Jurnalistlər məhkəməyə göndərildi

Jurnalistlər məhkəməyə göndərildi
10 Apr 2025 23:40

İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində jurnalistlər Timur Soykan və Murat Ağırəl saxlanılıb. Onlara qarşı “hədə-qorxu” və “şantaj” ittihamları irəli sürülüb. Jurnalistlərin evlərində axtarış aparılıb və rəqəmsal avadanlıqlar müsadirə edilib.

Soykan və Ağırəl prokurorluq ifadəsi alınmadan birbaşa həbs tələbi ilə məhkəməyə göndərilib. Jurnalistlərin ifadələrinin bu gün günorta saatlarında alınacağı gözlənilir.

Məlumata görə, qara pul yuma ittihamı ilə həbs olunan Flash TV-nin sahibi Erkan Kork 2024-cü ilin dekabr ayında Timur Soykan və Murat Ağırəl haqqında şikayətçi olub. Korkun 7 aprel tarixində əlavə ifadə verməsinin ardından prokurorluq tərəfindən jurnalistlər barəsində saxlanma qərarı verilib.

Prokurorluq tərəfindən yayımlanan açıqlamada bildirilib ki, Flash TV-nin satışı ilə bağlı Murat Ağırəl və Timur Soykanın təhdid və şantaj etdikləri iddiası ilə araşdırma başladılıb. Onlar haqqında Türkiyə Cinayət Məcəlləsinin 106/1 (hədə-qorxu) və 107/1 (şantaj) maddələri üzrə cinayət işi açılıb.

Sağlamlıq müayinəsinə aparıldılar
Timur Soykan saxlanıldıqdan sonra Bayrampaşa Dövlət Xəstəxanasında tibbi müayinədən keçirilib və daha sonra polis idarəsinə aparılıb.

Xəstəxanadan çıxarkən Soykanın “Mafiyalar uduzacaq, xalq qazanacaq. Bütün bunlar bitəcək” dediyi eşidilib.

Murat Ağırəlin vəkilindən açıqlama
Ağırəlin vəkili Enes H. Ermaner prokurorluğun müvəkkilinin ifadə verməyə gələcəyini bilməsinə baxmayaraq, saxlanma qərarı çıxarmasının qanunsuz olduğunu bildirib.

Vəkil Ermaner:
"İfadə üçün razılaşan və könüllü gələcəyini bildirən şəxslər haqqında saxlanma qərarının çıxarılması qanuna zidd olmaqla yanaşı, açıq şəkildə 'Düşmən Cəza Hüququ' tətbiq olunduğunu göstərir", – deyə vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada