Xəbər verdiyimiz kimi Ukrayna müharibəsi başlayandan bir müddət sonra döyüşlərə məhbuslar da cəlb olunmağa başladı. Bu işdə daha çox ruslar fəallıq göstərirlər. Əsir düşmüş ukraynalı döyüşçü Sergey Belyakov Rusiya mediasına maraqlı açıqlama verib. O, bildirib ki, həbsxanada cəza çəkməyi sevmədiyi üçün döyüşlərə qatılıb.
Belyakovun sözlərinə görə, o, üç dəfə türmə həyatı yaşayıb və dördüncü dəfə "yatan" zaman döyüşlər başlayıb.
"Birinci dönəmdə "mujik" kimi cəza çəkirdim. Sonra ikinci dəfə içəri düşdüm və yenə eyni statusda oldum. Üçüncü müddət ərzində idə mənim statusumu bir az aşağı saldılar. Təmizlikçi idim, yemək bişirirdim və s. Bu mənim xoşuma gəlmədi. Ona görə də Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq qərarına gəldim. Üstəlik, tam amnistiya verəcəkdilər, mən sıfırdan təmiz adam olacaqdım", - deyə hərbi əsir fikirlərini jurnalistlərlə paylaşıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural