“Azərbaycan–Özbəkistan münasibətləri yeni strateji mərhələyə qədəm qoyur“.
Milli Məclisin deputatı Samir Vəliyev bu sözləri News365.az-a açıqlamasında deyib.
“Azərbaycan və Özbəkistan arasında olan münasibətlərin kökündə bir mənalı olaraq ilk öncə iki ölkə liderlərinin şəxsi münasibəti durur. Eyni zamanda Azərbaycan və Özbəkistan arasında dərin tarixi, mədəni və dil birliyi var. Hər iki xalq türk mənşəlidir, İslam dinini paylaşır və mədəni dəyərlər baxımından kifayət qədər yaxın oxşarlıqları vardır.
Siyasi və diplomatik münasibətlər baxımından son illərdə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlət başçıları arasında yüksək səviyyəli görüşlər daha çox olub, komissiyalar yaradılıb, hökumətlərarası komissiyalar mövcuddur, kifayət qədər sayda rəsmi sənədlər imzalanıb. İki ölkə bir-birini hər zaman dəstəkləyir – istər Birləşmiş Millətlər Təşkilatı səviyyəsində, istər Türk Dövlətləri Təşkilatı çərçivəsində, istərsə də digər beynəlxalq platformalarda. Bundan əlavə, Ali Dövlətlərarası Şura mövcuddur ki, bu da əməkdaşlığı sistemli şəkildə genişləndirmək üçün institusional mexanizm rolunu oynayır.
İqtisadi əməkdaşlıq kifayət qədər geniş bir şərait alıb. İqtisadi tərəfdaşlıq sürətlə böyüyür. İstər ticarət, istər sənaye, istərsə də kənd təsərrüfatı sahəsində əməkdaşlıq mövcuddur. Eləcə də nəqliyyat-logistika sahəsində strateji layihələr həyata keçirilir. Özbəkistan üçün Azərbaycanın vasitəsilə Qara dənizə çıxış çox vacibdir.
Enerji sahəsində, məsələn, “Şahdəniz” qaz-kondensat yatağı layihəsində Özbəkistan şirkətinin iştirakı nəzərdən keçirilir. İnvestisiya yönümlü birgə fond yaradılıb. Bu fondun 500 milyon ABŞ dolları məbləğində kapitalı var və bu, çox böyük bir rəqəmdir. İqtisadi nazirliklər və hökumət səviyyəsində iki tərəfli və çox tərəfli müstəvidə münasibətlər mövcuddur.
Nəqliyyat və logistika sahəsində də çox geniş əlaqələr mövcuddur. Orta Dəhliz layihəsində Azərbaycan və Özbəkistan strateji tərəfdaşdır. Bu marşrut Asiya ilə Avropa arasında nəqliyyat körpüsü rolunu oynayır. Azərbaycanın coğrafi mövqeyi Özbəkistan üçün Avropa bazarlarına çıxış imkanı yaradır və bu, ticarət və tranzit baxımından çox vacib məsələdir.
Humanitar və təhsil əlaqələri də çox dərindir. Təhsil sahəsində əməkdaşlıq genişlənir. Universitetlər arasında əlaqələr mövcuddur, diplomların qarşılıqlı tanınması məsələsi artıq həll olunub. Mədəniyyət və insan əlaqələri kifayət qədər genişlənir. Ortaq türk mədəni irsi, eyni zamanda ortaq dil bazası mədəni təşəbbüslərin geniş formatda inkişafına imkan yaradır.
Özbəkistan azad edilmiş ərazilərdə, məsələn, Qarabağda bərpa işlərində iştirak edir, investisiyalar və humanitar layihələr həyata keçirilir. Bu iki tərəfli münasibətlərin geosiyasi əhəmiyyəti ondadır ki, əlaqələr Türk dünyasında strateji önəm daşıyır. Hər iki ölkə Türk Dövlətləri Təşkilatının fəal iştirakçısıdır.
