MEDİA-dan "The Independent", "The Guardian" və "BBC" ilə bağlı BƏYANAT

MEDİA-dan "The Independent", "The Guardian" və "BBC" ilə bağlı BƏYANAT
20:20

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Böyük Britaniyanın "The Independent" və "The Guardian" qəzetlərində, həmçinin "BBC" yayım korporasiyasının rus dili xidmətində Azərbaycanla bağlı yayımlanan materiallara münasibət bildirib.

News365.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin yaydığı bəyanatda bildirilib:

"Son günlər Böyük Britaniyanın "The Independent" və "The Guardian" qəzetlərində, habelə "BBC" yayım korporasiyasının rus dili xidmətində Azərbaycan Respublikası ilə bağlı həqiqətə uyğun olmayan və ictimai rəyi çaşdırmağa yönəlmiş materiallar dərc edilmişdir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bildirir ki, aşkar birtərəfli yanaşma və mülahizələrə əsaslanan bu yazılar ölkəmizin beynəlxalq imicini hədəf alan məqsədli informasiya kampaniyasının tərkib hissəsi təəssüratı yaradır.

Məqalə müəllifləri mövzunu balanslı və obyektiv araşdırmaq, eləcə də qarşı tərəfin rəsmi münasibətini öyrənmək üçün hər hansı addım atmamış, sadəcə öz subyektiv mülahizələrinə əsaslanan tezisləri ictimaiyyətə təqdim etməyə üstünlük vermişlər. Bu isə sözügedən materialların müəyyən lobbi dairələrinin maraqlarından irəli gələn siyasi sifariş xarakteri daşıdığına dair ciddi şübhələr yaradır və dərin təəssüf doğurur.

Ölkəmizin suverenliyinə, daxili və xarici siyasətinə, habelə beynəlxalq nüfuzuna kölgə salmaq məqsədi daşıyan bu kimi halların aidiyyəti üzrə araşdırılması və zəruri addımların atılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir.

Bir daha adı çəkilən media qurumlarını ("The Independent", "The Guardian" və "BBC") bəyan etdikləri peşə prinsiplərinə sadiq qalmağa, Azərbaycan haqqında birtərəfli, qərəzli və həqiqətə uyğun olmayan materialların dərcindən çəkinməyə, eləcə də jurnalist etikasına uyğun olaraq tərəfsiz informasiya təminatını bərpa etməyə dəvət edirik".


Sizin reklam burada
Sizin reklam burada