Hər il Ramazan ayında bir çox suallar gündəmə gəlir. Ən çox verillən suallardan biri uşaqların oruc tutması ilə bağlıdır. Uşaqların oruc tutması qəbulolunandırmı? Ümumiyyətlə neçə yaşından sonra uşaqlar oruc tuta bilərlər?
News365.az-ın qonağı olan İlahiyyatçı Tural İrfan bu suallara cavab verib:
“İslam
dininə görə uşaqlar həddi-büluğ yaşına çatdıqda mükəlləf hesab edilir. İslamda konkret
olaraq uşağın neçə yaşında həddi-büluğa çatdığı göstərilməyib. Bu fiziki, və
zehni inkişafdan asılıdır. Bəziləri 18, bəziləri 16, bəziləri də daha tez həddi-büluğa
çata bilər. Qurani-Kərim yaş göstərmədən inasnın rəşit olma çağını qeyd edir.
Bu da uşağın əqli kamillik dövrünə qədəm
qoyduğu vaxta deyilir. Əgər uşaq zehni və fiziki olaraq buna hazırdırsa, oruc
tuta bilər. Yəni uşaq ibadətin mahiyətini anlaya bildiyi yaşa çatmalıdır”.
Tural İrfan onu da qeyd edib ki, uşaqları oruc tutmağa məcbur etmək olmaz:
“Əgər uşaq buna hazır olmadığı halda oruc tutursa, valideynlər onun bunu etməyə
məcbur olmadığını könlünü qırmadan ona izah etməlidirlər. Könül qırmaq olmaz. Amma
bundan da böyük günah uşağı oruc tutmağa məcbur etməkdir. Bəzi dindarlar özləri
oruc tutduqda həddi-büluğa çatmamış uşaqlarını da buna məcbur edirlər. Bu yaxşı
hal deyil. Heç bir dini mənbədə azyaşlıların oruc tutmalı olduğu göstərilməyib”.