Kiyevdə güclü partlayışlar metroya ziyan vurub

Kiyevdə güclü partlayışlar metroya ziyan vurub
10:05

Ukraynada güclü partlayışlar baş verib. Bu barədə yerli media məlumat yayıb. Ukrayna paytaxtının meri Vitali Kliçko isə özünün Telegram kanalında yazıb ki, partlayışlar nəticəsində Kiyevin Şevçenkivski rayonunda yerləşən "Lukyanovskaya" metrostansiyasının girişi zədələnib. 

“Ora (Lukyanovskaya metro stansiyası — red.) indi giriş-çıxış üçün bağlıdır. Qatarlar dayanmadan işləyir", - şəhər meri deyib. 

Yanvarın 18-də səhər saatlarında Ukraynanın TSN telekanalı da Kiyevdə bir neçə partlayışın baş verməsi barədə məlumat yayıb. Vəziyyəti şərh edən Kliçko paytaxtda hava hücumundan müdafiə sistemlərinin işə salındığını bildirib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural