"“Məlhəm” Hospital İddiaları rədd edir: "Doğuş protokola uyğun aparılıb"-VİDEO

"“Məlhəm” Hospital İddiaları rədd edir: "Doğuş protokola uyğun aparılıb"-VİDEO
01 Okt 2025 19:30
Xəbər verdiyimiz kimi, saytımıza ‘Məlhəm" Hospitalı ilə bağlı şikayət daxil olmuşdu. İddia o idi ki, pasiyentə uşağın vəziyyəti ilə bağlı ətraflı məlumat verilməmiş doğum əməliyyatı qeysəriyyə üsulu ilə keçirilməsinin vacibliyi izah olunmayıb. Nəticədə isə uşaq problemli doğulub. 

Bununla əlaqədar olaraq əməkdaşımız qarşı tərəfin mövqeyini öyrənmək üçün adıçəkilən tibb müəssisəsində həkimlərlə görüşüb.

Mama-ginekoloq Pərvin Xəlilova deyib ki, mübahisəli doğuşla bağlı həkimin açıqlamasına görə, göbək ciyəsinin iki dəfə boyuna dolanması doğuşu təbii yolla aparmağa əks göstəriş sayılmır və proses bütün protokollara uyğun şəkildə nəzarət altında həyata keçirilib:

"Pasiyent bizim klinikanın işçisi olmuşdur. Hamiləliyin əvvəlindən Gülənay xanımın təqibi mənim nəzarətimdə aparılıb. Bu, onun ikinci hamiləliyi idi, yaşı 32-dir. Hamiləlik dövründə bütün müayinələr vaxtında keçirilib, heç bir kontrol buraxılmayıb və patologiya izlənməyib.

Hamiləliyin 37-ci həftəsində planlı müayinədə uşaqlıq boynunda göbək ciyəsinin iki dəfə dolanması aşkar olundu. Mövcud protokollara əsasən bu, qeysəriyyə əməliyyatına mütləq göstəriş hesab olunmur. Ona görə də doğuşun təbii yolla aparılması qərarı verildi, amma xüsusi nəzarət altında saxlanmalı idi. Əgər doğum zamanı dölün ürək döyüntülərində patoloji müşahidə olunardısa, o zaman təcili qeysəriyyə planlaşdırılırdı.

38-ci həftədə pasiyent təkrar qəbula çağırıldı, lakin 37 həftəni tamamladıqdan sonra gecə saatlarında sancı ilə klinikaya müraciət etdi. Saat 22:00 radələrində daxil oldu, 1 barmaq açılış və döl mayesinin axması müşahidə edildi. NST aparatı ilə dölün ürək döyüntüləri izlənildi və normal idi. Ananın sancıları müntəzəm və ritmik idi, hər 30 dəqiqədən bir təkrar nəzarət aparılırdı.

Saat 02:00 radələrində açılış 7–8 sm olmuşdu, ürək döyüntüləri yenə də normal idi. Gecə 03:30-da tam açılış yarandı və qadın təkanvermə dövrünə daxil oldu. Bu mərhələdə hər 10 dəqiqədən bir NST izlənməsi aparıldı, heç bir patoloji qeydə alınmadı.

Son 45 dəqiqədə təkanvermə zəifliyi müşahidə olundu. Protokola uyğun olaraq 500 ml oksitosin məhlulu 1 dəqiqədə 8 damcı sürətlə başlanıldı. Saat 03:45-də epizyotomiya icra edildi. Təxminən 04:00-da doğuş baş tutdu. Doğuş zamanı göbək ciyəsinin iki dəfə dolanması və əlavə olaraq bir düyün müşahidə edildi. Dərhal göbək ciyəsi kəsildi, dölün ağız boşluğu təmizləndi və uşaq nevropotoloquna təhvil verildi.

Uşaq doğulduqda ağlamadı, ürək vurğuları zəif idi. Nevropotoloq və tibb bacısı tərəfindən reanimasion tədbirlər görüldü. Sonrakı müalicə və baxım uşaq şöbəsində davam etdirildi.”

Pediatr-neonatoloq Səid Səidov uşağa göstərilən tibbi yardımı belə izah edib:

"20.06.2025-ci il tarixində saat 04:10-da Məmmədova Gülənay Akif qızı normal doğuş yolu ilə oğlan övladı dünyaya gətirmişdir.

Doğuşdan sonra uşağın spontan tənəffüsü müşahidə olunmamış, həyati göstəriciləri qeyri-sabit olmuş, bradikardiya izlənmişdir. Doğum zalında dərhal intubasiya olunmuş, ürək masajı və adrenalin tətbiq edilmişdir. Stabilizasiya olunduqdan sonra uşaq yeni doğulmuşların reanimasiya şöbəsinə yerləşdirilmiş, kəllə qatı (CPAP) dəstəyi verilmiş, damar daxili maye və antibiotik müalicəsi başlanmış, simptomatik terapiya və hipotermiya proqramı icra olunmuşdur.

Sonrakı günlərdə vəziyyəti kritikləşmiş, qıcolmalar müşahidə olunmuş və bu səbəbdən uşaq nevroloqun nəzarətinə götürülmüşdür. İrəliləyən günlərdə kranial USM və MRT müayinələri aparılmış, nəticədə ağır hipoksik-işemik ensefalopatiya diaqnozu qoyulmuşdur.

Ailə doğumun ilk günlərindən etibarən uşağın vəziyyətinin kritik, ağır olduğunu, beyin toxumalarının zədələndiyini, asidoz və hipoksiya əlamətlərinin mövcudluğunu pediatr-neonatoloqlar və nevroloqlar tərəfindən ətraflı şəkildə məlumatlandırılmışdır. Buna baxmayaraq, ailə dəfələrlə uşağın kritik vəziyyətini əsas gətirərək süni tənəffüs aparatından ayrılmasını xahiş etmişdir. Lakin tibb işçiləri tərəfindən uşağın həyatını qorumaq məqsədilə bütün müalicələr sona qədər davam etdirilmişdir.

Hal-hazırda uşaq süni tənəffüs aparatından ayrılmış, maska ilə oksigen dəstəyi alır, zond vasitəsilə gündə 40–50 ml qidalandırılır. Vəziyyəti stabil olaraq qiymətləndirilir".

Qeyd edək ki, tanınmış media mənsubu Ulucay Akif “Məlhəm” Hospitaldan şikayət edib. O bacısı Gülənay Məmmədovanın doğuş zamanı həkim səhlənkarlığından uşağnın problemli doğulduğunu deyib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada