Kiyevdə gizli rus məktəbi qalmaqalı: uşaqlara...

Kiyevdə gizli rus məktəbi qalmaqalı: uşaqlara...
13:12

Ukraynanın paytaxtı Kiyevdə qanunsuz fəaliyyət göstərən rusdilli məktəb aşkar edilib.“Slidstvo.İnfo” jurnalist araşdırma qrupunun məlumatına görə, Ukrayna Pravoslav Kilsəsinin Moskva Patriarxatına bağlı monastırlarından birinin nəzdində gizli məktəb fəaliyyət göstərib.

Araşdırma zamanı məlum olub ki, bu məktəbdə uşaqlara sovet dövrünə aid dərsliklər əsasında tədris aparılıb, əsas diqqət isə rus dilinin öyrədilməsinə yönəldilib. Jurnalistlərin əldə etdiyi faktlar göstərir ki, dərslər rəsmi icazə olmadan və dövlət təhsil standartlarından kənar şəkildə təşkil edilib.

Məlumata görə, fakt üzə çıxdıqdan sonra Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Təhsil və Elm Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayıb. Hazırda məktəbin hansı müddətdir fəaliyyət göstərdiyi, neçə uşağın bu tədris prosesinə cəlb olunduğu və təşkilatçıların kimliyi dəqiqləşdirilir.

Ukrayna mediası qeyd edir ki, müharibə şəraitində belə bir məktəbin fəaliyyəti yalnız təhsil qanunvericiliyinin pozulması deyil, eyni zamanda informasiya və ideoloji təhlükəsizlik baxımından ciddi risk kimi qiymətləndirilir. Ekspertlər hesab edirlər ki, sovet dərslikləri və rusdilli tədris Ukraynanın dövlət siyasətinə və milli təhlükəsizliyinə ziddir.

Xatırladaq ki, Ukraynada son illər ərzində rus dilində təhsilin məhdudlaşdırılması və sovet ideoloji irsindən imtina dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu baxımdan Kiyevin mərkəzində gizli məktəbin fəaliyyət göstərməsi cəmiyyətdə ciddi rezonans doğurub.

Hazırda hüquq-mühafizə və təhsil qurumları yoxlamaları davam etdirir. Araşdırmaların nəticələrinə əsasən, məsul şəxslər barəsində cinayət və inzibati tədbirlərin görüləcəyi istisna edilmir.


Sizin reklam burada
Sizin reklam burada