Qırmızı planet haqqında bildiklərimiz alt-üst oldu: Marsın təkində gizli sistem tapıldı

Qırmızı planet haqqında bildiklərimiz alt-üst oldu: Marsın təkində gizli sistem tapıldı
20:30

Mars planetinin daxili quruluşu alimlərin düşündüyündən çox daha mürəkkəb olub. Yeni aparılan araşdırmalar Qırmızı planetin qabığı altında nəhəng, bir-biri ilə əlaqəli magma sistemlərinin mövcud olduğunu üzə çıxarıb.

"Nature Astronomy" jurnalında dərc olunan tədqiqat zamanı NASA-nın "InSight" eniş aparatının Marsda baş verən zəlzələlər və meteorit düşmələri əsasında topladığı seysmik məlumatlar təhlil edilib.

Planetin 24 kilometr dərinliyində nə var?

Oksford Universitetinin Yer Elmləri Departamenti və Bristol Universitetinin tədqiqatçılarının birgə həyata keçirdiyi araşdırmada vacib geoloji detallar məlum olub. Mütəxəssislər Mars səthinin təxminən 24 kilometr (15 mil) dərinliyində silica (silisium-dioksid) ilə zəngin süxurları daha dərinlikdə yerləşən dəmir və maqnezium qatlarından ayıran geoloji sərhəd müəyyən ediblər.

Aşkar edilən faktlar göstərir ki, magma vaxtilə planet qabığının altında sadəcə təcrid olunmuş vulkanik kameralar şəklində deyil, böyük və bir-biri ilə sıx bağlı şəbəkələr halında toplanaraq inkişaf edib.

Kainatda həyat axtarışlarına yeni baxış

Bu kəşf elmi aləmdə kök salmış vacib bir fərziyyəni şübhə altına alır. Hər zaman belə hesab olunurdu ki, mürəkkəb planet qabığının formalaşması yalnız Yerdəki kimi plitələrin tektonik hərəkəti (maddələrin dövriyyəsi və qitələrin yaranması prosesi) nəticəsində mümkündür. Lakin Mars tektonik plitələrin hərəkətinə sahib olmasa da, son dərəcə mürəkkəb qabıq strukturu formalaşdırmağı bacarıb.

Tədqiqatçıların fikrincə, bu nəticələr daşlı/qayalı planetlərin təkamülü haqqında elmi təsəvvürləri tamamilə dəyişə bilər. Bu isə o deməkdir ki, kainatda yaşayış üçün yararlı şəraitin mövcud olma ehtimalı əvvəllər zənn edildiyindən daha yüksəkdir.


Sizin reklam burada
Sizin reklam burada