“Bu gün gözəlliyin standartlarını günün reallığı yox, sosial şəbəkələr müəyyən edir. Kimlər daha çox sosial şəbəkədə təqdir edilirsə, izlənilirsə gənclər də onlara oxşamağa çalışırlar. Biri ombasını, birisi sinəsini böyüdür. Hələ sifət cizgilərini dəyişdirənləri demirəm. Bu gün 25 yaşına çatmamış qızların böyük əksəriyyəti sifətində əməliyyat etdirib. Kimisi burnunu kiçildib, kimisi də dodağını böyüdüb. Bu gözəlləşmək deyil, bu sadəcə trendə qoşulmaqdır”.
Bunu News365.az-a açıqlamasında psixoloq Gülnar Orucova deyib.
O bildirib ki, müəyyən yaşa çatmış ixtiyari şəxs özünə kompleks hesab etdiyi nələrdənsə qurtulmaq üçün estetik əməliyyat etdirə bilər:
“Amma burda pis olan nədir? Pis olan odur ki, bəzi həkimlər onlara müraciət edən istənilən adamı əməliyyata götürürlər. Və tez-tələsik alınan qərarlar da çox zaman müəyyən xoşagəlməz nəticələrlə yekunlaşır. Estetik əməliyyatın müəyyən bir yaşı olmalıdır. 18-20 yaşda estetik əməliyyat etdirmək doğru deyil. Amma 40-50 yaşda bunu edənləri qınamaq da düzgün olmaz. Təəssüf ki, indiki gənclik çox zaman özlərindəki hansısa qüsuru aradan qaldırmaq üçün yox, kiməsə oxşamaq üçün cərrah bıçağı altına yatırlar. Nədir-nədir, hansısa orqanları hansısa məşhurun orqanına bənzəyəcək. Təəssüf ki, indi daha çox gənc xanımlar məhz bu səbəbə görə lüzumsuz yerə əməliyyata girirlər. Hətta kişilərin xoşuna gəlmək üçün də əməliyyat etdirənlər də az deyil.
Amma onlar bir məqamı unudurlar ki, cavan yaşda edilən estetik əməliyyatların sonradan çox ciddi fəsadları olur. Çünki, ən azı 25 yaşadək insan orqanizmində böyümə gedir. Vaxtsız müdaxilə bu inkişafı zədələyir. Və sonradan həmin adam ömrüboyu bu fəsadların aradan qaldırılması üçün mücadilə edir. Və çox zaman da mücadilə faydasız qalır.
S.Cəfərli, News365.az