İslamın ilk şərti nədir? - Tural İrfan yazır

İslamın ilk şərti nədir? -  Tural İrfan yazır
03 İyl 2024 13:27

Dini xurafat dini radikalizm qədər təhlükəlidir. Çünki çox zaman radikalizm də xurafatın içində, cəhalətin qoynunda cücərir, boy atır.

Çox təəssüf ki, bəzi insanlar da dini öyrənərkən elmi yönlərə meyllənmək yerinə xurafat istiqamətinə daha tez üz tuturlar.

Elm dəqiqliyə, məntiqə əsaslanır. Xurafat isə mövhumata və zahirdə möcüzə kimi görünən aldadıcı illüziyalara bürünüb.

Peyğəmbərin özü də dini bilikləri elmlə tutuşdurmağı lazım bilib. O, elmə çağırarkən "dini elm" ifadəsi işlətməyib. Ümumiyyətlə "elm öyrənin" deyib, hətta Çində də olsa beşikdən qəbrədək elm öyrənməyi vacib sayıb. Quranın ilk ayəsi oxumağı əmr edir. Quranda yüzlərlə ayə insanları düşünməyə, fikirləşməyə, ağıl, məntiq işlətməyə səsləyir.

Bir saat elm öyrənmək altmış illik ibadətdən üstün sayılıb, alimin yuxusu cahilin ibadətindən fəzilətli hesab edilib dini mətnlərdə. Ancaq cəhalət, xurafat, hətta guşənişinlik, tərkidünyalıq tənqid olunub.

Belə ki, insanın fizika, kimya, astronomiya, biologiya kimi elmlərə ayırdığı zaman İslam dininə görə ibadət hesab edilir. Odur ki, övladlarınızı elmə, məktəbə yönəldin ki, onlar savadlı dindar olsunlar. Elmsiz və cahil müsəlman ya xurafatçı, ya da radikal və zərərli insan olacaq.

İslamın ilk şərti elm və oxumaqdır. Ancaq bu şərti təhrif edib ilk şərti namaz və oruc ediblər. Bununla da dini elmdən, İslamı dünyadan ayırıblar. Dini kəsimi dünyəvi elmlərdən, ictimai məsələlərdən təcrid ediblər xurafatçı din alimləri.

Ancaq ağlı başında olan adam anlayır ki, Allahın ilk əmri Quranda "oxu" dur.

Tural İrfan, MCP-sədrinin müavini, ilahiyyatçı


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər