Ağ Ev Çinin süni intellekt üzrə "Moonshot AI" startapını ən son modeli olan "Kimi K3"ü təkmilləşdirmək üçün ABŞ texnologiyalarından qanunsuz istifadə etməkdə ittiham edib. Bu iddia Vaşinqton və Pekin arasında texnoloji rəqabəti daha da gərginləşdirib.
Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru Maykl Kratsios "Moonshot AI" şirkətinin "Anthropic" də daxil olmaqla ABŞ-nin aparıcı süni intellekt sistemlərindən imkanlar mənimsəmək üçün genişmiqyaslı əməliyyat həyata keçirdiyini iddia edib.
Kratsiosun sözlərinə görə, ABŞ rəsmiləri "Moonshot"un "Kimi K3" modelini təlimatlandırmaq üçün "model distilləsi" (daha kiçik süni intellekt modelinin daha təkmil sistemin nəticələrinə əsasən öyrədilməsi) üsulundan istifadə edərək "Anthropic" şirkətinin "Fable" modelindən faydalandığına inanırlar.
Model distilləsinin tədqiqatlarda geniş istifadə olunduğunu bildirən Kratsios, bunun məxfi şəkildə və sənaye miqyasında mülkiyyət hüququ olan texnologiyanı kopyalamaq üçün edilməsini fikri mülkiyyət oğurluğu kimi qiymətləndirib.
Ağ Ev, həmçinin "Moonshot"un ABŞ-nin eksport məhdudiyyətlərinə baxmayaraq, "Nvidia GB300 Blackwell" prosessorları ilə işləyən serverlər əldə etdiyini və Tailandda analoji avadanlıqlara çıxış qazandığını bildirir.
Sanksiya xəbərdarlığı: ABŞ-nin Xəzinədarlıq naziri Skott Bessent Tramp administrasiyasının Çin AI şirkətlərinin oğurlanmış ABŞ fikri mülkiyyətinə söykənib-söykənmədiyini araşdırdığını bəyan edib. Qaydaları pozan şirkətlər sanksiyalarla və ya "Varlıqlar Siyahısı"na (Entity List) salınmaqla üz-üzə qala bilərlər.
Saxta hesablar: "Anthropic" daha əvvəl "Moonshot"u saxta hesablar vasitəsilə "Claude" modelları ilə 3,4 milyondan çox qarşılıqlı əlaqə qurmaqda və kodlaşdırma, mühakimə yürütmə, məlumat analizi kimi imkanları mənimsəməkdə günahlandırmışdı.
Pekin və "Moonshot AI" hələlik bu son iddialara rəsmi cavab verməyib, lakin Çin tərəfi daha əvvəl analoji ittihamları rədd edərək süni intellektdəki nailiyyətlərin yerli innovasiya və yatırımların nəticəsi olduğunu bildirmişdi.
News365.az