Hər günün öz iftar duası var?

Hər günün öz iftar duası var?
17:45

Son illər Ramazan ayında bəzi dindarlar hər günə aid xüsusi dualların olduğunu deyir və bu dualları əvvəlcədən müxtəlif media orqanlarında yayımlayırlar. Bəs Quranda nə deyilir? Həqiqətənmi Ramazan ayında hər günün öz iftar duası var?

Bu suala News365.az-ın qonağı olan İlahiyyatçı Tural İrfan cavab verib:

“Bəzi din adamları müxtəlif əlavələr edərək sadə dini anlayışları qəlizləşdirirlər. Hər iftar günündə ayrı bir dua edilməli olduğunu deyənlər də belələridir. Qurani-Kərimdə belə anlayış yoxdur. Bununla bağlı müqəddəs kitabda sadə bir cümlə var “Allahım mənim tutduğum bu orucu qəbul et”. Bu qədər. İnsan zamana və şəraitə görə dua etməlidir. Qarşılaşdığı çətinliklərin həllində allahdan yardım istəməlidir. Belə olanda Allah onun dualarının gerçəkləşməsinə yardımçı olar. Kiminsə yazdığı şablon duanı oxumağın heç bir mənası yoxdur”.

 İlahiyyatçı bəzi adamların ərəb dilində mənasını başa düşmədiyi dualar oxuması mövzusuna da toxunub. O bildirib ki, insan allaha nə dua etdiyini ilk növbədə özü anlamalıdır:

“Allaha edilən dua səmimi qəlbdən gəlməlidir. Duaların ərəb dilində edilməli olduğunu deyənlərin niyyəti dini ayinlərin çətin yerinə yetirildiyini, hər adamın bu işlərdən baş aça bilməyəcəyini göstərməyə çalışmaqdır. Bu da keçmişdə yaranan ruhaniyə sisteminin fəsadlarıdır. Onlar insanların mollalara müraciətini artırmaq məqsəd ilə bunları ediblər. Bu əməllərinin arxasında qazanclarını artırmaq məqsədi dayanıb. Bu böyük günahdır. Allahını sevən dim xadimi İslamın anlaşılmasını sadələşdirməyə çalışmalıdır, qəlizləşdirməyə yox”.


Sizin reklam burada
Sizin reklam burada