Məhəmməd Peyğəmbər Məkkədən Mədinəyə niyə hicrət etdi? - Tural İrfan yazır

Məhəmməd Peyğəmbər Məkkədən Mədinəyə niyə hicrət etdi? - Tural İrfan yazır
20 Sen 2024 09:47

İslam dini Ərəbistanın Məkkə şəhərində meydana gəldi. Ərəblərin Haşimi soyundan qəbilə başçısı, nüfuzlu şəxs Əbdül Mutəllibin oğlu Abdullahın oğlu olaraq dünyaya gələn Həzrət Muhəmməd salavatullaha 40 yaşında peyğəmbərlik missiyası verildi. 13 il Məkkədə müşrik və pərakəndə ərəblərə dini təbliğ etdi, ancaq ona və azsaylı müsəlmanlara ərəblər böyük məhrumiyyətlər yaşatdılar, işgəncələr verdilər. Bu 13 ilin böyük hissəsi baykot illəri, işgəncə illəri hesab olunur. Həmin illərdə ilk müsəlmanlardan bir çoxu dözməyib vəfat etdi, həmçinin Peyğəmbərin sevimli həyat yoldaşı, İslam uğurunda bütün varından keçən Həzrət Xədicə və Allah elçisini himayə edən əmisi Əbu Talib də vəfat etdi. İlk müsəlmanlardan iki dəstə xristian Həbəşistan ölkəsinə göndərildi. Onları orada Həbəş kralı Nəcaşi hörmətlə qarşılayıb onlara sığınacaq verdi. Fəqət Məkkədə qalmaq artıq Peyğəmbər üçün dözülməz idi və onu öldürmək üçün planlar qurmuşdular. Mədinədən gələrək İslamı qəbul etmiş bir qrup müsəlman isə onu öz şəhərlərinə dəvət edirdilər. Beləliklə Peyğəmbər öz yaxın silahdaşı və dostu Həzrət Əbu Bəkr ilə gecəykən Mədinəyə yola düşdü. O öz yerində əmisi oğlu İmam Əlini saxladı və ona əmanət edilmiş şeyləri və borcları qaytarmaq göstərişi verdi. Həzrət Əli müəyyən işləri yoluna qoyaraq o da yola düşdü və Mədinədə Peyğəmbərə yetişdi. 622- ci ilin sentyabr ayına təvafüq edən bu səfər hicrət deyildi ki, sonra müsəlman tarixi təqvimi də bu ildən başlayıb hesablanacaqdı.

Peyğəmbər Mədinədə xoş qarşılandı, günbəgün İslamı qəbul edənlərin sayı çoxalmağa başladı. Quranın böyük hissəsi Məkkədə 13 il ərzində nazil olmuşdu, qalanı da Mədinədə 10 il ərzində nazil oldu. Mədinə əhalisi Məkkə əhalisinə nisbətən daha mədəni və mülayim edilər. Bu dövrdə Peyğəmbər Mədinə əhalisindən qoşun toplayıb Məkkədən onların üstünə gələn müşrik ərəblərlə bir neçə savaş apardı.

Hicrəti zəruri edən əsas səbəb Məkkədə artıq Peyğəmbərin təbliğatının başa çatması və zülmün şiddəti idi. Həmçinin Mədinə əhalisinin onu dəvət etməsi. Həmin dövrdəki azsaylı Mədinə kişiləri Peyğəmbəri dəvət edib sonra da Mədinədə himayə altına aldılar, oradakı müşrik, xristian ərəblərdən, çoxsaylı və nüfuzlu yəhudilərdən qorudular. Amma təəssüf ki, sonralar Peyğəmbər nəvəsi İmam Hüseyni Kufəyə çağıran çoxsaylı "müsəlmanlar" onu himayə edib qoruya bilmədilər, əksinə düşmən tərəfə keçib onu və ailəsini qanına qəltan etdilər. Mədinə əhalisi bax belə mərd idi. Peyğəmbər sonra ailəsini, qızlarını da Mədinəyə gətirdi, demək olar ki, bütün müsəlmanlar Mədinəyə hicrət etdilər. Mədinəlilər onları yeməklə, evlə, miniklə təmin etdilər və digər zəruri lazımi ehtiyaclarını ödədilər. Həbəşistana hicrət etmiş müsəlmanlar da qayıdıb gəldilər və İslamın genişlənmə dövrü başladı. Hicrətin tarixi tərəfi olduğu kimi dini, şəriət ehkamı tərəfi də var. Belə ki, Peyğəmbərin həyatı, hərəkətləri, davranışı bütün müsəlmanlara örnək hökmündədir. Əgər müsəlmana öz dinini, həyatını yaşamaq mümkün olmazsa, ona təziq, təhqir, təhdid, zülüm olunarsa o öz yerindən başqa rahat məkana köçməlidir. Lap qeyri - müsəlman ölkəsi olsa belə. Çünki Peyğəmbər ilk müsəlmanları xristian Həbəşistana yollamışdı.

