Moldovanın keçmiş prezidenti, Moldova Sosialist Partiyasının lideri İqor Dodon "Georgi lenti" taxdığı üçün polisə çağırılıb. Bu barədə o, özünün Telegram kanalında məlumat verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Dodonu "Georgi lenti" ilə Kişinyovda Qələbə yürüşündə olduqdan sonra sorğu-sual etmək istəyiblər.
"Mən Qələbə simvollarından yalnız Maya Sandu (Moldova Prezidenti – red.) və PAS bunu istədiyi üçün imtina etmək fikrində deyiləm. Böyük Vətən Müharibəsində özlərini məğlub hesab edənlərdən fərqli olaraq, biz qaliblərin nəslinin qorxacaq heç nəyi və heç kimi yoxdur", - o yazıb.
Dodon polisin çağırış məktubunu da paylaşıb.
Qeyd edək ki, Sandu hakimiyyətə gəldikdən sonra Moldovada lent taxmağa görə cərimə 4,5-9 min ley (260-520 dollar) arasında dəyişir.
"Georgi lenti" Rusiyanın imperiya simvollarından biri sayılır.
1769-cu ildə imperatriça II Yekaterina tərəfindən təsis olunub və Rusiya üçün qəhrəmancasına savaşan rus əsgərlərinə verilən mükafatlar onun üzərinə vurularaq, təqdim olunurmuş. Lent Böyük Vətən Müharibəsindən sonra təşkil olunan paradlarda istifadə olunur.
Tural