam olacaq və bu gələcək kollektivin qurulması, onun möhkəm təməlinin atılmasında böyük rol oynayacaq. Gözləyək, görək nə olur.

O ki qaldı Şeydayevə, biriləri ona desin ki, sən heç kimsən. Qurban Qurbanov olmasaydı, səni düzəltməsəydi, indi dünyanın dörd küncündə arendalarda səyahətçilik eləyirdin. Milli sənin dədənin malı deyil. Klubunla yığmanı səhv salma. Bilmirəm "Neftçi"də nə baş verir, orda sənin sözün hara qədər keçir, hansı gücə maliksən, amma yığmada sənsiz də keçinə bilərik. Başını aşağı sal, futbolunu oyna."


Youtube kanalımız