Kürdlərin muxtariyyəti gələcəkdə müstəqilliyə gedən yolu aça bilər

Kürdlərin muxtariyyəti gələcəkdə müstəqilliyə gedən yolu aça bilər
11:32

Suriyada SDQ/YPG ilə Dəməşq arasında aparılan danışıqlar bölgədə uzun müddətdir gərginlik yaradan məsələlərə yeni istiqamət verə bilər. 

Politoloq Turan Rzayev News365.az-a bildirib ki, Suriyada SDQ/YPG ilə Dəməşq arasında aparılan danışıqlar kürdlərin muxtariyyət əldə etməsinə və gələcəkdə müstəqilliyə gedən yolların açılmasına imkan verə bilər. Onun sözlərinə görə, bu proses həmçinin İraqla paralel və koordinasiyalı şəkildə irəliləyir.

Məlumata görə, SDQ/YPG rəhbəri Məzlum Abdi ilə Suriyanın xarici işlər naziri Həsən Şeybani arasında telefon danışığı baş tutub və bir müddətdir mübahisəli qalan məsələlər üzrə ilkin razılaşma əldə olunub.

Razılaşmaya əsasən, SDQ/YPG bölgələrində qismən muxtar idarəetmə forması saxlanacaq. Qruplaşma Suriya ordusuna üç diviziya şəklində inteqrasiya olunacaq, digər birləşmələr isə ləğv ediləcək. Bundan əlavə, SDQ/YPG üzvlərindən biri müdafiə nazirinin müavini vəzifəsinə təyin olunacaq, lakin həmin şəxsin Məzlum Abdi olmayacağı qeyd olunur.

Həsəkə və Qamışlıda idarəetmə kürd administrasiyasında qalacaq. Sərhəd keçid məntəqələri və neft yataqları isə Dəməşqə təhvil veriləcək, lakin bu obyektlərin idarə olunmasında kürdlərdən ibarət heyət Suriya hökumətinin komandanlığı altında çalışacaq.

Kürd dili Suriyada regional xüsusi status qazanacaq, Novruz isə dövlət tərəfindən milli bayram kimi qeyd ediləcək. Həmçinin vətəndaşlıqdan məhrum edilmiş kürdlərin vətəndaşlığı bərpa olunacaq və Həsəkəyə rəsmi Dəməşq tərəfindən valisi təyin ediləcək.

ABŞ-ın Suriyadakı xüsusi nümayəndəsi və Türkiyədəki səfiri, eləcə də CENTCOM heyəti SDQ lideri və digər kürd liderlərlə görüşlər keçirib. ABŞ Suriyadakı qüvvələrini çıxararkən silahların SDQ/YPG-yə verilməsini davam etdirəcək.

Razılaşmanın bəzi maddələri hələ də mübahisəli olaraq qalır və rəsmi şəkildə təsdiqlənməyib. SDQ/YPG üç diviziya şəklində inteqrasiyada israrlıdır ki, bu da onların strukturunun qismən qorunmasına imkan verəcək.



Sizin reklam burada
Sizin reklam burada