Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası tərəfindən təsdiq edilib.
News365.az xəbər verir ki, Yol xəritəsinə görə, cari ilin 1 may tarixinə qədər kommunal qurumlar üzrə vahid abunəçi kodu mexanizmi yaradılması və Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin formalaşdırılması ilə bağlı konseptual sənədin hazırlanması planlaşdırılır.
Məlumata görə, bu ilin 1 dekabr tarixinə qədər, abonentlərin fərdi identifikasiya nömrəsi (FİN) üzrə məlumat bazasının mötəbərliliyinin 90%-ə çatdırılması, eyni zamanda abonentlərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) üzrə məlumat bazasının mötəbərliliyinin 70%-ə yüksəldilməsi və bu istiqamətlərdə görüləcək işlərlə bağlı tədbirlər planının hazırlanması və görülmüş işlərə dair rüblük hesabatın Komissiyaya təqdim olunması nəzərdə tutulur.
Qeyd edilib ki, cari ilin 1 dekabr tarixinə qədər, abonent məlumat bazasında ünvan reyestr məlumatlarının tətbiqi üzrə mötəbərliliyin 90%-ə çatdırılması, müxtəlif dövlət və özəl informasiya sistemlərinin dəstəyi ilə kommunal xidmətlər abonent bazasının dürüstləşdirilməsi (ÜRİS, FİN, VÖEN, Kommunal qurumlarının abonent informasiya sistemləri, Kommunal qurumlarının coğrafi informasiya sistemləri) planlaşdırılır