İslamı fəlsəfəsindən ayrı tutanlar... - Tural İrfan yazır

İslamı fəlsəfəsindən ayrı tutanlar... - Tural İrfan yazır
09:22
İslamda islahatlar dinin əslini, mahiyyətini təhrif etmədən aparılmalıdır. Əksinə dinin fəlsəfi mahiyyətinə, həqiqi cövhərinə qayıtmaqla icra edilməlidir. Bəziləri dinin əslinin daha əski və mühafizəkar, cəhalətə meylli olduğunu zənn edir. Əslində belə deyil. Peyğəmbərlərin gəlmə səbəbi reformdur. Əvvəlki köhnə qanunları və adətləri yeniləməkdir. Necə ola bilər ki, özləri reform üçün gələn peyğəmbərlər doqmatik qaydalar qoyaraq sonra cəmiyyəti durğunluğa sövq etsinlər? Bu, mümkün deyil. Su da bir yerdə çox qalanda qoxuyur. Şəriət elmi və dini məntiqlə əsaslandırıb izah edilməlidir, sübut olunmalıdır. Müasir insanın tələblərinə cavab verən üsulda tətbiq edilməsə dinin fəlsəfəsi, cövhəri məhv olmaq təhlükəsi ilə üz - üzə qalacaq. Cahil, xurafatçı və avam kütlənin həşir salmasına aludə olmaq olmaz.
İslam dini öz dövrünün bütün müasir tələblərinə cavab verirdi; əsasları Allah tərəfindən elə tərtib və təşkil olunmuşdu ki, sonrakı dövrlərin də müasir tələblərinə cavab verəcəkdi. Sadəcə mühafizəkar, radikal xurafatçılar bunun qarşını aldılar və dini yalnız nazil olduğu dövrdə təsəvvür etdikləri kimi təqdim etdilər. Çarıq və patava, əba və saqqalla təbliğ etdilər.
Halbuki Allahın ilk əmri elm öyrənməyi vacib edirdi. Peyğəmbərin sünnəti əxlaq, mədəniyyət, irfan, inkişaf müasirliyi tələb edirdi.
"Oxu yaradan Rəbbinin adı ilə, o Rəbbin ki, insanı laxtalanmış qandan (embrion) yaratdı." (Ələq surəsi - 1-2) İlk nazil olan ayələr göründüyü kimi anatomiyaya diqqət çəkir. Sonrakılar biologiya, zoologiya, coğrafiya, astronomiya, fizikanın vacib olduğunu əmr edir. "Dəvəyə baxmırlarmı necə xəlq edilib? Səmaya baxmırlarmı necə ucaldılıb? Dağlara baxmırlarmı necə dikəldilib? Yerə baxmırlarmı necə döşədilib?" (Ğaşiyə surəsi)
İnancını elmlə əsaslandıra, sübut edə bilməyən şəxs necə mömin ola bilər? Söyüş və təhqirlə din sübut edilməz axı...
Hər şeydən öncə insanlara dünyəvi elmlərin vacib olduğunu sübut etmək lazımdır. Və dinin təməllərinin bundan başladığını anlatmaq gərəkdir. Anlatmaq lazımdır ki, cahil və savadsız adam heç zaman dininə doğru inanıb düzgün yaşaya bilməz. Çünki dövr, zaman bilgili, savadlı olmağı tələb edir.
Tural Irfan, ilahiyyatçı

Sizin reklam burada
Sizin reklam burada