Məkkədən Mədinəyə gecə ikən yola düşən Peyğəmbərin yatağında Həzrət Əlinin yatdığı qeyd olunur. Müşriklər onu öldürmək üçün qərara gəlmişdilər. Hər tayfadan və hər qəbilədən də bir adam seçmişdilər ki, tək adamın üstündə qalmasın cinayət. Yəni, Peyğəmbərin qanının tökülməsinə hamısı şərik olsunlar. Ancaq onlar gecə Peyğəmbərin evinə daxil olduqda yatağın örtüyünü qaldıranda Peyğəmbəri yox, Həzrət Əlini gördülər. Əbu Talibin böyük nüfuzunun hətta öldükdən sonra da davam etməsi onların İmam Əliyə xəsarət yetirmələrinə mane oldu. Həm də onlar Əlini deyil, Peyğəmbəri öldürməyə and içmişdilər. Əli onlara yalan danışmadı. Dedi, siz onu incitdiniz, o da çıxıb getdi. Peyğəmbər isə dostu Əbu Bəkrlə ona məxsus dəvələrlə, bir nəfər də bələdçinin iştirakı ilə yola çıxmışdılar. Onlar gecə yol gedir, gündüz isə mağaralara sığınırdılar. Çünki ərəblər onları axtarırdılar. Hətta onların mağarada olduqları zaman düz qapıya qədər gəlib çıxdıqları qeyd olunur ki, o zaman Əbu Bəkr bərk qorxmuşdu. Ancaq Allah müşriklərin yönünü oradan başqa istiqamətə döndərdi. Beləliklə onlar sağ - salamat Mədinəyə yetişdilər. Digər müsəlmanlar da tədricən gəlirdilər, ancaq ərəblər bu dəfə də onların Məkkədən ayrılmasına mane olurdular. Hətta Peyğəmbərin böyük qızı Həzrət Zeynəbi hicrət edərkən yolda İbn Əsbəd adlı bir müşrik nizə ilə miniyində yaralanmışdı. O yaralı vəziyyətdə Mədinəyə çatsa da bətnindəki uşağı ziyan etmişdi. Özü də bu yaradan heç zaman sağlamadı və bir müddət sonra gənc yaşında vəfat etdi. Mənbələrə görə bu namərdlik Peyğəmbərə çox pis təsir etmiş və kim İbn Əsvədi tutsa diri - diri yandırsın, demişdi. Anacaq qəzəbi soyuyandan sonra "yandırmaq Allahın işidir, qılıncla öldürsün" demişdir. Çünki İslam şəriətində günahsız adam öldürən şəxsin də qisas olaraq öldürülməsi vacibdir, hətta qatil müsəlman da olsa belə.

Yəni, müsəlmanlar belə çətinliklərlə üzləşirdilər. Məkkə dövrü isə daha da işgəncələrlə, zülüm və əzablarla doludur. Məkkədə Peyğəmbərdən hətta öz yaxınları, əmiləri üz döndərmişdi, ona düşmən kəsilmişdilər. Lakin bir əmisi Həzrət Həmzə İslamı qəbul edərək ona dəstək olmuşdu. Həzrət Ömər də qırxıncı müsəlman idi və onun da nüfuzu böyük idi. O da İslamı müdafiə edənlərdən idi. Nüfuzlu şəxslər İslamı qəbul etdikcə Məkkə müşrikləri daha da narahat olur, onlara təzyiqi artırırdılar, iqtisadi basqılar tətbiq edirdilər. Bir neçə il müsəlmanları Əbu Talib dərəsi deyilən vadidə həbs etmişdilər. Onlara yemək, içmək, geyim aparanları da təqib edir, incidirdilər. Peyğəmbərin həyat yoldaşı və əmisi də bu həbs zamanı vəfat etmişdilər.

Hicrətin İslam tarixində böyük rolu olub. Demək olar ki, İslam dini hicrətdən sonra ayaq açıb, başqa bölgələrə də yayılıb.

Tural İrfan, MCP sədrinin müavini


Youtube kanalımız

Oxşar xəbərlər