Azərbaycan Orta Asiya, xüsusilə Özbəkistanla əlaqələri gücləndirməklə geoiqtisadi layihələrdə mühüm rol oynayan tərəf kimi çıxış edir. Tərəfdaşlığın genişlənməsi regional təhlükəsizlik və iqtisadi inteqrasiya baxımından da çox böyük gələcək perspektivlər vəd edir.
Beləliklə, Azərbaycan–Özbəkistan münasibətləri hazırda strateji tərəfdaşlıq mərhələsindədir və bu, təkcə siyasi deyil, həm də iqtisadi və tranzit sahələrdə çox ciddi əməkdaşlıq imkanları yaradır. Bu əməkdaşlıq, xüsusilə Orta Dəhliz kimi nəqliyyat layihələrinin dəstəyi ilə həm iqtisadi, həm də geosiyasi baxımdan böyük potensiala malikdir. Qarşılıqlı investisiyalar, birgə fondların yaradılması, enerji layihələri və mədəni mübadilə bu münasibətlərin dayanıqlı əsasını təşkil edir.
Azərbaycan–Özbəkistan ticarət-iqtisadi əlaqələrinə baxdıqda görürük ki, 2020-ci ildə iki tərəfli ticarət dövriyyəsi cəmi 111 milyon ABŞ dolları təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 350 milyon dollara çatıb. Bu, artımın çox yüksək templə getdiyini və son 4 ildə ticarət dövriyyəsinin 3 dəfə artdığını göstərir. Bu fakt, münasibətlərin bu sahədə dinamik inkişafının göstəricisidir.
Ticarətin strukturuna baxdıqda görürük ki, Azərbaycan Özbəkistana neft məhsulları, polad və metallurgiya məhsulları, kimya sənayesi məhsulları, qida, o cümlədən şirniyyat məhsulları və elektrik avadanlıqları ixrac edir. Özbəkistan isə Azərbaycana tekstil, kənd təsərrüfatı məhsulları (tərəvəz, meyvə), avtomobil hissələri, tikinti materialları və məişət texnikası ixrac edir.
İnvestisiya əməkdaşlığına gəldikdə, ən böyük addım Azərbaycan–Özbəkistan İnvestisiya Fondunun yaradılmasıdır və bu fondun ümumi kapitalı 500 milyon ABŞ dolları təşkil edir ki, bu da çox böyük rəqəmdir. Özbəkistanın Azərbaycandakı investisiyalarına baxsaq, bu ilk növbədə Ağdam Sənaye Parkı layihəsində iştirakı, kənd təsərrüfatı və istehsal müəssisələrinin yaradılmasında fəaliyyəti, turizm sektorunda bir neçə layihənin reallaşdırılması və Bakı yaxınlığında tekstil və yüngül sənaye sahələrində iştirakıdır. Nəqliyyat və tranzit – Orta Dəhliz məsələlərində də Özbəkistan kifayət qədər aktiv rol oynayır və Azərbaycanla birlikdə bu layihədə əsas tərəfdaş ölkələrdən biri kimi çıxış edir.
2025–2027-ci illərin proqnozu göstərir ki, ticarət dövriyyəsinin 2027-ci ildə təqribən 600 milyon ABŞ dollarına çatacağı planlaşdırılır. Eyni zamanda strateji-siyasi əməkdaşlığın daha da artımı gözlənilir.
Bir də qeyd etmək istərdim ki, Azərbaycan–Özbəkistan münasibətləri iki qardaş ölkə arasında qurulmuş münasibətlərdir və əminəm ki, gələcəkdə də Azərbaycan–Özbəkistan əlaqələri, istər Türk Dövlətləri Təşkilatı çərçivəsində, istər digər beynəlxalq qurumlar səviyyəsində, istərsə də iki tərəfli müstəvidə daha da dərinləşəcək və hər iki ölkə üçün lazımi faydanı verəcək.”